Cəmiyyət

Ekspertdən Tarif Şurasının yanacaq qiymətinə dair qərarı ilə bağlı ŞƏRH: “Dövlət bunu əhali üçün edir” – FOTO

Sharing is caring!

Tarif (qiymət) Şurasının iyulun 26-da keçirilən növbəti iclasında benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb: Aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir.
Bu barədə Tarif (qiymət) Şurasının yaydığı məlumatda qeyd edilib. 

Məlumatda qeyd olunur ki, SOCAR-ın müraciəti əsasında belə halların aradan qaldırılması və təchizat tariflərinin optimallaşdırılması məqsədi ilə benzin və dizel üzrə pərakəndə satış tarifləri mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla, tarif zəncirində dəyişiklik edilərək topdansatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab edilib. 

Tarif zəncirinə edilən dəyişiklik konkret olaraq özünü necə göstərəcək?

Eyni zamanda Tarif (qiymət) Şurasının qərarı ilə benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, pərakəndə satış üçün mövcud 100 manat/ton marjası 108 manat/ton, həmçinin həmin məhsulların borular vasitəsilə yeni nəql tarifi isə 3 manat/ton səviyyəsində müəyyənləşdirilib. 

Əgər nəql tarifi dəyişirsə, bu, yaxın gələcəkdə satış qiymətlərinə də təsir göstərəcək, yoxsa yox?

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, bu qərarın alıcılara, benzin və dizel istifadəçilərinə heç bir təsiri olmayacaq:

“Qərarda pərakəndə satış qiymətlərinin dəyişdirilmədiyi göstərilir. Amma yanacağın alış qiyməti, daşıma xərcləri, saxlanması və s. xərcləri ilə bağlı prosesdə iştirak edən təsərrüfat subyektləri bir-biri ilə qarşılıqlı hesablaşmalar aparırdılar. Görünür ki, əvvəlki tənzimlənən siyasət effektiv olmayıb və maliyyə intizamının pozulmasına gətirib çıxarıb. Bu məqsədlə Tarif Şurası qiymətəmələgəlmə zəncirində dəyişiklik edib. Ona görə də hazırda yanacaq alıcılarını çox da narahat edəcək məqam yoxdur.

Burada söhbət qiymətin tərkibində olan hissələrin subyektlər arasında yenidən bölüşdürülməsindən gedir. Bu daha çox, yanacaq satışında, nəqlində iştirak edən qurumların fəaliyyətinə təsir edəcək”.

O ki qaldı yanacaq qiymətlərinin bahalaşması ehtimalına, ekspert qeyd edib ki, ümumi olaraq benzin və dizelin hazırda pərakəndə satış qiymətləri aşağıdır:

“Dövlət hesab edir ki, qiyməti bu cür saxlamaq məqsədəuyğundur. Əgər dizelin qiyməti qalxsa, satış məhsullarının bazardakı qiymətlərinə də təsir edəcək. Buna görə də dövlət “Aİ 92” yanacağının və dizelin qiymətinin dəyişdirilməsini məqsədəuyğun hesab etmir. Dövlət bunu əhali üçün edir”.

Ekspert yanacağın dünya üzrə qiymətlərinə də toxunub:

“Hazırda dünya üzrə neftin, yanacağın qiymətləri onu deməyə əsas verir ki, dövlət hazırda bu yanacaq növləri üzrə iqtisadiyyatın subsidiyalaşmasını aparır. Belə ki, qiyməti artırmayaraq qazancdan məhrum olur, zərəri də özü ödəyir”.

“Qərarda əsas nüans qiymətlərin qalxıb-qalmamasıdır ki, insanları da düşündürən məqam budur. Deyə bilərəm ki, bu artıq sırf hökumətin qərarından asılı olacaq. Dizel və “Aİ-92” yanacaq növləri tənzimlənən qiymətlər siyahısına daxildir. Yəqin ki, inflyasiya meyilləri aradan qalxdıqdan sonra dövlət maliyyə dəyərlərinə yenidən baxacaq. Amma bu, yaxın zamanda olmayacaq”, –  deyə X.Kazımlı sonda qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir