Cəmiyyət

“Suyun altındakı çuxurda gəncin cansız bədəninə toxundum”: Xilaskarlarla bir gün – REPORTAJ + FOTO

Sharing is caring!

Motorlu xilasetmə qayığı işə salınır və suda yırğalana-yırğalana sahildən uzaqlaşırıq.

Qayıqda fotoqraf, xilasedici və mən əyləşmişik. 

Dəniz sahilində yosunlar olsa da, çimərlikdə də az adam yoxdur. Sahildən uzaqlaşdıqca ətrafı daha da aydın görmək olur. 

Xilasetmə qayığında bir nəfər sükan arxasında əyləşir, digəri batanı xilas edir. Onlar boğulan şəxsi dənizdən çıxartdıqdan sonra ona ilk yardım göstərilir. Süni nəfəs verilir, ürəyi masaj olunur.

Suda boğulana altı dəqiqə ərzində ilkin yardım edilsə, onun həyatını xilas etmək olar. 

Xilasedici, yaxud da xilaskar. Çünki bu peşə sahibləri insanların həyatını xilas etmək üçün özlərini riskə atırlar.

Dənizdə insanların təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cavabdehlik daşıyırlar.

Xilasedicilərin işi hər gün səhər saat 09:00-dan axşam 20:00-a qədər davam edir. Xilasetmə məntəqəsində 24 saat növbətçilik aparılır.

Oxu.Az-ın əməkdaşlarının olduğu Nardaran çimərliyindəki məntəqədən 400 metr sağa, 400 metr sola və dənizə doğru çimərlik ərazilərinə nəzarət edilir. Eyni zamanda, müşahidə qülləsində bir nəfər olur. Bir saatdan bir müşahidə qülləsində növbə dəyişir.

Matros-xilasedici Səbuhi İsayev də üç ildən artıqdır ki, burada çalışır. 

O deyir ki, buraya dincəlməyə gələn valideynlər uşaqlarını nəzarətsiz buraxırlar:

“Ötən mövsüm çimərlikdə sıxlıq müşahidə olunurdu. İstirahətə bir yerdə gələn bir neçə ailədə böyüklərin başı söhbətə qarışır və qəfil xəbər tuturlar ki, uşaqlardan biri yoxdur. Özləri ətrafa baxır, tapa bilmir və müraciət edirlər ki, azyaşlı suda boğulub. Dərhal tərəfimizdən çevik reaksiya verilərək, həm suda axtarış etdik, həm də uşağın batdığını konkret olaraq görən olmadığı üçün quruda diqqətlə uşaqları müşahidə etməli olduq.

Bir saatdan artıq bir müddət keçdikdən sonra xilasedicilərimizdən bir nəfər quruda tək qalıb, ağlayan bir uşaq görür. Yaxınlaşıb soruşduqda məlum olur ki, axtarılan həmin uşaqdır və digər uşaqlarla oynayarkən uzaqlaşıb, nəticədə valideynlərini itirib.

Xoşbəxtlikdən, uşaq sağ-salamat tapılıb valideynlərinə təhvil verilsə də, ancaq hadisə faciəvi sonluqla da nəticələnə bilərdi. Ona görə də üz tutub valideynlərə səslənmək istərdik ki, çimərlik ərazisində azyaşlıları xüsusi diqqətdə saxlasınlar və daha məsuliyyətli olsunlar”.

Qayığın istiqamətini dəyişib üzü sahilə doğru irəliləyirik.  

Bu zaman müşahidə qülləsindən siqnal səsi gəlir. 

“Bu nə səsdir?” – soruşuram.

“Vətəndaş dənizdə üzmə sərhədini keçib. Xəbərdarlıq edilir ki, boğulma təhlükəsi ilə üzləşməsin”, – deyə xilasedici izah edir.

Xidmətin İctimaiyyətlə Əlaqələr və Təbliğat Şöbəsinin böyük inspektoru Əlibala Əlizadə bildirib ki, bu ilin aprel ayından etibarən yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər təşkil edilib:

“Monitorinqlərin əsas məqsədi çimərlik üçün yararsız, təhlükəli ərazilərin müəyyən edilməsi və bu ərazilərdən əhalinin istifadə etməməsi üçün aidiyyəti icra hakimiyyətləri tərəfindən müvafiq tədbirlərin görülməsidir. Eyni zamanda, Xidmətin nəzarət etdiyi və İDEA İctimai Birliyi tərəfindən Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu, Binəqədi rayonlarında təşkil edilmiş altı ictimai çimərlikdə dalğıclar tərəfindən sualtı baxış keçirilərək akvatoriya yad cisimlərdən (daş, qaya parçaları, dəmir-beton qalıqları) təmizlənib, üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırılıb.

Ərazilərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr yerləşdirilib. Xilasetmə texnika və vasitələri, dalğıc enişləri etmək üçün nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilib”.

O qeyd edib ki, Xidmət il boyu fəaliyyət göstərməsinə baxmayaraq, çimərlik mövsümünün başlanması ilə əlaqədar cari ilin iyun ayının 15-dən etibarən gücləndirilmiş iş rejiminə keçib:

“Bu tədbirlər nəticəsində bu il 42 nəfər çimərlik mövsümündə olmaqla ümumilikdə 68 suda boğulma faktı ilə üzləşən şəxs tərəfimizdən xilas edilib. Nəzarət etdiyimiz çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Biz hər zaman vətəndaşlara müraciət edirik ki, nəzarət olunmayan ərazilərdən istifadə etməsinlər.

Əgər hər hansı bir çimərlikdə xilasedici yoxdursa, bu həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi ərazilərdən istifadənin təhlükəli olduğunu bildirir. Bəzən vətəndaşlar suvarma və digər bu kimi təyinatlı su kanallarında, süni göllərdə, çaylarda çimirlər. Bu, olduqca təhlükəlidir.

Əksər su kanallarının kənarları beton piltələrlə əhatələnib. Həmin plitələrlə suyun təması nəticəsində sürüşkən ot təbəqəsi əmələ gəlir və ona görə də kanala düşən insan çıxa bilmir. Eyni zamanda bu cür kanallarda suyun axın sürəti olduqca sürətlidir. Vətəndaşlar, xüsusən valideynlər, bunu nəzərə alsınlar”.

FHN əməkdaşı deyir ki, qayda pozuntuları əsasən küləkli havada suya girmə, spirtli içki qəbul edərək sərxoş halda çimərlikdən istifadə etmə, üzmə sərhədlərini bildirən nişanları ötüb keçmə və uşaqların nəzarətsiz qoyulması halları olub:

“Yadda saxlamaq lazımdır ki, küləkli havada, dalğalı dənizdə suya girmək, üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçmək, suda kobud hərəkətlər etmək, spirtli içki qəbul edərək suya daxil olmaq qadağandır.

Uşaqlar nəzarətsiz qoyulmamalıdır. Ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə və xilasedicilərin göstərişlərinə sözsüz əməl olunmalıdır. Qızmar Günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Çimərliklərdə təhlükəsiz istirahət saat 09:00-dan 20:00-dəkdir”.

Ərazidə təcili tibbi yardım briqadaları da növbə çəkir. Həkiməqədər yardımdan sonra xilas olunmuş şəxs təcili tibbi yardımın əməkdaşlarına təhvil verilir.

Qeyd edək ki, xidmətdə 11 ildən çox çalışan stajlı xilasedicilər var.

Onlardan biri də Namiq Məmmədovdur. 

O deyir ki, indiyə kimi xilas etdiyi insanların sayını unudub:

“İnsanlarla işləmək həm maraqlıdır, həm də nisbətən çətindir. Bir dəfə məlumat daxil oldu ki, çimərlik ərazisindən təqribən bir kilometrdən artıq məsafədə suda istirahət edən dörd gəncdən biri yoxdur. Dərhal çıxış verildi, məlum oldu ki, həmin ərazi qeyri-çimərlik ərazisidir, el arasında köhnə “bağçılar çimərliyi” kimi tanınan sahil zolağıdır. Hazırda ərazi heç bir təhlükəsizlik tələblərinə cavab vermir.

Lakin insanlar bir müddət niyəsə həmin əraziyə kütləvi axın edirdilər. Məlum olur ki, suya daxil olmazdan əvvəl gənclər sahildə spirtli içki qəbul ediblər ki, bu da insanın suda müqavimətini minimuma endirən əsaslardan biridir. Axtarış qrupu gələnədək əraziyə ilkin baxış keçirildi. Havanın küləkli olması dalğanı gücləndirirdi.

Bu da suda hərəkətimizə mane olmaqla yanaşı, görüntünü də olduqca məhdudlaşdırırdı. Lakin həmin ərazidə daha öncə baş vermiş hadisələri və küləyin istiqamətini nəzərə alaraq təxmin etdik ki, axın şəxsi suda olduğu yerdən hansı istiqamətə apara bilər. Təbii ki, sualtı relyef həmin ərazidə olduqca nahamar hissələr və qəfil çuxurlardan ibarətdir. Axının istiqamətini seçərək bir qədər irəlilədikdə suyun altında əlimizlə də müşahidə aparırdıq.

Əlimin toxunuşundan hiss etdim ki, axtardığımız şəxsin cansız bədənini həmin çuxurlardan birinə düşmüş vəziyyətdə tapmışıq. Xidmət yoldaşlarıma dəqiq tapdığım barədə çağırış etdim. Onlarla birlikdə şəxsin cansız bədənini sudan çıxararaq aidiyyəti qurumlara təhvil verdik. Bu, mənəvi olaraq çox ağır bir görüntü idi.

Təəssüf ki, istirahətə gələn bəzi insanlar belə ağır sonluqları düşünmədən qaydalara biganə yanaşırlar. Ona görə də hər bir vətəndaşa bu kimi bədbəxt sonluqlarla üzləşməmək üçün qaydalara məsuliyyətlə yanaşmağı, istirahət üçün seçəcəkləri ərazi barədə maksimum məlumatlı olmağı tövsiyə edirik”.

Bakıda, əsasən Şüvəlan, Abşeron rayonunda Novxanı, Sumqayıt ərazisində isə Corat çimərliklərində suda boğulma hallarına daha tez-tez rast gəlinir. Bu hadisələr o zaman baş verir ki, həmin ərazilərdə təhlükəsizlik işləri görülmür, ora qeyri-nəzarətsiz ərazilərdir.

İlhamə Əbülfət

Daha çox foto burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir