Dünya

Füzuli Əsədov: “Verilən tapşırıqların icrası yerinə yetirilənə kimi heyətimiz Türkiyədə fəaliyyət göstərəcək”

Sharing is caring!

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hazırda Fövqəladə Hallar Nazirliyinin 228 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyə yola düşür”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayoru Füzuli Əsədov bildirib.

O qeyd edib ki, şəxsi heyət Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə oraya gedir:

“Şəxsi heyət xilasetmə əməliyyatı üçün zəruri olan alət və avadanlıqlarla tam təhciz edilib. Əməkdaşlarımızın orada qalma müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur. Verilən tapşırıqların icrası tam yerinə yetirilənə kimi heyətimiz orada fəaliyyət göstərəcək”.

O əlavə edib ki, fevralın 6-dan Türkiyə dəstək üçün gedən xilasetmə qrupu artıq sutkalıq iş rejiminə başlayıblar və müəyyən nəticələr var: 

“FHN-də qərargah yaradılıb və orada görülən xilasetmə-əməliyyatlar barədə operativ məlumatlar ötürülür. Bundan sonra da müəyyən tapşırıqlar olarsa, dərhal icrasına hazırıq”.

Rəis bildirib ki, şəxsi heyətin hansı ərazilərdə axtarış aparması Türkiyədə bilinəcək.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, ötən gün Türkiyəyə iki təyyarə yola salınıb. Təyyarədə FHN-in tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı da olub. Hospital dörd funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, üç köməkçi konteynerdən və üç hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.

Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Yola salınan təyyarələrin heyəti 41 nəfərdən ibarətdir. Onların 34 nəfəri tibb personalıdır. Əməkdaşların Türkiyənin hansı ərazilərində xidmət göstərəcəklərinə orada qərar veriləcək.

Gecə saatlarında da əlavə humanitar yardım üçün maşın karvanı və təyyarə Türkiyəyə yollanıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir