Dünya

Baydenin səfərlərinə əsəbi reaksiya: Putin 2012-ci il tarixli sənədi qüvvədən saldı – TƏHLİL

Sharing is caring!

Vladimir Putin “Rusiyanın xarici siyasətinin həyata keçirilməsi tədbirləri” haqqında 2012-ci il tarixli fərmanı ləğv edib.

Putinin qərarı Ukraynadakı müharibə fonunda Rusiyanın ABŞ ilə kəskinləşən münasibətlərinin perspektiv xarakterini açmağa yardımçı olacaq.

Bu, Rusiyanın imperiya ambisiyalarını həyata keçirmək üçün əlavə stimullaşdırıcı tədbirlər kompleksinə təkan verə bilər.

Çünki əvvəlki sənəddə Rusiyanın beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə hörmət əlaməti olan məqamlar var idi, hərçənd ki, onun qüvvəsi elə kağız üzərinə tökülmüş mürəkkəbdən o yana keçmirdi.

2012-ci il fərmanında Moldovanın ərazi bütövlüyünün toxunulmazlığı fonunda digər ölkələrin suverenliyinin vacibliyi bildirilirdi, indi isə o sənəd hüquqi qüvvəsini itirdiyindən deyə bilərik ki:

1. Rusiya Moldovanı tutmaq qərarını qətiləşdirir,

2. Rusiya postsovet ölkələrində təsirlərini artırmaq üçün yeni mexanizmlər hazırlayır.

Putin sənədin arxivə göndərilməsini beynəlxalq münasibətlərdə yaranmış dərin dəyişikliklər şəraitində Rusiyanın milli maraqlarının təmin edilməsi məqsədi daşıdığını bildirir.

Rusiya liderinin addımını ABŞ Prezidenti Co Baydenin Ukraynaya və Polşaya səfərinin Ağ Ev tərəfindən müəyyən edilən perspektivlərinə əsəbi reaksiya kimi başa düşmək olar.

Rusiyanın Moldovanı əsarətə altında inildətmək planı yeni deyil və bu risk davam etməkdədir.

Ancaq bu planların həyata keçirilməsi Ukraynadakı müharibənin inkişafından asılıdır.

Baydenin Putinə mesajlarındakı ABŞ-nin qlobal siyasətdəki mühafizəkar tonunu göstərməsinə Rusiya daha da irəli getməklə cavab vermək niyyətindədir.

Bu cavabın oxları Moldovaya tuşlanır və Kreml bir neçə ssenarini təhlil edir. Böyük ehtimalla Rusiya Ukraynanın cənub cinahından keçərək Moldovaya doğru irəliləmək istəyir. Məqsəd Moldovanın münaqişə zonası olan Dnestryanı regionu ilə quru dəhlizi yaratmaq, hərbi əməliyyatları buradakı separatçılarla koordinasiya etməkdir.

Lakin Rusiya bunun üçün Ukraynanın Odessa, Nikolayev vilayətlərini tutmağı bacarmalıdır, hərçənd ki, Ukrayna cəbhəsinin cənub oxu Rusiya üçün xeyli problemlər vəd edir.

Baydenin səfərlərindən sonra Ukraynanın cənub istiqamətində həlledici əks-hücum əməliyyatlarına başlaması aktuallıq qazanır, hərçənd ki, indi həmin ərazilərdə diqqətçəkəcək hərbi hərəkətlilik müşahidə edilmir.

Hər halda, Rusiyanın kartları Moldovaya qarşı oynayacağı şübhələri çoxalmaqdadır, Kremlin Moldovadakı hakimiyyəti devirmək təşəbbüsləri həmin planların meydanda verilən “müjdəsidir”.

Ancaq Rusiyanın revanşist və imperialist ambisiyalarını alt-üst etməyi müqəddəs vəzifə sayan ABŞ-Britaniya cütlüsünün kontur tədbirləri mövcud olmamış deyil.

Görünür ki, nə NATO Rusiyanı, nə də Rusiya NATO-nu total məğlubiyyətə düçar etmək sevdasından əl çəkib, lakin bunun təzahürləri başqa-başqa regionlarda dramatik mənzərələrin yaranmasına gətirib çıxaracaq.

Hadisələrin qığılcımları Cənubi Qafqaz regionuna da sıçrayıb bu bölgədəki “tezalışam maddələri” alovlandıra bilər.

Rusiyanın nişangahındakı ölkə Ermənistandır, buna görə də, proseslərdən ən çox İrəvanın ziyan çəkməsi gözləniləndir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir