Cəmiyyət

Şəkidə qonşu kəndlərdə yanğınlar olub

Sharing is caring!

Şəki rayonunda ev və tövlədə yanğın olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəkinin Baş Zəyzid kəndində, 1990-cı il təvəllüdlü İmran Müslüm oğlu Balammədova məxsus ümumi sahəsi 242 kvadratmetr olan kürsülü birmərtəbəli beşotaqlı evdə qeydə alınıb.

Yanğın nəticəsində evin yanar konstruksiyaları, bitişik sahəsi 44 kvadratmetr olan talvarın yanar konstruksiyaları, talvarın altında dayanmış “VAZ-2106” markalı, 55-BO-521 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yanar hissələri və yaxınlıqda sahəsi 88 kvadratmetr olan tövlənin yanar konstruksiyaları, tövlənin damına yığılmış dörd ton ot bağlamasının iki tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində altı baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər mühafizə olunub.

Bundan başqa, rayonun Baş Zəyzid kəndinə qonşu olan Vərəzət kəndində, 1963-cü il təvəllüdlü Əkram İnamalı oğlu Əliyevə məxsus ümumi sahəsi 90 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və damına yığılmış beş ton ot bağlamasının dörd tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində iki baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Yanğın baş verən əraziyə FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Məlumata görə, hər iki hadisəni ev sahibi İmran Balammədovun xalası oğlu tərəfindən törədildiyi ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir