Dünya

Avtomatı haubitsa ilə qarışdıranda: Ermənistan KİV-dən faktların təhrifi ilə bağlı növbəti şedevr

Sharing is caring!

Sistemli iqtisadi böhran, logistik problemlər, kütləvi miqrasiya və sahibkarların işgüzar fəallığının azalması artıq bir neçə ildir Ermənistan cəmiyyətinin acınacaqlı reallıqlarıdır.

Ermənistanın dövlət quruluşunda 30 ilə yaxın davam edən təcavüzkarlıq siyasəti və Azərbaycanın sərvətlərini talan etməsi onu beynəlxalq layihələrdən tamamilə təcrid edərək logistika yolları ilə zəngin olan regionda dalana dirəyib. Ermənistanda onilliklər ərzində işğalçılıq siyasətinin iflasa uğradığını, onun ölkənin iqtisadi inkişafına vurduğu zərəri başa düşə bilmirlər və bu da yekun nəticədə İkinci Qarabağ müharibəsində tam məğlubiyyətə gətirib çıxardı.

Bu məğlubiyyət acınacaqlı, yerində sayan Ermənistan iqtisadiyyatına təsir etməyə bilməzdi. Ancaq Rusiya-Ukrayna müharibəsi rusiyalıların bir sıra ölkələrə, o cümlədən Ermənistana axınına səbəb oldu. Rusiya mətbuatının məlumatına görə, 2022-ci ildə Ermənistana səfər edən rusiyalıların sayı 2021-ci illə müqayisədə 76% artıb, 40 minə yaxın insan isə uzun müddət orada qalıb. Təbii ki, əhalisi 2,9 milyon nəfərdən az olan kiçik Ermənistan üçün belə artım kifayət qədər hissolunandır, özü də nəzərə almaq lazımdır ki, bu 40 min nəfərin əksəri öz kapitalı ilə gəlib.

Nəticədə Ermənistan Statistika Komitəsi sevinclə bildirir ki, 2022-ci ildə vergitutma bazası olan qeydiyyatdan keçmiş işçilərin sayı 708,9 min nəfər təşkil edib, halbuki 2021-ci ilin iyununda bu rəqəm 640 mindən bir qədər çox olub. Amma nədənsə Ermənistan Statistika Komitəsində və ümumilikdə Ermənistan mediasında ölkəyə işləməyə gələn 40 min rusiyalı kimi “əhəmiyyətsiz” detala fikir verməyiblər. Amma dərhal Azərbaycan fonunda bunun əhəmiyyətlərini göstərmək qərarına gəliblər. “10 milyon nəfərdən çox əhalisi olan neft və qazla zəngin Azərbaycanda vergi bazası olan qeydiyyatdan keçmiş işçilərin sayı 713,8 min nəfərdir”, – Ermənistan “Telegram” kanalları bu rəqəmi ölkənin özündə vergi bazası olan 708,9 min işçi ilə müqayisə edərək sevincini gizlətmir.

Amma yenə də özlərini gülünc vəziyyətə salırlar: axı göstəricilər tamamilə fərqlidir. Maraqlıdır, görəsən “T-72” tankını “F-16” qırıcısı ilə, “Kalaşnikov” avtomatını haubitsa ilə müqayisə etmək kiminsə ağlına gələrdimi? Prinsipcə, hamısı ilə döyüş aparmaq olar və ya telekommunikasiya peykini Beynəlxalq Kosmik Stansiya ilə müqayisə etmək olar? Hər ikisi Yer orbitində olsa da. Təbii ki, hamı müqayisənin qətiyyən uyğun olmadığını deyəcək, təkcə ermənilər əksini iddia edib özünəməxsus “sübut”a çalışacaq.

Odur ki, Azərbaycanın əmək bazarının vəziyyəti ilə ciddi maraqlanan ermənilər üçün nəzakətlə maarifləndirici dərs keçə bilərik. Əminik ki, hərtərəfli və etibarlı məlumatlar həm də Qarabağ regionunda yaşayan və təəssüf ki, “göndərilmiş kazaklar”ın girovluğunda qalan erməni millətindən olan insanların tezliklə Azərbaycan vətəndaşlığını qəbul etməsinə kömək edəcək.

Beləliklə, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatına görə, 2023-cü ilin fevral ayına aktiv vergi ödəyicilərinin sayı həqiqətən də 713,8 min vahiddir. Diqqət yetirin, şəxs yox, məhz vahid. Başqa sözlə, bu, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin sayıdır. Üstəlik, bir hüquqi şəxsdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat bazasında qeydiyyatda olan yüzlərlə, minlərlə şəxs ola bilər. Belə ki, bu qurumun məlumatına görə, 2023-cü il yanvarın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 746 mini keçib, eyni zamanda 831,4 min əmək müqaviləsi qeyri-neft sektorunun payına düşüb. Artıq bu rəqəmlərdən aydın olur ki, müqayisə üçün göstəricilər qətiyyən uyğun deyil.

Öz növbəsində, DVX-nin məlumatına görə, yanvarın 1-nə 1,1 milyon nəfər fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxs kimi qeydiyyatdadır, 1,6 milyona yaxın insan fərdi ailə təsərrüfatlarında və digər ailə bizneslərində çalışır. Üstəlik, DVX məlumat bazasında qeydiyyatdan keçmiş bütün sahibkarlıq subyektlərinin 97%-nin kiçik və orta, eləcə də mikro biznes seqmentinə aid olması KOB sektorunun ölkə iqtisadiyyatında böyük potensiala malik olduğunu göstərir.

Beləliklə, Azərbaycanda işgüzar aktivliyin mövqelərinin cəmi baxımından Ermənistan “Telegram” kanallarının təqdim etdiyi mənzərədən tamamilə fərqli mənzərə yaranır. Azərbaycan Dövlət Statistika Komitəsinin ötən ilin sonuna olan məlumatına görə, ölkədə məşğul əhalinin sayı 5 milyon nəfərə, yəni ölkə əhalisinin təxminən yarısına çatıb. Eyni zamanda 1,1 milyona yaxın insan dövlət sektorunda, 3,9 milyon nəfər isə özəl sektorda çalışır. Bu rəqəmləri Ermənistandakı müvafiq statistik rəqəmlərlə müqayisə etsək, Azərbaycanın əmək bazarının, eləcə də bütün növ özəl sahibkarlığın vergitutma bazasının böyük dominantlığı aydın görünəcək.

Bütün bunlar hələ Azərbaycanın ümumi vergitutma bazasında xüsusi çəkisi 12,7 faiz, məlumat bazasında ümumi sayı isə 170 mindən çox olan iri vergi ödəyicilərinin – hüquqi şəxslərin və digər təşkilatların statistikası nəzərə alınmadan olan rəqəmlərdir.

Bütün bu sadalanan faktların fonunda Azərbaycanın vergitutma bazası ilə Ermənistanın analoji bazasının istənilən müqayisəsi yersizdir. Ümumiyyətlə, son 18 ildə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artdığını nəzərə alsaq, hansı müqayisədən danışmaq olar?! 2022-ci ilin sonunda Azərbaycanın ÜDM-nin ümumi artımı rekord göstəriciyə – 134 milyard manata yaxınlaşıb ki, bu da Ermənistan iqtisadiyyatının səviyyəsindən bir neçə dəfə yüksəkdir.

Eyni zamanda xatırlatmaq yerinə düşər ki, durğunluq yaşayan Ermənistan kənd təsərrüfatından fərqli olaraq, Azərbaycanda bu sahə inkişafdan geri qalmır, “kölgə”də deyil və sadəcə kiçik təsərrüfatlarla məhdudlaşmır. O cümlədən 2023-cü ildə Azərbaycanda 240 min hektar sahədə 51 aqro-sənaye parkı fəaliyyət göstərir ki, bu klasterlərə ümumi investisiya qoyuluşu 2,4 milyard manatı ötüb. Bundan əlavə, ölkədə 200-dən çox iri ixtisaslaşdırılmış taxılçılıq təsərrüfatları, ətlik-südlük təsərrüfatları, o cümlədən istixana və bağçılıq təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda onların sayı dinamik şəkildə artacaq. Çünki ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təmin edilməsi məqsədilə 2023-cü ildə büdcədən sahəyə 1,2 milyard manat məbləğində vəsait ayrılıb ki, bu da əvvəlki ilə nisbətən 20,5 faiz çoxdur.

“Report”un analitik qrupu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir