Cəmiyyət

Türkan sakinlərinin su probleminə “Azərsu” ASC-dən AÇIQLAMA: “Hər iki magistral tam yüklənib”

Sharing is caring!

Xəzər rayon Türkan qəsəbəsinin sakinləri su problemindən əziyyət çəkirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət daxil olub.

Belə ki, söhbət Türkan Aqroprom bağları massivinin sakinlərindən gedir. Vətəndaşlar deyirlər ki, orada həm daimi bağ sakinləri, həm də yay istirahəti üçün gələn ziyalılar, elm işçiləri yaşayırlar:

“Bizim müraciət etmə səbəbimiz yaşadığımız ərazidə mövcud olan içməli su problemidir. Yaşadığımız ərazinin 20-30 metr yaxınlığında su xətləri çəkilib. Soruşanda isə: “Siz layihədə yoxsunuz”, – deyirlər. Halbuki, divarın digər tərəfindəki qonşumuza da su xətti çəkilib. Bu o deməkdir ki, biz layihədə varıq, bizim üçün vəsait də ayrılıb. Bizə nə üçün laqeyd yanaşılır, başa düşə bilmirik. Neçə dəfə müraciət etməyimizə baxmayaraq, heç bir cavab ala bilmirik. Bu da aidiyyəti orqanların səhlənkarlığından irəli gəlir. 

Ölkəmiz günü-gündən inkişaf edir, biz isə hələ də içməli su, yol, nəqliyyat və s. problemlərin həllinə nail ola bilmirik. Yaxınlığımıza qədər xətlərin çəkilib, bizim evlərimizə çəkilməməsi ən böyük haqsızlıqdır. Sizdən xahiş edirik ki, bu mövzu ilə bağlı bizə kömək edəsiniz”.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirib ki, bağ massivi də daxil olmaqla Türkan qəsəbəsində əhalinin təxminən 30 faizi mərkəzləşmiş su xətti ilə təmin edilib:

“Əhalinin 70 faizi isə suya olan tələbatını fərdi qaydada – ya maşınlarla daşınan su ilə, ya da quyu suyu ilə – ödəyir. Burada layihələr mərhələli şəkildə həyata keçirilir. Ümumiyyətlə, Bakıətrafı qəsəbələrdə hər il mərhələli şəkildə işlər görülür. Layihə təsdiqlənən küçəyə qədər icra olunur, sonrakı küçələr isə növbəti mərhələyə saxlanılır. Biz vətəndaşların müraciətini anlayırıq.

Bakıətrafı qəsəbələrin hamısında işlər mərhələlərlə həyata keçirilir. Şəhərin şərq hissəsində insanların su təminatının dayanıqlılığı, su almayan vətəndaşların su ilə təmin olunması ilə bağlı bu ildən yeni bir layihənin icrasına başlayırıq. Bu günə qədər Ceyranbatandan şəhərin şərq hissəsinə iki magistral su xətti çəkilib. Onlardan biri sovet dövründə tikilən Ceyranbatan-Maştağa, digəri isə 2013-cü ildə istismara verilən Ceyranbatan-Zirə su xəttidir. Artıq bu iki magistral tam yüklənib, ərazidə yaşayan və suyu olmayan insanların su ilə təmin olunması üçün hökmən əlavə, üçüncü magistral su xəttinə ehtiyac var. Yəni üçüncü magistral kəmər tikilməlidir”.

Məlumatda o da qeyd olunub ki, bununla bağlı dövlət büdcəsindən ilkin vəsait ayrılıb:

“2022-ci ildən o layihənin icrasına başlanacaq, gələn il də davam etdiriləcək. Üçüncü magistral kəmərin çəkilməsi imkan verəcək ki, Zirə, Türkan, Binə, Dübəndi, Şağan, Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə, su olmayan ərazilərdə qurulacaq şəbəkələr su ilə təmin edilsin. Bu işlər paralel yerinə yetirməklə əhalinin içməli su ilə təminatı həyata keçiriləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir