Dünya

İslamabad Vaşinqtonun Demokratiya Sammitinə dəvətini rədd etdi

Sharing is caring!


“Pakistan İkinci Demokratiya Sammitində iştirak etməyəcək, çünki bu beynəlxalq dialoq formatının nəzərdə tutduğu müəyyən milli öhdəlikləri öz üzərinə götürməyə hazır deyil”.

Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz ABŞ və həmsədr ölkələrə Pakistanı 29-30 mart 2023-cü il tarixlərində keçiriləcək İkinci Demokratiya Sammitində iştiraka dəvət etdiklərinə görə minnətdarıq. Birləşmiş Ştatlarla dostluğumuzu yüksək qiymətləndiririk. Prezident Co Baydenin administrasiyası ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə inkişaf edib. Biz əvvəlki kimi, sülh, sabitlik və firavanlıq naminə əməkdaşlığın gücləndirilməsinə sadiq qalırıq”, – deyə nazirlik vurğulayıb.

Qeyd edək ki, İkinci Demokratiya Sammiti martın 29-30-da Zambiya, Kosta-Rika, Niderland, Koreya Respublikası və ABŞ-nin həmsədrliyi ilə virtual formatda keçiriləcək.

Birinci Demokratiya Sammiti 2021-ci ilin dekabrında ABŞ tərəfindən videokonfrans vasitəsilə keçirilib. Birləşmiş Ştatların hakimiyyət orqanları 110 ştat və ərazini iştiraka dəvət edib. Siyahıya Tayvan salınsa da, Çin, eləcə də Rusiya, Türkiyə, Misir və digər ölkələr daxil edilməyiblər.

Yeri gəlmişkən, İslamabad sammitdə iştirak üçün Vaşinqtondan gələn dəvətə cavab verməkdə tərəddüd edirdi.

2022-ci ilin aprelində İslam Respublikasında hökumət dəyişikliyindən sonra həm Pakistan, həm də ABŞ ikitərəfli əlaqələrin bərpası və inkişafı üçün addımlar atıblar. Pakistanın Beynəlxalq Valyuta Fondunun (BVF) yeni maliyyə yardımına ciddi ehtiyacı var, Vaşinqton isə bu kontekstdə mühüm rol oynaya bilər. Həmçinin İslamabad 2021-ci ilin dekabrında keçirilən ilk Demokratiya Sammitində iştirak etməyib, hesab olunurdu ki, yeni imtina ABŞ-də mənfi qarşılana bilər.

Eyni zamanda, BVF ilə sövdələşmə baş tutmayacağı halda, Pakistan ölkə üçün dəstəyi çox vacib olan Çinlə münasibətləri korlamaq istəmirdi.

Mənbə: The Express Tribune

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir