Dünya

Volodimir Zelenskinin ABŞ səfəri: Ukrayna yeni rolda – ŞƏRH + FOTO

Sharing is caring!

Ağ Ev keçmiş sovet respublikaları arasında Ukraynaya daha çox diqqət ayırır. Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri, Vaşinqtonda keçirdiyi görüşlər, iki ölkə liderlərinin bəyanatları postsovet məkanının gələcəyi baxımından da vacib addım kimi dəyərləndirilə bilər. Bu səfər ilk növbədə Birləşmiş Ştatların Ukraynaya hərbi, siyasi, sosial, maddi və mənəvi sahələrdə yardım və dəstəyinin davamıdır.

Ehtimal etmək olar ki, Ağ Ev postmüharibə dövründə keçmiş sovet məkanında Ukraynaya özünün ən etibarlı tərəfdaşı rolunu verəcək.

Azərbaycan işğal altında olan torpaqlarını müharibə vasitəsilə azad etməklə keçmiş sovet respublikalarında münaqişələrin hərbi yolla həllinin mümkünlüyünü sübut edib. 44 günlük savaş dövründə Azərbaycanı müharibədə istifadə etdiyi hərbi texnikaya görə qınayıb, təhdid edirdilər. Ancaq Ukraynada da onlardan istifadəyə üstünlük verib, tərifləyirlər. Bu baxımdan İkinci Qarabağ müharibəsinin Ukraynanın apardığı savaşa örnək olduğunu deməyə də əsaslar var.

Zelenskinin ziyarəti beynəlxalq ictimaiyyətin keçmiş SSRİ məkanında süni formada yaradılan münaqişələrin qlobal təhlükəsizliyə təhdid olduğunu birmənalı olaraq qəbul etdiyini da isbatlayır. Hətta bu təhlükənin mənbəyinin 200 ilə yaxındır dəyişmədiyi də təsdiqlənib. Volodimir Zelenski Konqresdəki çıxışında bu məsələyə də toxunub: “Rusiya tiraniyası Ukrayna üzərində nəzarəti itirib. Moskva bir daha heç vaxt Ukrayna xalqının şüuruna təsir etməyəcək”.

Ukrayna lideri rusiyalı həmkarı Vladimir Putinin sivil dünya ilə əlaqəsini itirdiyini vurğulayaraq Rusiya ilə danışıqların mənasız olduğunu söyləyib. Rusiya tərəfi Zelenskinin səfərindən narahatlığını gizlətməyib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bu ziyarətdən sonra rəsmi Kiyevlə sülh müzakirələri aparılacağını gözləmirlər.

Moskvanın Vaşinqtondakı səfiri Anatoli Antonov isə bildirib ki, V.Zelenskinin səfəri həm Ukraynanın, həm də ABŞ-nin Rusiya ilə sülhə hazır olmadığını göstərib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri, Vladimir Putinin müavini, Vahid Rusiya Partiyasının lideri Dmitri Medvedev isə ötən gün Çinə səfər edərək ölkə lideri Si Cinpinlə görüşüb.

Bu, Zelenskinin səfərinə Moskvanın cavabı da sayıla bilər. Başqa sözlə, Rusiya Medvedevin Pekinə səfəri ilə arxasında Çinin dayandığı ismarışını verir, yaxud ABŞ ilə Çini üz-üzə qoymağa cəhd göstərir. Cozef Bayden isə Zelenskiyə “heç vaxt tək qalmayacaqsınız” deməklə bütün dünyaya Ukraynanın ABŞ üçün önəmini bir daha göstərdi.

Səfər zamanı Ukrayna ilə ABŞ-nin dost və düşmənlərinin də eyni olduğu açıqlandı. V.Zelenski Rusiyanın Ukraynadakı soyqırımı müharibəsində İranı özünə müttəfiq seçdiyini deyib. O, İranın Rusiyaya öldürücü dronlar göndərdiyini bildirib. Bunu bir terrorçunun başqa bir terrorçu ilə əlbir olması kimi də dəyərləndirirlər. Qeyd edək ki, dünyanın bir sıra parlamentləri Rusiyanı da terrorçu ölkə kimi tanıyıb.

Xatırladaq ki, pandemiyadan əvvəl Ukrayna ilə İran arasında ticarət dövriyyəsi yarım milyard dollar həcmində olub. Ukrayna bu ölkəyə qarğıdalı, arpa, soya, qoz-fındıq, şokolad və başqa məhsullar ixrac edib. İran Ukraynadan tikinti materialları da idxal edirdi. Ancaq müharibədəki rolundan sonra Kiyev Tehranla diplomatik əlaqələri kəsib. İran vətəndaşı olan tələbələr Ukraynadan çıxarılıblar.

ABŞ və Ukrayna liderlərinin çıxışlarında vurğuladıqları məsələlər sübut edir ki, ölkələr arasında çox böyük etimad var. Bu səfər Rusiyanın Ukraynaya perspektivdə ata biləcəyi istənilən siyasi, hərbi və başqa müdaxiləni mümkünsüz edir. Bu ziyarətlə ABŞ müttəfiqləri ilə birlikdə birmənalı şəkildə bütün dünyaya Ukraynanı müdafiə etdiklərini bir daha bəyan etdi.

Ağ Ev bununla Avropadakı müttəfiqlərini də Rusiyanın təhlükəsindən qoruyacağı ilə bağlı mesaj verir. Ukrayna NATO və Avropa İttifaqının üzvü olmasa da, Birləşmiş Ştatların himayədarlığı ilə ərazisini işğaldan azad etmək, demokratik ölkənin qurulması istiqamətində çox böyük dəstək əldə edib.

Dəstək Moskvadan qaçmaq istəyənlərə də bir işarədir. ABŞ-nin Ukraynaya himayədarlığı keçmiş sovet məkanında Rusiyanın önəmini də azaldacaq. Bu perspektivdə Moldova və Gürcüstanın ərazi bütövlüklərinin təmin olunması üçün də beynəlxalq arenada əsas hazırlana bilər. Ağ Ev Ukraynayönlü siyasəti ilə Avropa İttifaqının keçmiş müttəfiq respublikalara nüfuzunu da azaldır. ABŞ həm də qlobal siyasətdə blokunu genişləndirdiyini nümayiş etdirir. Ukraynanın dəstəklənməsi beynəlxalq təşkilatlarda ABŞ-nin təkliflərinin lehinə veriləcək səsin artacağı deməkdir.

Bir vaxtlar SSRİ-nin qurulmasında başlıca rol oynamış Ukrayna indi yeni dünya düzənində ABŞ-nin bu məkandakı əsas dayağına çevrilir.

“Report” İnfomasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir