Cəmiyyət

İqlim dəyişikliyinin fəsadları və ya gözlənilən fəlakətdən necə qorunaq? – AÇIQLAMA + FOTO

Sharing is caring!

Dünya iqlim dəyişikliyi səbəbindən ciddi böhranla üz-üzədir. Yer səthinin temperaturu 1850-ci ildən bəri təxminən 1,1 dərəcə artıb və elm adamları hesab edirlər ki, Yer təxminən 125 min il ərzində bu qədər isti olmayıb. Bütün dünyada insanlar iqlim dəyişikliyi səbəbindən dramatik istilik dalğaları, ölümcül daşqınlar və meşə yanğınları ilə mübarizə aparır.

Bəs iqlim dəyişikliyi ekstremal hava şəraitinə hansı formada səbəb olur?

İsti hava dalğalarının daha intensiv və uzun zaman davam etməsi quraqlıq ehtimalını qaçılmaz edir. Belə olan halda yağış daha az yağır, ona görə də torpaq və su ehtiyatları daha tez quruyur. Meşə yanğınlarında birbaşa səbəb insan faktoru ola bilər, lakin meşə yanğınlarında təbii amillər də böyük rol oynayır. İqlim dəyişikliyinin yaratdığı ekstremal və uzunmüddətli isti hava dalğası torpağın nəmini günü-gündən çəkir. Bu quru şərait də inanılmaz sürətlə yayıla bilən yanğınlara səbəb olur.

Məsələ ilə əlaqədar Oxu.Az açıqlama verən iqlimşünas Qorxmaz İbrahimli qeyd edib ki, alimlər insanları bir qədər gərgin saxlamağı xoşlayırlar:

“Təbiətdə hər şey normal qaydada davam edir. Qızmar istilər və yanğınların baş verməsi normaldır. Məsələn, Cənub-şərqi Asiyada davamlı şəkildə musson yağışları yağır və insanlar bununla yaşamağa öyrəşiblər. Bizim coğrafiyaya gəldikdə isə qeyd etmək lazımdır ki, mülayim hava qurşağında yaşayırıq. Mülayim ərazilərimiz və yarımsəhra zonalarımız çox, meşəlik ərazilərimiz isə məhduddur. Buna görə biz meşələrimizi yanğın, daşqın kimi fəlakətlərdən qorumalıyıq. Ölkəmizdə meşə yanğınlarının yeganə səbəbkarı insanlardır. Yəni Azərbaycanda vulkan püskürməsindən, ildırım düşməsindən meşə yanğınları baş vermir. Bu, yalnız insanların diqqətsizliyi və ehtiyatsızlığı ucbatından olur”.

Onun sözlərinə görə, bizim bu sahədə ibtidai təhsil və maarifləndirmə problemimiz var:

“İbtidai milli təhsil konsepsiyasına daxil olan faktorlardan biri də odur ki, vətəni meşəsi, torpağı, bir sözlə hər şeyi ilə sevmək lazımdır. Hesab edirəm ki, biz uşaq yaşlarımızdan bunu anlasaq, irəliləyən yaşlarımızda belə məsələlərdə daha diqqətli olarıq. Biz insanların meşələrə girişini qadağan edə bilmərik, lakin gedən insan da maariflənməlidir. Aidiyyəti qurumlar insanları yerlərdə vaxtaşırı maarifləndirməlidir. Meşələrdə səliqəli yerlər düzəldilməli, zibil yeşikləri qoyulmalıdır. Meşə yanğınlarının digər bir səbəbi də terror məqsədlidir. Torpaqlarımız Ermənistanın işğalı altında olanda meşələrimizə qarşı ekoloji terror törədərək onları yandırdılar, ağacları kəsdilər”. 

Q.İbrahimli bildirib ki, yay aylarında ölkə ərazisində yağıntılar az olur:

“İyul, avqust aylarında yağan yağışlar leysan xarakterli olur və yerin həddən çox quruması səbəbində yağış suları yerə hopmur və daşqın yaranır. Bu daşqınlardan qorunmaq üçün insanlar çay vadilərində ev, obyekt tikməməlidirlər”.

Qeyd edək ki, bu il bir çox ölkələrdə daşqınlar gözləniləndən daha tez meydana gəlib. Alimlərin fikrincə, dünyada hava növbəti illərdə də çox dəyişkən olacaq, lakin iqlim dəyişikliyi bunu daha da ekstremal vəziyyətə gətirəcək. Əsl problem isə bu vəziyyətə uyğunlaşmaq və qarşılaşdığınız ifrat havalarla mübarizə aparmaqdır.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir