Dünya

Ukraynanın əks-hücum əməliyyatı: Əsas istiqamətlər açıqlandı

Sharing is caring!


Ukrayna ordusu son günlər cəbhədə ən azı üç istiqamət üzrə əks-hücum əməliyyatları həyata keçirib və müəyyən uğurlar əldə edib.

Bu barədə Amerika Müharibələrin Tədqiqatı İnstitutunun (ISW) hesabatında məlumat verilib.

Məlumata görə, iyulun 15-də yayımlanan geolokasiya kadrlarında Ukrayna qüvvələrinin Staromayorskoyedən şimal-qərbdə (Velikaya Novoselkadan 9 km cənubda) müəyyən irəliləyişlərə nail olduqları görüntülənib. Ukrayna Silahlı Qüvvələri, həmçinin, Berdyansk istiqamətində də bir kilometr məsafədə irəliləyiblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Ukrayna qoşunları Melitopol istiqamətində də əks-hücum əməliyyatlarını davam etdiriblər. Bundan əlavə, Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, Ukrayna qüvvələri Baxmut bölgəsində hücumu davam etdirir və Baxmut cinahlarında yeni mövqeləri Rusiya quru qoşunlarının hücumlarından müdafiə edirlər.

Bəzi rus mənbələri iddia edirlər ki, Ukrayna qoşunları Zaliznyanskoyeni (Baxmutdan 13 km şimalda), Kleşiyevka yaxınlığındakı yüksəkliklərin bir hissəsini (Baxmutdan yeddi km cənub-qərbdə) və Andreyevkanın qərbində (Baxmutdan 10 km cənubda) möhkəmləndirilmiş ərazini azad ediblər.

ISW ekspertlərinin fikrincə, yay əks-hücum əməliyyatı başlayandan, yəni iyunun 4-dən iyulun 9-dək Ukrayna Silahlı Qüvvələri təxminən 253 kvadratkilometr ərazini işğaldan azad ediblər.

Həmçinin bildirilib ki, Ukrayna qüvvələri Luqansk vilayətinin işğal olunmuş hissəsində Rusiyanın arxa cəbhəsini atəşə tutmağa davam edirlər.

Eyni zamanda, Rusiya mənbələrinin iddiasına görə, Ukrayna ordusu Xerson vilayətinin şərq sahillərində Antonov körpüsü ərazisində əməliyyatlarını davam etdirir.

Rusiya rəsmiləri o cümlədən Ukrayna qüvvələrini iyulun 15-dən 16-na keçən gecə Sevastopol yaxınlığında Qara dənizdəki naməlum hədəflərə hava və dəniz pilotsuz təyyarələri ilə zərbələr endirmək cəhdində ittiham ediblər.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir