Dünya

Portuqaliya prezidenti: “Kölə ticarətinə görə üzr istəməli və məsuliyyəti üzərimizə götürməliyik”

Sharing is caring!


“Portuqaliya transatlantik kölə ticarətindəki roluna görə üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir”.

Bu sözləri Portuqaliya Prezidenti Marselo Rebelo de Souza deyib.

Marselo Rebelo de Souza ölkədə diktaturanın devrildiyi 1974-cü il Qərənfil İnqilabının 49-cu ildönümü münasibətilə Portuqaliya parlamentində keçirilən mərasimdə çıxışı zamanı bu barədə fikrini bildirib.  

Mərasimdə ölkəyə səfər edən Braziliya Prezidenti Luis İnasio Lula da Silva da iştirak edib.

Prezident Rebelo de Souza çıxışında keçmişdə Afrikadan Cənubi Amerikaya Portuqaliya gəmiləri vasitəsilə həyata keçirilən kölə ticarətinə toxunub. O bildirib ki, ölkəsi bu səbəbdən üzr istəməlidir. Ancaq o qeyd edib ki, üzr istəmək edilə biləcək ən asan işdir, daha yaxşı bir gələcək qurmaq üçün Portuqaliya keçmişə görə məsuliyyəti də öz üzərinə götürməlidir.

Prezident Souzanın sözlərinə görə, Braziliyanın müstəmləkələşdirilməsi Portuqaliya dili və mədəniyyətinin yayılmasına müsbət təsir göstərmiş olsa da, yerli xalqların istismarı, köləlik və Braziliyanın maraqlarına zərər vurulması kimi mənfi nəticələri də var.

Qeyd edək ki, portuqaliyalı kölə tacirləri 15-19-cu əsrlərdə ən azı 6 milyon afrikalını Atlantik okeanı üzərindən Braziliya başda olmaqla dünyanın bir çox ölkəsinə daşıyaraq qul kimi satıblar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir