Cəmiyyət

“Mənim ruhum ölüb” deməyə üzləri gəlmir, cəsarətləri çatmır, deyirlər, “şeir ölüb”…

Sharing is caring!

Şəhriyar Del Gerani yazır…

Bir daha şeirə dair…

İkinci Qarabağ müharibəsində iştirak etmiş zabit dostum danışırdı. Deyir, sonsuz cəsarəti və super döyüş qabiliyyəti ilə ürəyimi fəth etmiş bir çavuşum vardı, ağır yaralandı, qollarımın üstə canını tapşırdı, şəhid oldu. Deyir, son sözlərini heç vaxt unutmayacam. Sonsuz cəsarəti və qorxmazlığı ilə könlümü fəth etmiş çavuşum qollarımın üstündə can verərkən ağladı və güclə eşidiləcək səslə belə dedi: Evə istəyirəm. Anamı istəyirəm…

Ağır hadisədir. Qəribədir, Spilberqin İkinci Dünya Müharibəsindən bəhs edən bir filmi var. Daha doğrusu, bir neçə filmi var müharibədən bəhs edən, amma mən “Saving private Ryan” filmindən danışıram, təxminən belə tərcümə olunur: “Siravi Rayanı xilas etmək”. İnanmazsınız, eyni hadisə həmin filmdə baş verir. Həvəsiniz olsa mütləq baxın. Həmin filmdə əsgər yaralanır, can üstə olanda ağlayır və eynilə belə deyir: Burada ölmək istəmirəm, evə getmək istəyirəm, anamı istəyirəm, onun yanında ölmək istəyirəm. Daha sonrakı səhnədə başqa heyrətamiz ifadə ilə rastlaşırıq. Bir alman əsirini buraxmaq qərarı verilir komandir tərəfindən. Əsgərlər arasında fikir ayrılığı yaranır. Bölük komandiri əsgərlərinə məhz belə deyir: Hər dəfə bir insanı öldürdüyüm zaman həyatdan bir az daha uzaqlaşıram…

Bunları niyə misal çəkirəm? İstəyirəm fikrimi daha səlis və məntiqli ifadə edim. İstəyirəm nə demək istədiyim rahat aydınlaşılsın, dəqiq anlaşılsın. Düzü, intellektual əzələ nümayişi mənim də zəhləmi tökür. Amma söhbətimizi çayxana laqqırtılığından, lokallıqdan xilas etmək üçün məqamı düşdükcə romanlardan, filmlərdən, rəsm əsərlərindən misal çəkməkdə fayda var. Bilək ki, bütün dünyada belədir, fikir coğrafiyamız böyüsün. Sözüm ona, şeir də bir növ evə dönmək istəyidir. Yuxarıda qeyd olunan həm həyati səhnədə, həm də film epizodunda can üstə olan döyüşçülərin evə dönmək istəyi qədər təbii və doğmadır bir insanın şeir oxuması. Həyat amansızdır. Bilirik. İnsan başına gələn ağır faciələrdən, aldığı yaralardan sonra inciyir, küsür, doğmalığa möhtac qalır, zəif düşür, tənhalaşır. Fanilik duyğusu çökür boğazına. Belə məqamlarda həssas adamların köməyinə şeir yetir, nəğmə çatır. Onlar düşdükləri vəziyyətin nə olduğunun cavabını poeziyada tapırlar. Şeirdəki duyğuları öz duyğularına bənzədirlər, şeirdəki hisləri öz hisləri ilə müqayisə edirlər və şairi özlərinə oxşadırlar. Dincəlirlər, rahatlaşırlar, sakitləşirlər. Döyüş meydanından evə qayıdırlar sanki. Amansız həyat mübarizəsində sağ qalmaq üçün sərf etdikləri bu əzazil maddi savaşda neçə-neçə insanı məhv edir, neçə-neçə ruhani duyğuları qətlə yetirirlər, həyatdan uzaqlaşırlar. Belə olan halda şeir oxuyurlar, həyata yaxınlaşırlar. Çox yəqin şeir oxucuları mənimlə razılaşar. Bu, həqiqətən də, belədir. Niyə belədir? Daha orasını bilmirəm. Bildiyim şey budur ki, belədir…

Mənə görə şeir ilahi faktdır. Müsahibələrin birində şeirlə, ya da Allahla şəxsi problemləri olan bir jurnalist mənimlə qəti şəkildə razı olmadığını bildirdi. Dedim, şeir ilahi faktdır. Razılaşmadı. Dedim, əziz yoldaş, əgər şeir ilahi fakt olmasaydı, burda səninlə boş-boş danışmaqdansa, oturub iki-üç gözəl şeir yazardım. Təəssüf, ixtiyar məndə deyil bu məsələdə. Yenə də razılaşmadı. Mən də baş qoşmadım. Var belə tiplər. Düzü, 5-10 il qabaq qıcıq olurdum, özümdən çıxdığım vaxtlar da olurdu, mübahisə edirdim. Amma indi elələrini görəndə yazığım gəlir. Heyifsilənirəm. Var belə tiplər, “mənim ruhum ölüb” deməyə üzləri gəlmir, cəsarətləri çatmır, deyirlər, “şeir ölüb”. Şeir ölməyib, əzizlər, sizin həqiqi, gerçək həyatla bağlarınız qopub. Özünüzü buraxmısınız pul-para davasına, maddi dünyaya, məhv olmusunuz, duyğularınız çürüyüb, hisləriniz irin bağlayıb, qəlbiniz möhürlənib, daşlaşıb. Daha sizdən təzə kitab qoxusu deyil, təzə pul iyi gəlir. Şeir harmoniyadır, ritmdir, nəğmədir. Bir insanın ki harmoniyası itə, ritmi dəyişə, nəğməsi olmaya, ondan nə desən gözləmək olar. Təhlükəli tiplərdir. Allah köməkləri olsun.

Şeiri duymayan adamlarla poeziya mövzusunda mübahisə etməyin heç bir faydası yox. Çalışın elələrindən uzaq durun. Fikir verdinizsə, şeiri bilməyən yox, şeiri duymayan dedim. Nədən ki, şeir bilinən nəsnə deyil. Şeir öyrədilmir. Nə yazmaq, nə də şeiri oxumaq, şeiri sevmək öyrədilə bilmir. Ya var, ya da yoxdur. Bu qədər net və kədərli.

“Şeir ilahi faktdır” fikrinə daha sonralar iyirminci əsrin nəhəng intellektualı, şair, yazıçı Borxesdə rast gəldim. Borxes belə deyirdi: “Şeir şairə deyilir fikrindəyəm”. İndi durub Borxesin dini dünyagörüşünü müzakirə etmək bizə düşməz. Hər halda böyük sənətkar şeir şairə deyilir fikrində olubsa, əlbəttə irreal aləmlərdən bəhs edib. Hər halda Məmmədağa gəlib şeiri şairə demir. Məmmədağa şeiri şairə demiş olsaydı, deməzdi, elə özü yazardı. Yeri gəlmişkən, Borxes özü də şeir yazıb. Həm də möhtəşəm şeirlər. Ümumiyyətlə, şeir yazmayan yazıçı tanımıram. Bütün yazıçılar şeir yazıblar nə vaxtsa. İstisna imzalar var, bunu etiraf etməyib. Amma inanmıram hansısa yazıçı şeir yazmasın. Folkner deyir, bütün yazıçılar uğursuz şairlərdir. Haqlıdır. Şeir ilahi faktdır, buna görə də, şeir ədəbiyyat deyil, şeir ayrı ölçüdür. Mübahisəli olsa da, belə bir bölgü var dünya ədəbiyyatşünaslığında – şairlər və ədəbiyyatçılar. Hətta beynəlxalq festivallar var, məhz belə adlanır – Poeziya və ədəbiyyat festivalı. Şair şairdir, ruhla sözün qovşağındakı adam. Ədəbiyyatçılar isə digərləridir – yazıçılar, esseistlər, tədqiqatçılar və s. Bəli, istisna imzalar var hər ikisini mükəmməl edib – həm şairdirlər, həm də nəsr yazıblar. Borxesi, Bekketi, lap elə Nazımı, Atilla İlhanı buna misal çəkmək olar.

Şeirdən danışırıq. Şeir allahın insana dedikləridir, nəsr isə insanın allaha dedikləri. Allahın insana dedikləri bitəndə şeir də bitir, şair də tükənir. Gözümüzün qabağında onlarla şair bitib tükəndi, özünü kirlətdi, özünü dünyaya bulaşdırdı, Allah da dayandırdı pıçıltılarını. Şair gərək özünü dünyadan qorusun, özünü dünyaya bulaşdırmasın. Şair dünyaya bulaşdısa, vəssalam, məsələ bitdi. Ən yaxşı halda yazıçı olacaq. Onu da hələ bacarsa.

Şeirdən danışırıqsa, deməliyik, Azərbaycanda məsələ bir qədər fərqlidir. Yarı zarafat yarı gerçək, bizə şair xalq deyirlər. Daha doğrusu, özümüz özümüzə belə deyirik. Qələm dostlarımızı zaman-zaman narahat edən bir söhbət var, narahatdırlar ki, hamı şeir yazır. Düzü, bu söhbət məni heç vaxt narahat etməyib. Yazır, yazır da. Rüşvət almır, qeybət eləmir, şər-böhtan atmır, camaatın haqqında girmir, şeir yazır özü üçün. Qoy yazsın. Ən zəif şeir yazan adam da ən yaxşı şeir oxucusudur ən azından. Bunu deməyə müşahidələrim əsas verir. Dəfələrlə şahidi olmuşam, hansısa şeir haqqında dəqiq mülahizələr yürüdən adamlar olub, baxmışam, əntiqə şeir duyumu var, soruşmuşam, özün yazırsanmı, deyib, hə, arada cızma-qara edirəm. Burada bir qəbahət görmürəm. Hər halda gerçək şairlər sevilir cəmiyyətdə, həqiqi şairlər qalır ədəbiyyat tarixində. Oxucular həqiqi şairi yaxşı tanıyırlar. Ədəbiyyat tarixi isə genişdir, heç kəs heç kəsin yerini dar etmir orada. Sizə deyim, ümumiyyətlə, tarix də amansızdır. Ola bilər bir dövr saxtalaşdırarsan tarixi, amma zamanla fürsət tapıb özünü tənzimləyir, arınır, əvvəl-axır öz həqiqətinə dönür tarix.

Açığı, Türkiyədə də belədir. Yarım ildir İstanbuldayam, ədəbi cameədə eşitdiyim gileylərdən biri də budur – hamı yazır. Burada da əksəriyyət narahatdır. Onlara deyirəm, bundan narahat olmaq lazım deyil, yazırlar yazsınlar. Ən pis halda oxucu olurlar. Bəli, yazarın bəstəkardan, rəssamdan, rejissordan fərqli olaraq işi daha ağırdı. Başa düşürəm yazarları. Çünki hər bir adam özlüyündə rəsm çəkə, musiqi bəstələyə bilmədiyini dərk edir. Amma yazar olmadığını dərk etmir. Bizə məktəbdə ancaq yazıb-oxumaq öyrədirlər. Rəsm, musiqi yaddan çıxır. Məsələn, istənilən adam dəqiq bilir ki, səsi yoxdu, tutalım, opera səhnəsinə çıxmaq onluq deyil. İstənilən adam dəqiq bilir ki, misal üçün, film çəkə bilməz. Amma hər kəs aşağı-yuxarı nəsə yaza bilir. Buna görə də yazmaq hər bir adama mümkün iş kimi görünür. Buna görə biz yazarlar zaman-zaman vaxtım yoxdu, həvəsim yoxdu, yazsam səndən min dəfə yaxşı yazaram kimi səfeh iddialar eşitməkdəyik. Rəssamlardan qorxurlar, bəstəkarlardan, rejissorlardan qorxurlar, yazarları isə addımbaşı tənqid etmək, yazarlara ağıl öyrətmək, mövzu vermək az qala onların hobbisinə çevrilib. Rəsm əsərini başa düşmədisə, bunu dilə gətirməkdən çəkinir, utanır. Yazı isə ona edə biləcəyi iş kimi göründüyündən yazarı yerli-yersiz sorğu-sual etməkdən bir növ zövq alır. Əslində isə yazı yazmaq üzücü, yorucu, çərlədici prosesdi. Adamın bütün enerjisini çəkib aparır. Yazı yazandan sonra adam özünü mərciməyə sıxılmış limon kimi hiss edir. Ümumiyyətlə, kim deyirsə ki, mən yaradıcı prosesdən həzz alıram, ondan saxtakar adam yoxdur. Adicə köşə yazmaq dörd saat, bəzən beş, altı saat vaxtını alır adamın. Zarafat deyil, camaat 5-6 saat restoranda, barda yeyib-içib əylənməkdən bezir, çərləyir, dözmür. Sənsə bütün günü qarışqa kimi vurnuxursan, araşdırırsan, bir mövzu tapırsan və 5-6 saata o mövzunu yazıya köçürürsən. Üstəlik, ortada pis-yaxşı bir imzan varsa, üstəlik, ortada cümlə nevrozluğu deyilən bir mərəz də varsa, bunu hansı məsuliyyətlə etdiyin şərəfi, vicdanı yerində olan heç bir adama asan görünməli deyil. Şeir də belədir. Çox adama elə gəlir şeir yaza bilir. Amma elə deyil. Şeir ilahi fakt olduğu kimi, həm də şair faktıdır. Bir-iki təsadüfi yaxşı şeiri çox adam yaza bilər. Amma şair olmaq tamam başqa ölçüdür. Oxucular şeiri yox, şairi oxuyur əslində. Şeiri yox, şairi oxuyublar hər zaman. Başqa cür çıxmasın, ortabab şeirləri özləri də yaza bilirlər.

Şeirdən danışdıq. Bu məqamda şeir ölüb, daha şeir oxuyan yoxdur deyən adamlara bəd bir xəbəri çatdırım, mövzumuzu qeyri-müəyyən vaxta qədər tamamlayaq. Dünyada hər gün milyonlarla adam şeir oxuyur, xəbəriniz olsun. Əzizlər, bütün dövlət himnləri şeir deyilmi? Şeirdir. Dünyada hər gün milyonlara adam şeir oxuyur, demək. Bütün mahnı mətnləri şeir deyilmi? Şeirdir. Dünyada milyonlarla adam şeir oxuyur, demək. Hətta futbol klublarının marşları belə şeirdir. Ən əsası, laylalar şeir deyilmi? Şeirdir. Bütün dünya dillərində laylalar var. Heç nə yox, dünyada hər gün 200 000-dən (iki yüz min) çox uşaq dünyaya gəlir. Deməli, dünyada hər gün milyonlarla ana layla çalır, şeir oxuyur.

Şeir nə vaxt öləcək? – sualına isə cavabım belədir: Dünyada doğulan ən sonuncu körpəyə ən sonuncu ana layla çalıb yatızdırana qədər şeir yaşayacaq. Allah necə haqdı?!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir