Dünya

Rusiya-İran əlaqələri: Oxşar əməllər, eyni aqibət – ŞƏRH + FOTO

Sharing is caring!

Rusiya-İran əlaqələri qlobal və regional məsələlərə daha güclü təsir göstərə bilərdi. Ancaq Rusiyanın Ukraynaya təcavüzü, postsovet münaqişələrinin həlinə əngəl törətməsi və başqa amillər, İranın terrorçuluğu dəstəkləyən şər bucağı kimi imic qazanması və s. məsələlər onlara etimad göstərilməsinə, inama mənfi təsir göstərir. Onların münasibətlərini də heç davamlı saymaq olmaz. Çünki Rusiya BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi üç sanksiyanın lehinə səs verib. Bu ölkənin Tehran hakimiyyətinə satdığı “S-300” zenit-raket kompleksi ətrafında on il əvvəl yaranmış qalmaqal yaddan çıxmayıb və s.

Hazırkı şəraitdə Tehranla Moskvanı birləşdirən başlıca amil ABŞ, NATO, İsrailə münasibətdir. Yeri gəlmişkən, Rusiya ərazisində “Sohnut” Beynəlxalq Yəhudi Agentliyinin fəaliyyəti qadağan edilib. Bunu həm də Moskvanın Tehranın etibarını qazanmaq cəhdi kimi də qəbul etmək olar.

Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinlə İranın hökumət başçısı İbrahim Rəisi arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasında tranzit və enerji sahəsində iqtisadi əməkdaşlığın daim genişləndirilməsinin vacibliyini vurğulayıblar. İbrahim Rəisi regional problemlərin, o cümlədən Qafqaz və Suriyadakı məsələlərin yalnız əməkdaşlıq və koordinasiya yolu ilə həll oluna biləcəyini deyib: “İran həmişə regional inteqrasiyanın gücləndirilməsini və xarici müdaxilənin zərərli olduğunu vurğulayır”. İran prezidenti Ukraynada münaqişələrə son qoymaq və sülhün bərqərar olması üçün fəal, konstruktiv rol oynamağa hazır olduğunu da bildirib. Vladimir Putin İranın Ukraynaya “sülh gətirmək” təşəbbüsünü alqışlayıb. Prezidentlər telefon danışığı zamanı həmçinin ABŞ, NATO, habelə Qərb ölkələrinin regional və qlobal fəaliyyətini açıq, bir az da üstüörtülü şəkildə tənqid ediblər.

Əslində, Cənubi Qafqaz ölkələrinə münasibətdə tutduqları mövqeyə görə hər iki ölkənin hakimiyyətinin vasitəçiliyi mümkünsüzdür. Ermənistanla əlaqələri, işğalçıya hərtərəfli yardımı, Azərbaycan ərazisinə terrorçular yollaması və s. kimi faktlar Tehran hakimiyyətinin bu siyasi rola yaramadığını isbatlayır. Rusiya isə keçmiş SSRİ-nin varisi kimi bütün məsələlərə görə cavabdehlik və məsuliyyət daşıyır. Vasitəçiliyə yaramadıqlarından, beynəlxalq nüfuzları xeyli düşdüyündən iki ölkənin bir-biri ilə əməkdaşlıqdan, hakimiyyətlərin yürütdüyü daxili və xarici siyasətə dəstək verməkdən başqa yolu qalmır.

Yeri gəlmişkən, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi dörd milyard dollar olub. İran hakimiyyəti bunun həcminin artırılmasına hər cür şəraitin olduğunu vurğulayır. Putin və Rəisi əlaqələrin bu istiqamətdə inkişafını nəzərdə tutublar. Ancaq Rusiya ilə İran əlaqələri təkcə neft-qaz, ərzaq, kənd təsərrüfatı mallarının ticarəti ilə yekunlaşmır. Ukraynadakı müharibə bir çoxlarının, o cümlədən İran-Rusiya münasibətlərinin maskasını da yırtıb. Məlum olub ki, İran Rusiyaya Ukraynada müharibə aparmaq məqsədilə hərbi texnika, habelə PUA, raket və s. silah-sursat tədarük edir. Tehran hakimiyyəti perspektivdə isə bunun qarşılığında Rusiyadan “Su-35” qırıcıları almaq istəyir.

Ümumiyyətlə, Rusiya xarici siyasi istəyini həyata keçirmək məqsədilə təhlükəsizliyinin təmin olunması adı altında Ukraynada müharibə aparır və nəticədə yüzminlərlə dinc insanın didərgin düşməsinə, ölümünə səbəb olur. Bu səbəbdən Rusiyanın müharibə cinayətinə görə ittiham edilməsini bir sıra dövlətlər təklif olaraq irəli sürürlər. İran hakimiyyəti də günahsız insan ölümünə görə Rusiyadan geri qalmır. Ötən il sentyabrın 27-dən ölkədə başlayan etiraz aksiyaları zamanı İranın hərbi-polis qüvvələri 520-dən çox dinc aksiya iştirakçısını qətlə yetirib, beş etirazçı barəsində çıxarılan edam hökmü icra olunub. İran və Rusiyanın öz vətəndaşlarına münasibəti, qlobal təhlükəsizliyi təhdid etmələri onlara sanksiya tətbiqi ilə də müşayiət olunur. Bu günlərdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Rusiyaya hərbi yardım göstərənlər, Belarus və İran sanksiyaya məruz qalacaqlar.

Hər halda dövlətlər İranla diplomatik münasibətləri hələ ki pozmayıblar. Ancaq bunun yaxın zamanlarda baş verəcəyi ehtimalı az deyil. Həm Ukraynanın suverenliyinin pozulmasına, deməli, regional və qlobal təhlükəsizliyi təhdid etməkdə iştirakına, həm də dinc vətəndaşlarını konstitusiyada nəzərdə tutulan hüququndan istifadə etdiyi üçün qətlə yetirdiyinə görə Tehran hakimiyyətinin yenidən cəzalanacağı, yaxud sanksiyaya məruz qalacağı gözləniləndir.

Beləliklə, Rusiyanın yaratdığı mövcud şərait daha çox İran rəhbərliyinin əlinə oynayır. Ukraynadakı müharibə İranın maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yardım edir. Silah və hərbi texnika ticarətinə görə İran deyil, öz vətəndaşlarını qətlə yetirən bir rejimin maliyyə vəziyyətini böhrandan çıxarmağa yardım etdiyinə görə Rusiyaya da əlavə sanksiya tətbiq edilə bilər. Odur ki, qlobal, regional təhlükəsizliyi təhdid etməkdə, dinc sakinləri qətlə yetirməkdə oxşar olanların aqibətinin də bir-birinə bənzəyəcəyi qaçılmazdır. Hələ ki telefonda rahat şəkildə iqtisadi və başqa sahələrdə əməkdaşlığı inkişaf etdirməkdən danışmağa vaxt var…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir