Cəmiyyət

Ermənistana qarşı iddia qaldırmış laçınlı: “Bu torpağa böyük məhəbbətimiz, sevgimiz var”

Sharing is caring!

“Laçın rayonunun Kamallı kəndində doğulmuşam. Laçın şəhəri işğal edilənə qədər orada yaşamışam”.

Bu fikirləri “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında yerli sakin Fəxrəddin Paşayev deyib.

O bildirib ki, ulu babaları da Kamallı kəndində yaşayıblar:

“Əfsuslar olsun ki, 1992-ci ilin may ayının 18-də doğma yurdum düşmən tərəfindən işğal edildi. Təcavüzkar ermənilər kəndimizi məhv edərək xarabalığa çeviriblər. Vəhşilər evlərə, təbiətə zərbə vurmaqla düşünüblər ki, bura yerli sakinlər qayıtmayacaqlar. Ancaq böyük səhv ediblər. Bizim bu torpağa böyük məhəbbətimiz, sevgimiz var”.

“Biz 2005-ci ildə altı laçınlı məcburi köçkün və müharibə veteranı – mən, Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov və Qaraca Cəbrayılov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etdik. Çox uzun və gərgin mübarizədən sonra 2015-ci ildə məhkəmə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə xeyrimizə qərar çıxardı. Lakin Ermənistan hələ də qərarın icrasını gecikdirir. Onlar utanmadan bizim əleyhimizə Avropa Məhkəməsində iddia qaldırırlar. Məhkəmə ermənilərin iddialarını rədd edir. Biz altı zərərçəkmişin xeyrinə Avropa Məhkəməsi simvolik olaraq altı min avroluq qərar çıxarıb. Hansı ki, bizə dəyən ziyan iki milyon civarındadır. Biz bunları faktlarla sübuta yetirmişik. Bundan sonra da iddialarımız tam təmin olunana qədər Ermənistana qarşı öz mübarizəmizi dayandırmayacağıq”, – Laçın sakini vurğulayıb.

F.Paşayev digər laçınlılara da müraciət edib:

“Biz istəyirik ki, digər laçınlı məcburi köçkünlər də Ermənistana qarşı iddia qaldırsınlar. Biz həmin şəxslərlə öz təcrübəmizi bölüşməyə hazırıq və onlara dəstək göstərə bilərik. Biz bütün dünyaya sübut edəcəyik ki, Ermənistan işğalçı dövlətdir”.

Qeyd edək ki, altı nəfər laçınlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən, zərərçəkmiş kimi tanınıb. Həmin məcburi köçkünlər bu günlərdə doğma Laçın rayonuna səfər ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir