Cəmiyyət

Övladının gələcəyini erkən yaşda “ər çörəyi”nə dəyişənlər: “Hər kənddə azı bir qadın müəllim olmalıdır” – FOTO

Sharing is caring!

Günümüzün aktual problemlərindən biri də qızların erkən yaşda nikaha sövq edilməsidir. Belə acı tale yaşayan qızlarımız təhsildən yayınırlar. Savadsız ana – savadsız gələcək deməkdir.

Maraqlıdır, bunun qarşısını necə almaq olar? Cəmiyyətimizin savadlı gələcəyi üçün nə etməliyik?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib ki, qızların erkən nikaha sövq edilməsi təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin problemidir:

“Bu gün, təəssüf ki, kənd yerlərində erkən nikahlara, qızların tez ərə verilməsinə nadir hallarda olsa da rast gəlinir. Belə hallar sonradan problemlərə səbəb ola bilir. Həyat yoldaşını itirən, boşanan təhsilsiz qadınlar ata evinə dönmək və ya övladını tək böyütmək məcburiyyətində qalırlar. Bir ailənin səhvinin nəticəsində qızlar bədbəxt olurlar”.

M.Qasımlı qeyd edib ki, qızları tam şəkildə təhsilə cəlb etməliyik:

“Hesab edirəm ki, ilk növbədə valideynlər qız övladlarının gələcəyini düşünməli, onlara, ən azı, orta təhsil verməlidirlər. Orta məktəbi yaxşı bitirən bir qız ali məktəbə qəbul olunmasa belə, ailə qurarkən övladlarının dərsi ilə məşğul olacaq.

Bu hallara daha çox bölgələrdə rast gəlmək olur. Qız ali məktəbə qəbul olunarsa, həyat yoldaşının imkanı olarsa, işləməzsə, yenə də övladlarının təhsili ilə məşğul olar. Məktəb direktorları, direktor müavinləri, müəllimlər kənd yerlərində qızların tam şəkildə məktəbə cəlb olunmasına nail olmalıdırlar. Kənd ziyalıları bu işdə təsirli rol oynaya bilərlər”.

Deputat demokrat yazıçımız Mirzə Cəlilin sözlərini əlavə edib:

“Millətimizin gələcəyi anaların əlindədir. Fikrimcə, Elm və Təhsil Nazirliyi hər bir kənddə ən azı bir qadın müəllimin işləməsinə dair proqram hazırlaya və tətbiq edə bilər. Kənd qızları həmin qadın müəllimə qoşulub, həvəslə məktəbə gedəcəklər. Kütləvi informasiya vasitələri, sosial platformalar və qeyri-hökumət təşkilatları qızların erkən nikahına qarşı geniş təbliğat işləri apara bilərlər. Biz bir millət olaraq bu günlərə elm və təhsilimizin sayəsində gəlib çatmışıq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir