Dünya

Tehranın Türkiyəyə terrorçu göndərməsi: Şakərindən əl çəkməyən qozbel – ŞƏRH + FOTO

Sharing is caring!

İran hakimiyyəti qonşu dövlətlərə qarşı terrorçuluq fəaliyyətini dəstəkləməkdə və genişləndirməkdə davam edir. Dekabrın 28-də Türkiyənin daxili işlər naziri Süleyman Soylu illik mətbuat konfransında bildirib ki, İrandan hücum təlimatı alan 5 terrorçu Türkiyənin Van bölgəsində partlayıcılarla birlikdə tutulub. Onun sözlərinə görə, bölgədə 5 nəfərlik terror hücrəsi aşkarlanıb:

“Van əyaləti Polis İdarəsi bu hücumun qarşısını aldı”.

Qeyd edək ki, bu, İranın Türkiyədə terror fəaliyyəti göstərməsinə dair ilk hadisə deyil. Bu ilin yayında İstanbul şəhərində israillilərə qarşı hazırlanan üç terror aktının qarşısı alınıb. Terror aktlarını İrana aid üç ayrı qrup reallaşdırmağa hazırlaşırmış. Onların birincisi İstanbulun Bəyoğlu rayonunda, İsrailin keçmiş səfiri və onun həyat yoldaşına qarşı, ikincisi, İstanbulda İsraildən olan çoxsaylı turistlərin getdiyi bazarda, üçüncü hadisə isə İran və Türkiyə vətəndaşlarından ibarət qrup tərəfindən israillilərə qarşı törədiləcəkmiş.

Ötən illərdə Tehran rejimi terrorçu PKK-dan bu qonşu dövlətə qarşı davamlı olaraq istifadə edib. Hətta Türkiyədə öz “Hizbullah”ını belə yaratmağa cəhd göstərib. Bununla belə, rəsmi Ankara 20 ilə yaxındır İranı Türkiyəyə təhlükə yaradan dövlətlər siyahısından çıxarıb. Tehrana qarşı sanksiyaların sərtləşdirildiyi dövrdə rəsmi Ankara bu ölkəyə hər cür dəstək verib. Onun atom-nüvə proqramının sülh məqsədli olması ilə bağlı İstanbulda beynəlxalq konfrans keçirib. İrana qarşı beynəlxalq təzyiqlərin qarşısını almağa cəhd göstərib və s. İran hakimiyyəti isə bu xoşməramlı davranış qarşısında qonşu dövlət ərazisində terror fəaliyyətini davam etdirir.

Başqa bir məqamı da xatırlatmaq istərdik. İran rəsmiləri 44 günlük müharibə dövründə Azərbaycanı guya terrorçularla əməkdaşlıq etməkdə ittiham edirdi. Yaxud Azərbaycanın işğaldan təmizlənən ərazilərindən İrana guya terrorçuların keçdiyi iddiasını irəli sürürdü. Bu azmış kimi, İranda terror keçirməkdə şübhəli bilinən hansısa şəxsin guya “Bakı sərhədində” tutulduğu kimi gülünc açıqlama verirdi. Ancaq İran rejiminin bu və bunabənzər iddialarının şər-böhtan olduğu təsdiqləndi. Tehran rejimi bununla Azərbaycanı və dostlarını şantaj edirdi.

Yeri gəlmişkən, son aylarda bu hakimiyyətin Azərbaycanda terror fəaliyyətinə dair bir neçə fakt aşkarlanıb. Məlum olub ki, İran səfirliyinin avtomobili belə bu istiqamətdə cinayət əməli üçün istifadə olunub. Noyabrda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə Tehranın hazırlayıb göndərdiyi 14 nəfərlik dəstə (bir neçə gün aradan sonra daha 13 nəfərlik terrorçu qrup) aşkarlandı. Həmin terrorçularla bağlı bütün şəxsi məlumatlar belə açıqlandı. İran tərəfi indiyədək bu məsələyə rəsmi olaraq münasibət bildirməməklə cinayət törətdiyini etiraf etmiş sayılır. Ümumiyyətlə, Azərbaycan torpaqları işğal olunduğu illərdə də İran hakimiyyətinin xüsusi xidmət orqanlarının terrorçu ASALA ilə əlaqəsi və ondan Azərbaycana qarşı istifadə etdiyinə dair çoxsaylı təkzibolunmaz faktlar var.

Nəhayət, İran hakimiyyəti Azərbaycan və Türkiyə ərazisində terror aktları təşkil etməyə cəhd göstərməklə, yaxud qanunsuz silahlı dəstələrə təlim keçməklə iki qonşusuna olan münasibətini ortaya qoyur. Bu, Tehran rejiminin müsəlmançılıq, qonşuluq və dinc yanaşı yaşamaq məsələlərində saxtakarlıq etdiyini sübuta yetirir. İran hakimiyyəti Türkiyəyə və Azərbaycana terrorçuları təlimatlandırıb göndərməklə regionun təhlükəsizliyini təhdid edir. Bununla da İrandakı rejim ona verilən “şər bucağı” adını təsdiqləyir. Bu hakimiyyət köhnə şakərindən əl çəkə bilmir. Tehran rejiminin terrorçuları təlimatlandırıb göndərməsi “qoz beli qəbir düzəldər” atalar sözünü yada salır.

“Report” İnfomasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir