Cəmiyyət

Molla rejimi, qorxursunuz? Məncə də, qorxmağa dəyər… – FOTO

Sharing is caring!

Rövşən Əsədov yazır…

İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xameneinin öz şəxsi hesabından yazdığı tvit sükutu pozdu. Deyir ki, Qarabağın Azərbaycana qayıtmasına sevinir, lakin işin içində İran-Ermənistan sərhədlərinin bloklanması varsa, İran buna qarşı çıxacaq. Həmçinin qeyd edir ki, İran-Ermənistan sərhədi minillik əlaqələrin nəticəsidir. 

Bu açıqlamadan da göründüyü kimi, İranın Azərbaycana qarşı mövqeyi, münasibəti siyasi müstəvidən çıxaraq açıq-aşkar düşmənçilik xarakteri daşıyır. 

Nə üçün? 

Tarixə nəzər salsaq, daha dəqiq, Xameneinin dediyi kimi, minilliklər öncəyə nəzər salsaq, görərik ki, ayətullah Seyid Əli Xameneinin oturub tvit yazdığı məmləkət elə türk oğlu türklərin onlara qoyub getdiyi yadigardır – Astiaqın qızı Mandananın oğlu Kirin hökmranlıq elədiyi torpaqlardır. 

Türklərə, bizə qarşı səslənən bu sərsəm ifadələr də elə məhz tarixən türklərin hakim olduqları torpaqların üzərindən ünvanlanır.

O torpaqlar ki, onu Xətailər qoruyub, o torpaqlar ki, Təhmasiblər onu geniş imperiyaya çevirib, o torpaqlar ki, onu Şah Abbaslar möhkəmlədib, o torpaqlar ki, onu Nadir şahlar Əfqanıstana, Hindistana qədər genişləndirib, o torpaqlar ki, Qacarlar onu daha da qüdrətləndirib. 

Türklərdən yadigar qalan torpaqların üzərindən türklərə tarix dərsi keçmək?!

İran adlanan coğrafi məkanda 37 milyon türk, az sayda isə erməni yaşayır. Tarix yazan, mərdlikləri, cəsarəti ilə dünyaya meydan oxuyan türklərin deyil, tarixən satqınlıq və xəyanətlə məşğul olan erməninin ətəyində namaz qılan Xameneiyə tarix şilləsi vurmağın tam zamanıdır. 

Yeni tarixə nəzər salsaq da, eyni mənzərədir. Necə olur, Fələstində bir nəfərin burnu qanayanda bəyanatları bəyanata calayan, Allahın evində (məscid – red.) bütün müsəlmanları cihada səsləyən molla hökuməti Xocalıda fəryad edən anaların, bacıların, türklərin, müsəlmanların səsini eşitməz oldu? Bu da azmış kimi, bu vəhşəti, dünyada misli görünməmiş cinayəti, vandallığı törədən ermənilərlə minillik tarixdən dəm vurur indi? Demək ki, fars molla rejimi üçün önəmli olan din yox, qardaşlıq, qonşuluq yox, satqın, xain və məkrli siyasətdir. 

Əgər müsəlman olduğunuzu iddia edirsinizsə, o zaman dərinizə təmas etmiş maskanızı bir kənara qoyub kişi kimi həqiqətin gözünün içinə dik baxın, yox, əgər müsəlman deyilsinizsə, əmmamələrinizi boğazınıza dolayıb özünüzü də, bəşəriyyəti də molla bəlasından xilas edin…

Bir ölkə düşünün, nə qadın, nə mətbuat, nə dil, nə din azadlığı, nə də demokratik azadlıqlar var. Bir ölkə düşünün, orada öz hüquq və azadlıqlarını tələb edən insanlar yolun ortasındaca asılaraq edam edilir. Bir ölkə düşünün ki, bütün bu vəhşiliklərinə rəğmən, özünü müsəlman dövləti adlandırır. 

Azərbaycana qarşı belə düşmən mövqeyində olmağınızı da başa düşürük.

Qüdrətlənməyimizdən, güclənməyimizdən qorxursunuz. Qorxursunuz ki, güneyli-quzeyli Azərbaycan xalqı birləşmək eşqinə düşər. Qorxursunuz! Məncə də, qorxmağa dəyər. Türkün yurdunda oturub farsın dilində danışan məxluqlar bundan qorxmalıdır! 

İran adlanan coğrafi məkanı xalqlar həbsxanasına çevirərək orada insanlığa xas olmayan zülm və məşəqqətlər tətbiq etməyin, azadlıqları məhdudlaşdırmağın, insanları dar ağacından asmaqla onları qorxudaraq hökmranlıq etməyin, Azərbaycana qarşı bu cür xəyanətkar mövqedə durmağın, düşmənçilik siyasəti yürütməyin sonu heç də yaxşı olmayacaq. 

Birinci Qarabağ müharibəsində erməni səngərlərindən çıxan İran istehsalı olan qidaları, ərzaqları da xatırlatmaq yerinə düşər. İranın işğal altında olan Azərbaycan kəndlərindən talan-qarət etdiyi, yağmaladığı evlərimizi də unutmamışıq. İkinci Qarabağ müharibəsində də xəyanətlərindən qalmadılar, Ermənistana ərzaq, yük və silah-sursat daşıdılar. Hökumətin bu vicdansızlığına dözməyərək bu maşınların qarşısını kəsib maşınları yandıran, ürəyi Azərbaycan eşqi ilə döyünən insanları da unutmamışıq, həmin vətəndaşlara hökumətin verdiyi işgəncələrdən də xəbərdarıq. 

Xamenei sərsəm açıqlama-bəyanatıyla Ermənistana siyasi dəstək vermək istəyir, amma anlamır ki, 30 il ərzində qurulan istehkamları, səngərləri 44 günə dağıdan Azərbaycana qarşı Ermənistana yengəlik etmək tamamilə ağılsızlıqdır. İkinci Qarabağ müharibəsində Ermənistanın onurğası elə sınıb ki, verilən bu kimi söz yığınından ibarət siyasi bəyanatlar həmin onurğaya məlhəm ola bilməz.

Bəlkə də, elə sizi qorxudan məhz budur, 30 ilin istehkamlarını 44 günə dağıdan dövlət, yəqin ki, çox şeyə qadirdir, qadir ola bilər… Yəqin, fərqindəsiniz ki, elə sizin kimi siyasət yürüdən Rusiyanın da Ermənistana bağışladığı texnikalarını biz Hərbi Qənimətlər Parkında turistlərə nümayiş etdiririk. 

Artıq anlamağın, qəbul etməyin zamanıdır: Sizin Ermənistana verdiyiniz siyasi, hərbi dəstək, Ermənistanın revanşist qüvvələrinin ayaqlanması, Azərbaycana qarşı atılan növbəti hərbi təxribat elə Ermənistanın süqutu ilə nəticələnə bilər. Artıq anlayın – xalqların azadlıq səslərini onların boğazında boğmaq olmaz, bu kimi açıqlamalarla həm ölkə daxilində, həm də xaricində fars molla rejiminə qarşı ciddi nifrət qazanırsınız. 

Unutmaq lazım deyil ki, hazırda İran ərazisində yaşayan 37 milyon türkün hərəsi bir partlamamış bomba, bəlkə də, Tehrana tuşlanan ballistik raketdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir