Dünya

Ukraynadakı azərbaycanlılar nədən narazıdırlar? – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Artıq bir ildən çoxdur, Ukraynada genişmiqyaslı müharibə gedir. Rusiyanın hücumu fonunda bu ölkədə müxtəlif şəhər və kəndlər dağıntılara məruz qalır. Burada azərbaycanlılar da az deyillər. Ukraynada Azərbaycan diasporu, bu ölkədə yaşayan azərbaycanlılar müharibə müddətində də fəaldırlar. Azərbaycan dövləti ilə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da humanitar yardımların fəal iştirakçısıdırlar. Amma həmvətənlərimizin ciddi narazı qaldığı məsələlər də var.

Onların bir qismi “Report”un Şərqi Avropa bürosuna öz narazılıqları haqda danışıblar.

Kiyevdə fəal diaspor nümayəndəsi olan Yalçın Qəhrəmanoğlu uzun illərdir Ukraynada böyük Azərbaycan diasporunun mövcudluğunu xatırladaraq deyir ki, müharibənin ilk günündən ölkədədirlər və ictimai-humanitar sahədə fəaldırlar:

“Ukraynanın müxtəlif şəhər və kəndlərində azərbaycanlılar yaşayırlar. Bu müharibə dövründə ağır durumla rastlaşdıq (təxliyə, humanitar yardımlar məsələsi). Bu, indi də davam edir. Xeyli azərbaycanlının həlak olduğunu nəzərə alsaq, kifayət qədər çətinliklərimiz olur. Amma biz – buradakı azərbaycanlılar -özümüz yığışıb məsələləri yoluna qoyuruq. Təəssüf ki, Azərbaycanın Ukraynadakı səfirliyi görünmür. Sanki yoxdurlar. Nəinki yuxarıda sadaladığım məsələlərdə dəstəklərini və ya fəaliyyətlərini görmürük, ümumiyyətlə bu səfirliyə düşmək olmur. Qardaş Türkiyənin buradakı səfirliyi ilk gündən ən fəal xarici diplomatik orqanlardandır. Onlar hətta bizə də dəstək oldular. Türkiyənin Ukraynadakı səfiri şəxsən mənə zəng edib ehtiyaclarımızı soruşub. Amma təəssüf ki, Azərbaycanın buradakı səfirliyindən tam bunun əksini görürük. Azərbaycan dövləti Ukraynaya humanitar yardımlarda fəaldır. Azərbaycanın və azərbaycanlıların Ukraynada böyük nüfuzu var. Çox istərdik ki səfirliyimizin, buradakı diplomatlarımızın da buna uyğun fəaliyyətləri olsun”, – o əlavə edib.

Artıq ikinci ildir Ukraynada müharibə şəraitində yaşadıqlarını xatırladan İvano-Frankovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, ilk günlər olduqca dəhşətli anlar yaşayıblar:

“İlk günlərdən, əsasən, Ukraynanın Luqansk, Donetsk, Xarkov, Xerson, Dnepropetrovsk və Kiyev vilayətlərindən həmyerlilərimizin kütləvi təxliyəsinə ehtiyac oldu. Bu proseslərdə üzərimizdə ağır yük hiss etdik. Amma çox təəssüf ki, Azərbaycanın Ukraynadakı səfirliyinin normal bir köməyini hiss etmədik. Halbuki buna ehtiyacımız var. Səfirliyimizin buradakı azərbaycanlılara köməyi sıfır dərəcəsindədir.

Məsələn, qardaş Türkiyənin buradakı səfirliyinin daha çox fəaliyyətini hiss edirik, nəinki öz səfirliyimizin.

Bəli, Azərbaycan dövləti Ukraynaya çox fəal humanitar yardım göstərir və bu, burada bizim başımızı çox uca edir. Amma təəssüf ki, səfirliyimizin biz azərbaycanlıların ehtiyacı fonunda normal fəaliyyəti yoxdur. Azərbaycanlıların bu gün Ukraynada normal Azərbaycan səfirliyinin fəaliyyətinə ehtiyacı var. Biz çox istərdik ki, tezliklə burada öz səfirliyimizin fəaliyyətini hiss edək”, – Konqres rəhbəri vurğulayıb.

Ukraynada müharibənin ilk günündən əvvəlcə mühasirə, ardınca digər çətinliklər yaşadıqlarını deyən Çerniqov vilayəti Azərbaycanlılar Konqresinin sədri İsgəndər Vəliyev bildirib ki, yaşadıqları ərazi müharibə dövrünün ən ağır bölgələrindəndir:

“İlk günlərdən həmyerlilərimizin təxliyəsindən tutmuş, qida yardımına qədər diaspor olaraq əlimizdən gələni edirik. Hətta həlak olan həmyerlilərimizin nəşlərinin Azərbaycana göndərilməsini də özümüz təşkil edirik. Çox təəssüf ki, bütün bunları Çerniqovda tək edirik. Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən köməklik görmürük. Özümüz də müraciət edəndə qəbula düşə bilmirik. Ukraynada genişmiqyaslı müharibə gedir. İlk günlərdən çəkdiyimiz əziyyəti sözlə ifadə etmək mümkün deyil. Bir çox – istər inzibati, istərsə də mənəvi məsələlərdə səfirliyimizin fəaliyyətinə ehtiyacımız var. Amma təəssüf ki, o yoxdur”, – İ.Vəliyev fikrini tamamlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir