Dünya

Analitiklər Rusiyanın kəşfiyyat apardığı qənaətinə gəldilər: “Şimali Avropa sularında təxribat edə bilər”

Sharing is caring!


“Rusiya Şimali Avropa ölkələrinin sularında kəşfiyyat aparır. Rusiya hərbçiləri enerji infrastrukturu obyektlərində təxribat hazırlaya bilərlər”.

Danimarka, Norveç, İsveç və Finlandiyanın ictimai yayımçıları Rusiyanın Baltik və Şimal dənizlərindəki fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırma aparıblar. Analitiklər Şimali Avropa ölkələri ətrafındakı Rusiya gəmilərinin radiotrafiki və yeri haqqında məlumatları təhlil ediblər.

Belə ki, Danimarka, Norveç, Finlandiya və İsveç ətrafındakı sularda çox sayda Rusiya gəmisi var. Rusiya Federasiyasının rəsmi məlumatlarına görə, onlar dənizin dibini tədqiq edirlər. Lakin ekspertlər hesab edirlər ki, xüsusi texnikanın köməyi ilə rusiyalılar bu ölkələrin infrastrukturu haqqında məlumat əldə etməyə çalışırlar.

Bu cür məlumatlar Rusiya Federasiyasına külək elektrik stansiyalarında, qaz kəmərlərində və rabitə kabellərində təxribat hazırlamağa kömək edə bilər. Ekspertlərin fikrincə, Rusiya, həmçinin Şimal-Qərbi Avropada elektrik enerjisinin paylanmasını sabotaj edə bilər.

Araşdırmaçı jurnalistlər Şimali Avropanın sularında Rusiyaya məxsus “kabus gəmilərin” üzdüyünü müəyyən ediblər. Bu gəmilər öz radarlarını (AIS ötürücüləri) söndürür və yerləşdikləri mövqe barədə məlumatları ötürmürlər. Bu gəmilərdən biri də “Admiral Vladimirski”dir.

Bu gəminin Britaniya və Niderland sahillərində yeddi külək stansiyasının perimetri ilə bağlı araşdırma apardığı məlum olub. Stansiyalara yaxınlaşanda gəmi sürətini xeyli azaldıb. Jurnalistlər qayıqla Rusiya gəmisinə yaxınlaşıblar. Göyərtədə onları əlində hərbi tüfəngə bənzəyən silah olan maskalı adam “qarşılayıb”.

“Admiral Vladimirski” gəmisi, həmçinin Şotlandiya sahillərində, Lossimutdan 30 dəniz mili şərqdə də görüntülənib. Burada isə Kral Hərbi Hava Qüvvələrinin dəniz patrul təyyarələri donanması yerləşir.

Danimarka kəşfiyyatçısı jurnalistlərə verdiyi açıqlamada təsdiqləyib ki, Rusiya Qərblə münaqişə olacağı təqdirdə təxribatlar hazırlaya bilər. Norveç kəşfiyyatı isə vurğulayıb ki, bu layihə Moskvadan idarə olunur və rusiyalılar üçün önəmlidir.

Xatırladaq ki, daha əvvəl KİV-də Norveçdə rusiyalıların casusluq edə biləcəyi barədə məlumat verilib, çünki neft və qaz obyektlərinin yaxınlığında çoxlu sayda dron qeydə alınıb.

Eyni zamanda Norveç də Rusiyanı ölkə üçün ən böyük təhlükələrdən biri adlandırıb.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir