Cəmiyyət

“Laçında cəmi üç erməni vardı” – Avropa Məhkəməsində Ermənistana qalib gələn Çıraqovla MÜSAHİBƏ + FOTO/VİDEO

Sharing is caring!

“Laçının 125 kəndindən heç birində bir faiz belə erməni olmayıb. Laçının mərkəzində cəmi üç erməni vardı. Onlardan biri Qurgen adında kişi idi, ikisi isə qadın. Qurgenin üç qızı vardı və üçü də azərbaycanlılara ərə getmişdi, ikisi Şuşada, biri də Laçında yaşayırdı. Qurgen də arabir qızına görə Laçına gəlirdi. Yəni heç daimi sakin də deyildi. Qadınlardan biri məktəbin partiya komitəsinin sədri, digəri isə mamaça işləyirdi. İşləri səbəbi ilə Laçındaydılar. Ona görə də Laçında yaşadıqlarını demək olmaz. Onlar Laçın camaatının içərisində ömürlük həyat sürə bilməyəcəklərini gözəl bilirdilər. Əsas əlaqə yerləri Gorus və Xankəndi şəhəri idi”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb qalib gələn altı laçınlıdan biri olan Çıraqov Adışirin Şükür oğlu deyib.

Oxu.Az müsahibəni təqdim edir:

– İlk olaraq özünüz, uşaqlığınız, Laçın xatirələriniz haqda danışmağınızı istərdik.

– 1947-ci il avqustun 5-də Laçın rayonunun Çıraqlı kəndində anadan olmuşam. Ailədə üç qardaş, bir bacı olmuşuq. Beş yaşım olanda atamı itirmişəm. Atam İkinci Dünya müharibəsində Moskvadan Berlinə qədər döyüş yolu keçib, amma qismət elə gətirib ki, balalarını böyütməyə ömrü yetməyib. Laçında fizika-riyaziyyat təmayüllü orta məktəbin birinci buraxılışlarından olmuşam. Medalla təltif olunmuşam. Bundan sonra Neft-Kimya Prosesləri İnstitutunda təhsil almışam.

Səhhətim Bakı şəhərində qalıb təyinat yerlərinə getməyə imkan vermədiyindən Laçın rayonunun Kamallı və Çıraqlı kəndlərində fizika-riyaziyyat müəllimi kimi çalışmışam. İkinci ali təhsilimi isə Xankəndi şəhərində almışam. Uzun müddət – Laçın işğal olunanadək kəndimizdə məktəb direktoru kimi fəaliyyət göstərmişəm. Qarabağ qazisiyəm. Üç övladım – iki qızım, bir oğlum var. İndi oğlumun yanında yaşayıram.

Qardaşım Elxan Çıraqov da Laçında müəllim işləyib. Bakı Dövlət Universitetinin Kimya-biologiya fakültəsində təhsil alıb və qonşu Kamallı kəndində dərs deyib. Biz Laçında arıçılıqla da məşğul olmuşuq. İndi də məşğuluq, amma əlimiz elə də bala batmayıb (gülür). Bu il iyun ayının 25-də Laçına rəsmi icazə ilə doqquz yeşik arı göndərdik. Hazırda məhsul əldə etmişik. Ən dadlı baldır.

– İşğalı necə xatırlayırsınız?

– İşğal günü mən kənddə olmamışam, döyüş bölgəsində idim. Birinci Qarabağ müharibəsi başlayanda hərbi rütbəm olduğuna görə 45 yaşımda müharibəyə yollanmışam. Kapitan olaraq döyüşmüşəm. Əfqanıstana çağırılan bir zabit kimi öz rayonumda gedən döyüşdən kənarda qala bilməzdim. Döyüşdə iki dəfə yaralanmışam. 1992-ci il oktyabrın 23-də qəlpə yarası almışam. Helikopterlə Yevlaxa, oradan da Ələt hospitalına gətiriblər. Orada müalicə aldıqdan sonra bir də orduya qayıtmışam.

Silahdan əlimiz üzüləndən sonra isə ermənilərin bizə etdiyi zülmlərə görə dinclik tapa bilmirdim. Hələ Kəlbəcər işğal olunmamış lazımi orqanlara müraciət elədim ki, mən vaxtilə əsgərim olmuş şəxslərlə birlikdə Laçın-Kəlbəcər ərazisinə keçib partizan hərəkatı etmək istəyirəm. Qisas almaq istəyirdim. Çünki bizim nəsil 500 ilə qədər Laçın ərazisində yaşayıb. Bizim kəndlərin başına belə bir zülm heç vaxt gəlməmişdi. Şuşa, başqa həmsərhəd rayonlar erməni təxribatından zərər çəksə də, Laçının təbii coğrafiyası, səngəri buna imkan vermirdi.

Biz nəinki Gorus-Qarakilsə (Sisian) rayonlarıyla sərhəddə ermənilərin qarşısında duracaq, hətta bütün Ermənistana lazımi dərsi verəcək gücdəydik. Əgər Laçın rayonunun arxasında duran bir rəhbərlik olsaydı, belə də olardı.

– Məcburi köçkün həyatınız haralarda keçib?

– Xocalıdakı taleni yaşamamaqdan ötrü yol kəsilən kimi bəzi kəndlərin, o cümlədən də bizim kəndin əhalisi Kəlbəcər və Qubadlı ərazisindən çıxmışdı. Döyüşdə olduğum üçün ailəmdən, övladlarımdan xəbərim yox idi. Qardaşım Elxan və qaynım Xəlil İlyasov ailəmi oradan çıxarıb, özləri ilə İsmayıllıya, Tərtərə, Bakıya aparmışdılar. Daim hərbidə olduğuma görə heç o vaxt zabitlərə verilən evlərdən yararlanıb ailəmi dinc həyatla da təmin edə bilməmişəm. 

– Müəllimlik fəaliyyətinizi Laçından çıxandan sonra da davam etdirdinizmi?

– Tərxis olunandan sonra istədim ki, müəllim fəaliyyəti ilə məşğul olum. 1994-cü ildə Hövsanda Laçın rayonunun qaçqın məktəbini açdım. Amma şərait olmadığı üçün üç il sonra məktəb bağlandı. Ondan sonra da mən qaçqın kimi az miqdarda əməkhaqqı aldım, dolanışığa kifayət etməyən pensiya aldıq, elə onunla da dolandıq. Qardaşım da birinci mən açdığım məktəbdə müəllim kimi işlədi. Ondan sonra digər məktəblərdə çalışdı. 65 yaşında da müəllimlikdən təqaüdə çıxdı. Yeddinci ildir ki, pensiya alır. Yay vaxtı səhhətimlə bağlı Şamaxıya gedib orada qalıram. İndi Laçına getmək üçün Bakıya gəlmişdim, təkrar qayıdacam. Amma daimi yaşayış yerim Xətai rayonu, NZS qəsəbəsidir. Qardaşım Elxan isə Masazırda yaşayır.

– Yaşadığınız dövrdə Laçında nə qədər erməni vardı?

– Biz Laçında yaşayanda orada nə qədər erməninin yaşadığını dəqiq bilirəm. Çünki Laçının 125 kəndindən heç birində bir faiz belə erməni olmayıb. Laçının mərkəzində cəmi üç erməni vardı. Onlardan biri Qurgen adında kişi idi, ikisi isə qadın. Qurgenin üç qızı vardı və üçü də azərbaycanlılara ərə getmişdi, ikisi Şuşada, biri də Laçında yaşayırdı. Qurgen də arabir qızına görə Laçına gəlirdi. Yəni heç daimi sakin də deyildi. Qadınlardan biri məktəbin partiya komitəsinin sədri, digəri isə mamaça işləyirdi. İşləri səbəbi ilə Laçındaydılar. Ona görə də Laçında yaşadıqlarını demək olmaz. Onlar Laçın camaatının içərisində ömürlük həyat sürə bilməyəcəklərini bilirdilər. Əsas əlaqə yerləri Gorus və Xankəndi şəhəri idi.

– Necə oldu ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək qərarına gəldiniz?

– Təsadüfən Londonda yaşayan Türkiyə vətəndaşı, tanınmış vəkil Kərim Yıldızla tanış olduq. Onun hüquq bürosu var. O, “Mən sizin Avropa Məhkəməsində ermənilərə qarşı olan iddialarınızı qaldıra bilərəm”, – dedi. Bizim məhv olmuş əmlakımızın siyahısını tutdular. Düzü, başda onun bizim işi Avropa Məhkəməsinə çıxaracağına tərəddüdlə yanaşırdım. Amma yenə də hərəmiz bir vərəq yazıb verdik.

Altı nəfər idik – Elxan Çıraqov, Fəxrəddin Paşayev, Akif Həsənov, Qaraca Cəbrayılov, Ramiz Cəbrayılov və mən. Fəxrəddin Paşayev yol mühəndisi idi, Ramiz Cəbrayılovun Laçında maşın təmir sexi vardı. Akif Həsənov isə öz kəndlərində məktəb direktoru idi. Qaraca Cəbrayılov rəhmətə gedəndən sonra oğlu Sağatel Cəbrayılov işi davam etdirdi. O, taksi sürücüsü idi. Laçında bircə onların evi salamat qalıb. Ermənilər təmtəraqlı şəkildə evi rəngləyib istifadə ediblər. Amma rusiyalı sülhməramlılar ona evinin şəklini çəkməyə imkan vermədilər.

Keçim məhkəmə məsələsinə. Kərim bizə başdan bu işin illər çəkəcəyini demişdi. Fəxrəddin Paşayev Kərimlə mənsiz tanış olmuşdu. Amma mən tanış olandan sonra bu işi tutmaq qərarına gəldik. 2005-ci ildə Avropa Məhkəməsinin illik hesabatı dərc olunan jurnalda yazıldı ki, “Çıraqovlar və digərlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə verdiyi iş icraata götürülüb, il ərzində ona baxılacaq”.

Nəticə əldə etməyimiz illər çəkdi. Bizdən onlarla sənəd tələb edildi. Hamısı ingilis dilinə tərcümə edilib göndərildi. Bizim maddi cəhətdən vəkil tutmağa imkanımız olmadığına görə əmlakımız və gəlirimiz haqqında da sənəd tərcümə etdirib göndərdik. O sənədə əsasən, biz məhkəmədə qalib olsaq, uduzan tərəf bizim vəkilin də zəhmət haqqını ödəməliydi.

– AİHM müraciətinizlə bağlı on il sonra qərar çıxardı, həmin qərar sizin üçün qaneedici oldumu?

Azərbaycan torpaqlarının vaxtaşırı “kəsilib” Ermənistana verilməsinə, eləcə də illər ərzində Ermənistana qarşı heç bir hüquqi müstəvidə Azərbaycanın haqlı olduğunun sübutu olmadığına baxdıqda bizim bu iş ilk müjdədir. Ona görə də bizi qane edir. Amma onların bizim işlərə ikili standartlarla baxmaları xoşagələn hal deyil. Ayırdıqları kompensasiya da çox azdır. Sadəcə onu diqqətə almaq lazımdır ki, o ali məhkəmənin 24 heyət üzvündən sadəcə ikisi müsəlman idi. Biri türkiyəli, digəri isə Xanlar Hacıyev idi. Bu iki türklə biz o qalibiyyəti əldə etmişiksə, bu, Azərbaycan və bizim üçün zirvəni fəth etməkdir.

Kompensasiyanın həcmi bir ailə üçün beş min avro idi. Amma simvolik bir şeydir, çünki Avropada bir fəhlənin aylıq əməkhaqqıdır. Başda onun bizə lazım olmadığını bildirmişdim. Amma sonra mənə siqnal verdilər ki, hətta məbləğ 10 sent olsa belə, bu, sübut edir ki, erməni müqəssirdir, kompensasiya verməlidir.  Məbləğin belə az olmasının bir səbəbi də odur ki, ermənilər hələ ki təkcə altı nəfərin hər birinə beş min avro ödəməlidirlər, amma bizim bir milyon məcburi köçkünümüz var, onlar da haqlarını tələb edəcəklər və ermənilər onlara da kompensasiya ödəməli olacaqlar. Ermənistan hər qaçqına bu qədər kompensasiya ödəsə, elə özü yox olub gedəcək. Bizim kompensasiyanı belə, hələ ödəməyiblər, amma bizim vəkil bizi arxayın salır ki, ödəniləcək. Çünki elə vəkillərin də ödənişi oradan olacaq.

– Torpaqlarımız azad edildikdən sonra Laçına ilk səfəriniz nə vaxt olub?

– Laçın torpağına mən dövlətimizin təşəbbüsü ilə ötən il avqustun 3-də ayaqyalın qədəm basdım. Sağlamlığım imkan versəydi, sürünə-sürünə gedərdim. Orada dəsmalımızı göz yaşımızla islatmaqdan başqa bir fəaliyyətimiz olmadı. Laçından aldığımız nəfəsdən, içdiyimiz sudan başqa bir gözləntimiz yoxdur. Ona görə də qəlbimdən belə bir bayatı keçdi:

Əziziyəm, dolan, gözüm,

Gəz, gözüm, dolan, gözüm,

Gəlmisən ata yurda,

Bax, özünü doyur, gözüm. (Gözləri dolur)

Laçınlıların hamısı o dağların həsrətindədir. Biz mütləq torpaqlarımıza qayıdacağıq. Qayıdanda isə yaşım ancaq ona imkan verir ki, dövlətin verdiyi pulu alıb, elə onunla dolanam.

– Son səfərinizlə bağlı da təəssüratınızı bölüşə bilərsiniz?

– Müxbirlər, idmançılarla birlikdə 40 nəfər getmişdik. Laçının Çıraqlı, Ağbulaq və Kamallı kəndlərində, evlərimizin yanında müsahibə verdik.

Ermənistan son vaxtlar Azərbaycanı durmadan Avropa İnsan Hüquqları Məhkəməsinə verir. Amma işləri icraata götürülmür. Çünki haqsız iddia qaldırırlar. Lakin biz bir dəfə iddia qaldırmışıq və qazanmışıq. Səfərimizin də əsas mahiyyəti o idi ki, biz Ermənistana Azərbaycanın bir milyon əhalisini məcburi köçkün etdiyini və o bir milyon insanın Ermənistana qarşı iddia qaldırıb kompensasiya tələb edəcəyini göstərək. Yəni Ermənistanın saxta iddialarına cavab kimi biz Laçına aparıldıq. Onlara qalib olduğumuz xatırladıldı.

Biz tanıdığımız laçınlıların hamısına belə iddia qaldırmağı tövsiyə edirik. Onlara vəziyyəti izah edirik. Ermənilər bizi didərgin salıblar. İstəyirəm ki, hamı Ermənistandan təzminat alsın və onların üzünə tüpürsün. 

– İşğaldan əvvələ aid əlinizdə hansısa foto və ya video var?

– Sadıqov Oqtay adlı bir Laçın sakini vardı. Hüquqşünas idi, indi rəhmətə gedib. Qaçqınlıqdan əvvəl o, məktəbin yanında bizi öz kamerası ilə 18 iyun 1987-ci ildə lentə aldı. Kəndin yaşlı nəslindən adamlar çağırmağımı, onlarla birlikdə Laçının tarixindən, erməni-müsəlman davasından danışmağımızı istədi. Mən də anamın dayısını çağırdım. O, Sultan bəyin silahdaşı olub, Sultan və Xosrov bəylə xatirələrini həmin kameraya danışıb. Həmin materialın bir hissəsi əlimizdə var. Sizinlə də bölüşəcəm. Orada sarı kostyumdakı mənəm, imtahandan çıxan uşaqlarımız da videoda düşüblər. Həmin videoda dağlarımız, Minkənd çayı, mənim və qardaşımın evi də tam düşüb. İndi həmin evlər tamamilə dağıdılıb. Kənd qəbiristanlığı xatırladır. Ancaq kol-kosun içində yarımçıq divarlar var.

Sayad Həsənli
Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir