Cəmiyyət

“Location” gecə klubundakı partlayışa görə həbs edilmiş FHN əməkdaşı buraxılıb – VİDEO

Sharing is caring!

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Ruslan Məmmədov, Orxan Səfərli və Rəsul Rəsulovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Rəsul Rəsulov və Orxan Səfərli həbsdədirlər.

Digər təqsirləndirilən Ruslan Məmmədovun (Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin keçmiş inspektoru) barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan ev dustaqlığı ilə əvəz edilib.

Prokuror Babaxan Həsənəliyev bildirib ki, Rəsul Rəsulov və Orxan Səfərli barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı ev dustaqlığında olan R.Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. O, həmçinin cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

R.Rəsulovun vəkili Umud Abdurrəhmanlı bildirib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur:

“Onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir”.

R.Məmmədovun vəkili Vasif Allahverdiyev müdafiə etdiyi şəxsin barəsində prokurorun həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxışına etiraz edib. Bildirib ki, onlar cinayət üzrə 40 zərərçəkmişlə rəsmi qaydada barışıq əldə ediblər, onlara dəymiş maddi ziyan ödənilib.

Təqsirləndirilən şəxs O.Səfərlinin vəkili Muxtar Mustafayev də çıxış edərək onun barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib. Vurğulayıb ki, istintaq dövründə Orxan Səfərlinin həbsdən azad edilməsi barədə vəsatət versələr də, heç bir əsas gətirilmədən təmin edilməyib.

Muxtar Mustafayev qeyd edib ki, bu cinayət işi ibtidai istintaqa qaytarılmalıdır.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan ediblər. Qərara görə, cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinin verdikləri vəsatətləri təmin etməyib.
Təqsirləndirilən şəxs R.Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorun vəsatəti təmin edilməyib. Onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri qüvvədə saxlanılıb.

Məhkəmənin baxış iclası iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının birinci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə dörd nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib. 

Fakt əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir