Dünya

Qərbin anti-Rusiya sanksiyaları: Rusiyada iqtisadi durum necə dəyişib? – RƏY + FOTO

Sharing is caring!

Səkkiz aya yaxındır ki, Rusiya iqtisadiyyatı maliyyə tarixində analoqu olmayan sanksiyaların təsiri altındadır. İran, Suriya, Şimali Koreya, Belarus və Venesuelaya qarşı cəmdə 10 mindən bir az çox sanksiya tətbiq olunubsa təkcə Rusiyaya qarşı 12 minə yaxın məhdudiyyət qüvvədədir. Onların 75%-i isə məhz 24 fevraldan (Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı tarix) sonra tətbiq olunub.

Həmin məhdudiyyətlərə Rusiyadan kömür idxalına, bu ölkənin neft sənayesi, aviasiya, dənizçilik və kosmonavtika sahələri üçün mal və texnologiyaların tədarükünə, onun enerji sektoruna yeni investisiya qoyuluşlarına qadağalar daxildir. Eyni zamanda Rusiyaya yarımkeçirici, kompüter, telekommunikasiya, informasiya təhlükəsizliyi avadanlığı, lazer və sensor ixracına qadağa qoyulub.

Ölkə faktiki olaraq qlobal maliyyə sistemindən təcrid olunub. Bu cür təzyiq altında istənilən halda hər hansı iqtisadi artımdan söhbət gedə bilməz. Buna baxmayaraq ölkə iqtisadiyyatının dinamikasının qiymətləndirilməsində müsbət impulslar qeydə alınır. Bunu həm Beynəlxalq Valyuta Fondu (IMF), həm də Dünya Bankının son proqnozlarında görmək olar. Belə ki, IMF-ə görə bu il Rusiya iqtisadiyyatı daha əvvəl gözlənildiyi kimi 6 % deyil 3,4 % azalacaq. Dünya Bankı isə Rusiya iqtisadiyyatının 4,5 % azalacağını deyir. Hərçənd ki, daha əvvəl bu göstəricinin 8,9 % olacağı gözlənilirdi.

Belə bir təsəvvür yaranır ki, sanki sanksiyalar Rusiya iqtisadiyyatını sarsıda bilməyib və təbliğat maşınında da dediyi kimi ziyandan daha çox xeyir gətirir. Lakin bu, əlbəttə ki, belə deyil. Proqnozların yaxşılaşdırılamasına bir sıra faktorlar təsir edib. Əvvəla neft qiymətlərinin rekord həddə olması Rusiyaya yüksək ixrac gəlirləri gətirir. ABŞ və Böyük Britaniya Rusiyadan neft alışını dayandırsa da həmin həcmlərin bir hissəsini Çinə, Hindistana və Türkiyəyə yönləndirmək mümkün olub. Ən əsası isə əsas tədarük bazarı olan Avropa İttifaqı hələ də Rusiyadan neft almaqda davam edir. Çünki Aİ-nin Rusiya neftinə qarşı embarqosu hələ 5 dekabrda qüvvəyə minəcək. Digər tərəfdən müharibənin ilk günlərində kəskin dəyər itirən Rusiya rublu hökumətin valyuta əməliyyatlarına tətbiq etdiyi sərt məhdudiyyətlər fonunda öncə sabitləşdi, daha sonra isə müharibədən əvvəlki səviyyədə qərarlaşdı. Nəticədə inflyasiya proqnozlaşdırılandan aşağı həddə oldu. Bu da əhalinin real gəlirlərinin azalma tempinə birbaşa təsir etdi. Lakin qısa zaman sonra vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək.

Aİ-nin Rusiya neftinə qarşı embarqosu işə düşəndən sonra əsas tədarük bazarı əldən çıxacaq. Fevraldan bu bazar neft məhsullarının da üzünə bağlanacaq. Bu, Rusiya üçün böyük zərbə olacaq. Çünki həmin həcmlərin Şərqə yönləndirməsi əvvəla vaxt alacaq. Digər tərəfdən isə həmin istiqamətdə olan logistik kanallar azad olan həcmləri tam şəkildə qəbul etmək iqtidarında olmayacaq. Eyni zamanda ABŞ və onun müttəfiqləri Rusiya nefti üçün yuxarı qiymət həddinin təyin olunması üzərində iş aparır. ABŞ-ın maliyyə naziri Canet Yellen yuxarı həddin 60 ABŞ dollarında olmasını təklif edir. Hesab edilir ki, bu məbləğ Rusiyanın nefti mənfəətlə hasil etməsi və satması üçün yetərlidir. Bu məhdudiyyətlər reallaşacağı təqdirdə Rusiyanın neft ixracından yüksək gəlir götürmək kimi üstünlüyü əldən çıxacaq. O ki, qaldı möhkəm rubla burada da vəziyyət birmənalı deyil. Onun möhkəmlənməsi tələb və təkliflə deyil inzibati məhdudiyyət tədbirləri nəticəsində süni yolla dollara tələbin aşağı salınması ilə bağlıdır. Məqsəd sosial partlayış doğura biləcək kəskin bahalaşmanı önləmək və inflyasiyanı nəzarətə almaq idi ki, buna da nail olunub.

Dolların rubl qarşısında zəifləməsindən ən böyük zərbəni bir tərəfdən ixracatçılar digər tərəfdən isə yerli istehsalçılar alır. Belə ki, ixracatçılar valyuta gəlirlərini mübadilə edərkən daha az rubl alırlar. Bu isə bəzi hallarda heç xərcləri belə ödəməyə yetərli olmur. Digər tərəfdən bu cür məzənnə yüksək istehlak idxalını stimullaşdırır, daxili istehsalı isə sıradan çıxarır. Çünki idxal məhsullarının qiymətlərinin çox ucuz olması daxili istehsalı rentabelsiz edir. Yəni bu gün möhkəm rubl özü Rusiya iqtisadiyyatı üçün əlavə problemə çevrilib. Həmin mənfi təsirləri daha da dərinləşdirən digər faktor idxalın strukturundakı dəyişikliklərdir. Daha əvvəl idxalın 49 %-ni maşın, avadanlıq və texnologiyalar təşkil edirdi. İndi Rusiya 2021-ci ildə əsas (cəmi xarici ticarət dövriyyənin 36 %-i) ticarət tərəfdaşı olan Aİ-nin və ümumiyyətlə qərbin aparıcı istehsalçılarının yüksək texnoloji məhsullarını, həmçinin sənaye avadanlıqlarını, təyyarə və digər nəqliyyat vasitələrini tədarük edə bilmir. Bunların yerini tez bir zamanda yeni tədarükçülər hesabına doldurmaq isə mümkün deyil. Nəticədə bu ilin fevralından Rusiyanın idxalı təxminən 30 % azalıb.

İşgüzar nüfuzu yerlə bir olan Rusiyanın bundan sonra itirəcəyi bir şey olmadığına görə vəziyyətdən çıxış yolu kimi paralel idxala əl atılıb. Bəs paralel idxal nədir? Bu günə kimi xarici istehsalçı şirkətlər öz məhsullarını Rusiyadakı rəsmi distribütora satırdılar. Oradan isə texnika və məhsullar iri mağazalara göndərilirdi. Bundan sonra isə pərakəndə satıcılar malları Rusiyadan deyil xaricdəki kiçik şirkətlərdən alacaqlar. Paralel idxalla əhatə olunan məhsullara avtomobillər (BMW, Toyota, Audi və s.), elektronika (Apple, Samsung, Intel və s.), onlar üçün komponentlər və müxtəlif sahələr üçün avadanlıqlar daxildir. Lakin hətta bu sxem belə əvvəlki həcmlərdə tədarükü bərpa etməyə imkan verməyəcək. Çünki böyük həcmlərdə məhsul almaq mümkün olmayacaq. Bir məqamı da yaddan çıxarmamaq lazımdır. Sanksiyaları tətbiq edənlər həm də Rusiyanı texnoloji cəhətdən geri salmaq məqsədi güdürlər. Ona görə də həmin məhdudiyyətlərdən yan keçməyə yönəlik istənilən addımların qarşısı alınır. Budan sonra sanksiyalardan yan keçməyə çalışanlar cəzalandırılacaq. Bu, Aİ-nin sonuncu 8-ci sanksiyalar paketində öz əksini tapıb. İndi ayrı-ayrı vətəndaşlar, şirkətlər və strukturlar Rusiyaya idxalına qadağa qoyulmuş malların tədarükünə görə özləri sanksiyalara məruz qalacaqlar.

Yüksək texnologiyaların idxalının kəskin azalması istehsalda ciddi problemlərin yaranmasına gətirib çıxarıb. Sənaye istehsalında müşahidə edilən azalma iyulda da davam edib. Ən acınacaqlı vəziyyət avtomobil sənayesindədir. Çinin “Haval” şirkətindən başqa bütün xarici şirkətlər Rusiyadakı zavodlarını bağlayıblar. Hətta “AvtoVaz” belə xarici komponentlərin yoxluğu şəraitində davamlı istehsal prosesini təşkil edə bilmir. İyulda bütün model xəttini bərpa edəcəyini deyən istehsalçı nəticədə ancaq “Lada Granta” və “Lada Niva”nın ən primitiv (ABS-sız və təhlükəsizlik yastıqlarsız) komplektasiyada buraxılışına nail ola bilib. Digər yerli istehsalçı “UAZ”ın durumu daha da acınacaqlıdır. Sən demə ən populyar modellərdən olan “UAZ Patriot” kritik dərəcədə xarici hissələrdən asılı imiş. Vəziyyət bu cür davam etsə yerli avtomobillər həm texnoloji həm də texniki cəhətdən deqradasiyaya uğrayacaq. Yəni qısa zaman ərzində Asiyadakı tədarükçülər Rusiya bazarından daxili istehsalçıları sıxışdırıb çıxaracaqlar. Bu da milli avtomobil sənayesinin sonu olacaq. Oxşar proseslər sənayenin digər sektorlarında da cərəyan edir.

Rusiyada qismən səfərbərliyin elan edilməsi vəziyyətin pisə doğru gedəcəyi perspektivlərini daha da artırıb. Əvvəla yüz minlərlə insan səfərbərlikdən qaçaraq ölkəni tərk edib. Bunlar əsasən yüksək ixtisaslı kadrlar, o cümlədən informasiya texnologiyaları sahəsində çalışanlardır. İkincisi Rusiya sənayesi faktiki olaraq müharibə relslərinə keçirilir. Yəni prioritet avtomobil və traktor istehsalına deyil tank, təyyarə, top, raket və mərmi istehsalına veriləcək. Çünki döyüş meydanındakı məğlubiyyətlə yanaşı Rusiya ordusunda qeyd edilənlərin kəskin çatışmazlığı var. Bəzi sanksiyalar artıq indi, digərləri isə bir müddət sonra öz mənfi təsirlərini göstərəcək. Yəni Rusiya iqtisadiyyatı istənilən halda sanksiyalardan əhəmiyyətli dərəcədə təsirlənib və zamanla bu proses daha da dərinləşəcək.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir