Cəmiyyət

Hər şey sənin dediyin kimi oldu…

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

“Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı…” 

Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərova bir vaxtlar anasına məktubda yazıb. 

Gültəkin, gözəlim, əzizim, doğmam… Bax, Şuşa da alındı, digər torpaqlar da. Sənin və sənin kimi minlərlə şəhidin sayəsində. Minlərlə qazimizin sayəsində. Biz qayıtdıq. Bu gün buna “Böyük Qayıdış” deyirik. 

Hər şey sənin dediyin kimi oldu. Sən qələbənin sonuna kimi Şuşada oldun. Bizi Şuşada gözlədin. Mən bilirəm, sən bizi Cıdır düzündə 30 il gözlədin.

Bir vaxtlar yaralı balalara kömək etdiyin kimi bu dəfə də dualarınla bizə kömək etdin. Bu gün sənin ruhun da, digər şəhidlərimizin ruhu da şaddır. Bilirsən niyə? Bu gün biz qayıdırıq. Elimizə, yurdumuza, evimizə qayıdırıq. 

Sən bir işə bax, məhz bu gün, sənin anım günündə, iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələr qayıdırlar. 30 il evinin açarını özündə saxlayan, ən gözəl yorğan-döşəyini işlətməyib, gəlin cehizi kimi saxlayan, bir gün qayıdacağına inanan insanlar evlərinə qayıdırlar. Bir vaxtlar məcburi köçkün olanlar, bu gün Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə yola düşdülər. Adam xəbəri oxuyanda belə hisslərinə hakim ola bilmir. O ki qala evlərinə qayıdanlar ola. 

Bilirsən, daha qaçqın-köçkün yoxdur bizdə. Daha torpağı, evi, yurdu üçün də ağlayan yoxdur. Daha bayramlarda “gələn ilin bu günü Qarabağda olaq” demir heç kim. Daha heç kim demir ki, şəhidlərimizin ruhu narahatdır. Sən gedəndən sonra çox şeylər baş verdi. Çox balalar böyüdü, igid oldu, əsgər oldu, zabit oldu. Sənin gördüyün, evini ayaqyalın, başıaçıq tərk edən uşaqlar tank üstündə qayıtdılar Qarabağa. Hamının qısasını aldılar. Elə sənin də… 

Biz birləşdik, böyüdük, güclü olduq. Nə danışıram axı mən? Sən hər şeyi özün bilirsən. 

Bir vaxtlar sən balaca qızını anana əmanət qoyub, özünlə bərabər beş tibb bacısıyla Qarabağa, döyüşlərə yollananda bəlkə də bilirdin qayıtmayacaqsan. Sən o vaxt Şuşa həbsxanasının qapısının açılmasında əziyyət çəkəndə bilirdin ki, bunu etməsən, orada olanlar da əsir götürüləcək. Sən 1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edəndə bilirdin ki, Şuşa alınacaq, bəlkə də indi alınmasa da. 

Amma sən son nəfəsinə qədər Şuşanı, Qubadlını, Ağdamı unutmadın. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-da şəhid oldun. Sənə bir söz deyim, olar? Sənin o vaxt anana əmanət qoyub getdiyin qızın böyüyüb, onun da bir qızı var. İkisi də gözəl, ağıllı-kamallı, sevimli və sənin kimi mərddilər. Ruhun şad olsun, Gültəkin! Biz qayıtdıq. Qayıdırıq. Evimizə qayıdırıq…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir