Cəmiyyət

Sus sakini: “Bu gün sevincimin həddi-hüdudu yoxdur”

Sharing is caring!

“Artıq biz də öz yurdumuza, yuvamıza qayıdırıq. Azad və doğma kəndimizə yenidən qovuşacağım anı səbirsizliklə gözləyirəm”.

Bu sözləri “Report”a açıqlamasında Laçın rayonunun Sus kəndinin sakini Səriyyə Ağayeva deyib.

O, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçdiyi ilə bağlı xəbərləri eşidəndən sevincinin həddi-hüdudu olmadığını bildirib.

Ordumuzun Laçın şəhərinə yerləşdiyi xəbərini eşidəndə sevincdən göz yaşlarını saxlaya bilmədiyini deyən kənd sakini bu hissləri yaşatdığına, arzuları reallaşdırdığına görə Azərbaycan Ordusuna, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirib.

Otuz il torpaq həsrətində yaşadığını deyən S.Ağayeva qeyd edib ki, doğma kəndinin azad olunma xəbərini səbirsizliklə gözləyib:

“Bu gün sevincimin həddi-hüdudu yoxdur. Biz Susdan çıxmaq məcburiyyətində qalanda mənim 25 yaşım var idi. Düz 30 il idi ki, torpaqlarımızın, ata-baba yurdumuzun işğaldan azad olunacağı günü gözləyirdik. Biz bu sevincimizi Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və müzəffər ordumuza borcluyuq. Mən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. O cür igid, mərd övladlar böyüdən ailələrin, anaların qarşısında baş əyirəm. Biz onların qanı, canı bahasına bu sevinci yaşaya bilirik. İnanın səmimiyyətimə mən sevincdən söz tapa bilmirəm. Xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilməyib, sevincdən ağladım. Biz Susda evlərimizi, uşaqlığımızı, ayaq izlərimizi qoyub gəlmişik. Çox şükür ki, bu günü də yaşamaq nəsibimiz olsun. Mən laçınlıları, bütün Azərbaycan xalqını bu gün münasibəti ilə təbrik edirəm. Qələbəmiz daimi olsun”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir