Cəmiyyət

Qəza törədib hadisə yerindən qaçdı: Sürücünü hansı cəza gözləyir? – FOTO/VİDEO

Sharing is caring!

Ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı hərəkət iştirakçıları arasında mütləq qaydada mübahisə yaranır. Aydın məsələdir ki, yol-nəqliyyat hadisəsi istər qəza şəraiti yaradan, istərsə də digər hərəkət iştirakçıları üçün həyati təhlükə deməkdir. Bu səbəbdən qəza anında aqressiv yanaşmalar başa düşüləndir.

Lakin bu kimi hallarda qanunun tələblərini bilmək və aidiyyəti üzrə əməl etmək hər bir hərəkət iştirakçısının borcudur.

Sosial şəbəkədə ötən gün səhər saatlarında baş verən qəzanın görüntüləri yayılıb. Sürücü Sabir Əhmədov ötən gün baş verən qəza barədə yazır:

“Dostlar, Qubadan Bakıya qayıdanda 07:40 radələrində birtərəfli yolda qarşı tərəfdən gələn bir nəqliyyat vasitəsi ötmə əməliyyatına keçdi. Düz üzbəüz gəldik. Nə qədər siqnal versəm də, qarşı tərəf buna əhəmiyyət vermədi. Maşında beş nəfər vardı. Mən qəzadan yayınmaq üçün məcbur qalıb sükanı yolun sağındakı dəmir maneələrə doğru çevirdim. Dəmirlərə çırpıldıq, ailə üzvlərim yüngül bədən xəsarətləri alıblar. Maşına isə ciddi maddi ziyan dəyib. Şükür ki, ölüm olmadı.

Qarşı tərəf isə heç nə olmamış kimi hadisə yerindən qaçdı”.

Sözügedən hadisə baş vermiş qəzalardan biridir. Ani bir diqqətsizlik insan həyatına son verə bilər. 

Bütün insani keyfiyyətlər, mənəviyyat bir kənara, bəs məsələyə qanuni münasibət nədir? Bu kimi hallarda qanunla şəxs və ya şəxslər hansı məsuliyyətə cəlb oluna bilər?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarənin mətbuat  xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əgər yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb kimi hadisə yerindən yayınan sürücünün təqsiri sübuta yetirilərsə, bu halda həmin şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.6-cı maddəsinə əsasən protokol tərtib edilir.

Qeyd edək ki, bu maddənin tələblərinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünə yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə 4 bal və 100 manat məbləğində cəza tətbiq edilir. 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir