Dünya

Adam Amilov: “İsraildə Ermənistandan olan bir yəhudiyə də rast gəlməmişəm”

Sharing is caring!


Bir neçə gün əvvəl “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının IV Konqresində təşkilatın yeni prezidenti seçilib.

Bu vəzifəyə İsrailin Kiryat-Yam şəhərinin vitse-meri, Azərbaycanın Quba rayonunun Krasnaya Sloboda (Qırmızı Qəsəbə) kəndindən olan Adam Amilov təyin olunub.

İsrail Azərbaycan üçün ən əhəmiyyət kəsb edən ölkələrdən biridir. Bunun üçün İkinci Qarabağ müharibəsi zamanı effektivliyini nümayiş etdirən İsrail silahlarını xatırlamaq kifayətdir.

Eyni zamanda bir neçə aydır ki, İsraildə məhkəmə islahatları ilə bağlı etirazlar davam edir. Ölkə ərazisi bu yaxınlarda Qəzza zolağı istiqamətindən kütləvi atəşə məruz qalıb və İsrail hərbçiləri buna sərt cavab verib. Ayrı bir məqam isə İran təhlükəsidir. Bütün bunlar barədə Oxu.Az-a “Azİz”in yeni rəhbəri Adam Amilov öz fikirlərini bildirib.

Amilov həmçinin azərbaycanlıların İsrailin siyasi həyatında iştirakı, nə dərəcədə aktivlik nümayiş etdirdikləri məsələləri ilə bağlı da danışıb.

“Dərhal qeyd etmək istəyirəm ki, keçmiş SSRİ ərazisindən çıxanların siyasi fəallığı ümumilikdə bütün israillilərdən bir qədər aşağıdır. Bunun nə ilə bağlı olduğunu söyləmək mənim üçün çətindir. Ola bilsin bu, sovet dövründən beyinlərə kök salan fikirdən irəli gəlir ki, bir səs heç bir əhəmiyyət kəsb etmir, mənsiz də qərar verə bilərlər.

Azərbaycanlılara gəlincə, İsraildə onların sayı 70-80 min nəfər təşkil edir. Bizdə Maalot-Tarşixa şəhərinin meri, Bakı sakini Arkadi Pomeranes var. Həmçinin Yokneam şəhər merinin müavini Roman Peres var ki, yaxın zamanda bələdiyyə seçilə bilər. Mən varam – Krasnaya Sloboda sakini, Kiryat-Yamın vitse-meri. Eyni zamanda şəhər şuralarının deputatları var və s.”, – deyə o qeyd edib.

İsraildə Ermənistandan olan yəhudilərə rast gəlib-gəlməməsi və onların hansı dərəcədə aktiv olduqları ilə bağlı suala cavabında Adam Amilov bildirib ki, onlarla qarşılaşmayıb.

“Ola bilsin ki, İsraildə Ermənistandan gələn yəhudilər var, ancaq mən onlardan heç biri ilə qarşılaşmamışam”, – deyə o nəzərə çatdırıb.

İsrailin Hayfa şəhərində “erməni soyqırımı”nın xatirəsinə açılan meydan, tezliklə “böyük qətliam” qurbanlarının, həmçinin Petah Tikva şəhər meriyasının “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldacağı abidə barədə şərh verən Amilov onun şəhəri Kiryat-Yamda bu qəbildən hər hansı cəhdlər edilmədiyini qeyd edib.

“Azİz”in yeni prezidenti İsraildə hazırkı baş nazir Benyamin Netanyahu tərəfindən irəli sürülən məhkəmə islahatlarına qarşı aylardır davam etirazlar aksiyaları haqqında da fikrini bildirib. Həm Ali Məhkəmənin qanunvericilik və icra orqanlarının qərarlarına təsir imkanından məhrum edilməsinin tərəfdarları, həm də bunun əleyhinə olanların küçələrə çıxdığı bir zamanda azərbaycanlılar arasında da belə parçalanmaların olub-olmaması ilə bağlı danışan Adam Amilov vurğulayıb ki, Azərbaycandan olanlar birmənalı şəkildə bu və ya digər siyasi qüvvəyə səs vermirlər.

“Burada hər şey qəlizdir. “Likud”a (hazırkı baş nazir Benyamin Netanyahunun partiyası) səs verən, lakin məhkəmə islahatlarına qarşı çıxan insanlar var. Həmçinin də əksini edənlər var. Amma dəqiq statistika təbii ki, yoxdur. Ümumiyyətlə, Azərbaycandan olanlar İsraildə birmənalı olaraq bu və ya digər siyasi qüvvəyə səs vermirlər. Söhbət hər bir konkret insanın şəxsi mövqeyindən gedir”, – deyə Adam Amilov əlavə edib.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir