Dünya

KTMT və Rusiyanın sirlərini Qərbə ötürən Ermənistan dəstək almaq üçün təzyiqə əl atır – ŞƏRH

Sharing is caring!

Bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək.

Ermənistanın baş naziri Nikol Paşinyan hər nə qədər KTMT-dən yardım istəsə də, bu təşkilatın digər üzvləri Azərbaycanla əməkdaşlığı İrəvanın maraqlarından uca tutublar.

Onu da nəzərə almalıyıq ki, KTMT faktiki olaraq Rusiyanın çətiri altındadır. Rusiya isə Azərbaycanla müəyyən mərhələlərdə siyasi gərginlik yaşasa da, bunu Ermənistanın xeyrinə dəyişmək niyyətində deyil.

Ona görə ki, illərdir Rusiyanın forpostu olan Ermənistan Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Qərbə üz tutdu. Bu isə onun Rusiyanın maraqlarına arxa çevirməsi demək idi və İrəvanla Moskva arasında soyuqluq, ciddi ziddiyyətlər yarandı.

Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra KTMT-yə qarşı təxribatlara imza atdı və o zaman təşkilatın baş katibi olan Yuri Xaçaturova qarşı cinayət işi açdı.

Rusiya bunu KTMT-nin işini iflic vəziyyətə salan cəhd kimi qiymətləndirdi və təbii ki, Moskva bu təhqiri qəbul edə bilməzdi.

Bunlar azmış kimi, Azərbaycan Ermənistanı Vətən müharibəsində məğlubiyyətə düçar edəndən sonra İrəvan yenə də KTMT-yə qarşı təxribatlarını davam etdirdi.

KTMT-ni Azərbaycana qarşı istifadə etmək niyyətinə nail ola bilməyən Ermənistan yenidən hərbi-siyasi təşkilatın fəaliyyətini şübhə altına alan addımlara imza atdı.

Bunlardan biri də odur ki, Ermənistan KTMT çərçivəsində hərbi planlaşdırma və birgə hava hücumundan müdafiə sistemlərinin sxemlərini Qərbə sızdırdı.

Eyni zamanda Rusiya silah sistemlərinin bütün texniki xarakteristikaları, Rusiya döyüş planları, döyüş hazırlığı və hərbi əməliyyatların aparılması metodologiyasının Qərbə ötürülməsi də İrəvanın təxribatlarının davamı idi.

Buna görə də Ermənistan Rusiyadan və KTMT-dən istədiyini ala bilməyəcək. Rusiya isə Ermənistanın bu addımının əvəzini ona ağır ödədəcək.

Onu da qeyd edək ki, KTMT üzvləri olan Qazaxıstan və Belarus da İrəvana xoş münasibət bəsləmirlər.

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistana olan qəzəbini dəfələrlə müxtəlif səviyyələrdə göstərib.

Ermənistan isə oyun oynayır, həm də KTMT-dən dəstək almaq üçün təşkilatın noyabrın 23-də İrəvanda keçiriləcək sammiti ərəfəsində təxribatlara gedir.

Ermənistanda Rusiya və Belarus prezidentləri əleyhinə, həmçinin KTMT-yə qarşı şüarlar səsləndirilməsi İrəvanın təzyiqlə təşkilatdan dəstək almaq xülyalarına xidmət edir.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir