Dünya

Azərbaycan-Türkiyə birgə təlimi: Gizli oyunçular, İrana verilən böyük mesajlar – “Kaspi”nin TƏHLİLİ + FOTO

Sharing is caring!

Azərbaycanla Türkiyə orduları Bakı, Cəbrayıl, Astara və İmişlidə birgə təlimlər keçirdi, bu hərbi məşqlərin baş tutduğu ərazilər özü də simvolik mesajlarla boldur.

Azərbaycana qarşı tonunu qaldıran və qışqırıqları ilə yalnız öz qulaqlarını deşən İran son günlər Bakını təhdid lövhəsinə yerləşdirib. Siyasi islamın ən məkrli üzü olan İran öz təbliğat kanalları vasitəsilə Qüdsə gedən yolun Bakıdan keçdiyini söyləməklə xəyallar dünyasında Azərbaycanın paytaxtını hədəf taxtasında göstərir.

İranın Bakı ilə bağlı qopardığı tozanağa ən gözəl cavablardan biri Azərbaycan-Türkiyə təlimlərinin paytaxtı da əhatə etməsi oldu, bununla Bakı-Ankara ikilisi Tehranın hədələrinin dişsiz və reallıqdan uzaq olduğunu göstərdi. Yəni kimsə Bakını hərbi təhdidlə qorxuda bilməz və bir hərəkət olarsa, qarşısında Azərbaycanla Türkiyənin vahid ordu gücünü görər.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

Təlimin digər nöqtələri sərhəd zonalarıdır, İran illərdir ki sərhəd zolağını həm qeyri-qanuni ticarət marşrutu kimi istifadə etməyə çalışır, həm də burada ideoloji hab formalaşdırmaq istəyir.

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri İranın bütün sferalar üzrə qara rəngə boyadığı mənzərələrə qarşı fəaliyyət planıdır, obyektivi bir az böyütsək, bu, nəhəng oyunçuların da maraq çevrəsində xüsusi yer tutur.

Böyük Britaniyanın xarici siyasət prioritetlərinin mayası

Böyük Britaniyanın xarici siyasət prioritetlərinin mayası Rusiya və İran təsirlərinin qlobal, regional səviyyədə ən azından minimallaşdırılmasıdır, London bu iki ölkəni öz maraqlarının qarşısında əngəl kimi görür.

Britaniya bir çox məsələdə Azərbaycan və Türkiyənin birgə strateji maraqlarını stimullaşdırır, çünki bu tandem regional gücün tərkib hissəsi olduğundan nüfuz nisbətində dəyişiklik etmək qabiliyyətinə malikdir.

Ona görə də Böyük Britaniya Azərbaycan-Türkiyə hərbi hərəkətliliyini İranla yanaşı, Rusiyaya atıla biləcək ox kimi şərh edir.

Rusiya İrana qarşı etinasızdır

Hər nə qədər təəccüblü gəlsə də, Rusiya özü də İranın regionda təsirlərinin artmasından qısqanc hisslərə qapılır, ona görə ki, Moskva Tehranı bu regionda tarixi rəqib kimi dəyərləndirir.

Rusiya da öz məntiqi ilə Azərbaycanla Türkiyənin əzələ nümayişinin İrana qarşı fon qazanmasından narahat deyil. Rusiya təklənən İranın müdafiəsinə qalxaraq ona qahmar çıxmaq xəttindən uzaqdır və bunu təkcə Kremlin Ukrayna müharibəsində üzləşdiyi itkilərlə əlaqələndirmək də düzgün olmazdı.

Təcrübə özü göstərir ki, Rusiya Qərbin İrana qarşı kükrəyən siyasətinin önünə keçmək xətti tutmaqdan uzaqdır və Tehranın nüvə ambisiyalarından Moskva da narahatdır.

ABŞ İrana qarşı cəbhədə Ankaranın hədsiz önəmini anlayır

Bu, ABŞ-dən açılan panoramadır, Vaşinqton Türkiyənin Cənubi Qafqazdakı hərbi-siyasi mövcudiyyətini qısqanclıqla qarşılaşa da, İrana qarşı cəbhədə Ankaranın hədsiz önəmini anlayır. İranın hayqırtıları fonunda Azərbaycanla ABŞ-nin intensivləşən təmasları İslam Respublikasını narahat edir, çünki mümkündür ki, Bakı-Vaşinqton gündəliyində heç olmasa şərti hərbi təxribatlara qarşı birgə tədbirlər planı yer alır.

İsrail Azərbaycan-Türkiyə tandemi ilə əməkdaşlıqda maraqlıdır

İsrailin İranla əlaqədar planları aktuallaşıb, Təl-Əviv bu niyyətlərini Azərbaycan-Türkiyə tandemi ilə əlaqə quraraq üçlü səviyyədə, qarşılıqlı milli və strateji maraqlarla gerçəkləşdirməyə meyllidir.

Azərbaycan-Türkiyə-İsrail üçbucağındakı əlaqələrə qlobal və regional proseslər prizmasından baxmaq lazımdır. Ankara ilə Təl-Əviv Fələstin məsələsində, Aralıq dənizindəki enerji resursları uğrunda mübarizədə rəqib olsa da, onların Cənubi Qafqazdakı maraqları nə rəqabətə, nə də ziddiyyətə söykənir.

Azərbaycan-Türkiyə-İsrail modeli üç ölkənin Mərkəzi Asiyada da artan maraqlarını təmin edəcək effektiv formuldur və açıq desək, bu məsələdə Təl-Əviv daha çox Ankaranın gücündən istifadə etməkdə maraqlıdır.

Çünki İsrail müsəlmanların çoxluq təşkil etdiyi Mərkəzi Asiyada dostlar axtarır və bunu İranın maraqlarına qarşı çevirən vacib əməl kimi görür.

Üç ölkənin qarşılıqlı maraqlar əsasındakı əlaqələri praqmatizmə və strateji anlaşmaya söykəndiyindən deyə bilərik ki, regional palitrada yeni trio ortaya çıxa bilər.

Ankara Xəzərdə coğrafi təmsilçilik hüququna malik olmasa da… 

Yuxarıda adlarını çəkdiyimiz oyunçuların diqqəti Xəzər dənizindəki təhlükəsizlik mühitinin sağlamlığına yönəlib, burada bir neçə səbəb var. 
Birinci, Xəzər dənizi zəngin ehtiyatlara sahibdir, həm Avropanın enerji bazarlarının tərəzisində çəkisini artırır, həm də İsrailin neft-qaz ehtiyaclarının ödənilməsində həlledici pay sahibidir.

İkinci, Xəzər dənizi güc balansını kövrəkləşdirir, Qərbin önəm verdiyi hövzəyə “bir tərəfdən Rusiya, digər yandan isə İran təhdid yarada bilər” məntiqi, gücləri Azərbaycanın tərəfinə çəkir.

Üçüncü, Türkiyə tranzit ölkə kimi Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasında rola sahibdir və Ankara Xəzər dənizində coğrafi təmsilçilik hüququna malik olmasa da, regiondakı ərazi sularına təhdidlərdən narahatdır.

Deməli, Azərbaycanla Türkiyənin keçirdiyi hərbi təlimlərdən İsrail və Qərbin böyük gücləri qəmə batmır və prosesi inkişaf etdirmək üçün stimullaşdırıcı tədbirlər görürlər.

Təlimlərin sancılandırdığı ölkələrin başında İran gəlir, onun narahatlıqlarını Ermənistan bölüşür, Fransa isə hikkəsində boğulmaqda davam edəcək. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir