Dünya

“Real Madrid” Kral Kubokunda 53 ildir evdə “Barselona”ya qalib gələ bilmir

Sharing is caring!

“Real Madrid” 53 ildir İspaniya Kral Kuboku turnirində öz meydanında “Barselona”ya qalib gələ bilmir.

“Report” xəbər verir ki, bu uğursuz seriya yarımfinal mərhələsində “Santyaqo Bernabeu” stadionunda baş tutan oyunda davam edib.

Səfərdə 1:0 hesablı qələbə qazanan “Barselona” 1970-ci ildən bəri bu arenada keçirdiyi 10-cu qarşılaşmada da əzəli rəqibinə uduzmayıb.

“Real Madrid”lə bağlı digər uğursuz statistika komandanın “Barselona” ilə görüşdə çərçivəyə zərbə vura bilməməsi olub. “Kral klubu” 2022-ci il fevralın 15-dən bəri ilk dəfə belə halla üzləşib. Sonuncu dəfə bir il əvvəl Çempionlar Liqasında Fransa təmsilçisi PSJ ilə oyunda bu hadisə yaşanıb.

Son görüşdə “Barselona”nın topa sahib olma faizi 35,3 təşkil edib. Bu, kataloniyalıların 2013/2014 mövsümündən bəri bütün turnirlərdə ən uğursuz göstəricisidir.

“Barselona”nın futbolçusu Serxio Buskets “El-Klasiko”larda 22-ci qələbəsini qazanıb. Bununla kapitan aktivində 21 qalibiyyət olan “Real Madrid”in əfsanəvi oyunçusu Pako Xentonu qabaqlayaraq yeni rekorda imza atıb. “Barselona”nın sabiq üzvləri Lionel Messi və Jerar Pike hərəyə 19 qələbə ilə üçüncü yeri bölüşdürürlər.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 5-də “Nou Kamp”da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir