Cəmiyyət

Ruhunu itirən Bakı…

Sharing is caring!

Bakı modern dünya ilə tarix vəhdətinin yaratdığı mistik ab-havası ilə bir çox turistin maraq dairəsindən kənarda qalmamaqla onların həyatında özünə yer edib. Küləklər şəhəri qeyri-adi sintezi ilə insanda alüdəçilik hissi yaradır. Və ya yaradırdı… 

Mədəniyyət elə bir anlayışdır ki, onu yaşatmaq, gələcək nəsillərə ötürmək və təbliğ etmək, ona sahib çıxmaq xalqın borcudur. Lakin bu gün Bakının məşhur və ən çox turist cəlb edən küçələrində gəzəndə özünü Qafqazın incisi sayılan şəhərdə yox, hansısa bədəvi mədəniyyətinin təbliğ edildiyi şəhərin qonağı kimi hiss edirsən. Niyə?! Səbəb nədir?! İndi biri çıxıb deyəcək ki, “azad bazar iqtisadiyyatıdır” və hansısa turisti cəlb etmək, onlara “daha şirin” görünmək üçün istədiyim musiqini çalıb, mağazamın divarlarını fərqli dildə reklam yazıları ilə bəzəyə bilmərəm?! Bəs, 10 il sonra mənim soyumdan gələnlər sizə sual verməyəcəkmi biz bədəviyik, yoxsa türk?!

Millətimin mənim kimi düşünən fərdlərinin ruhunda Rəşid Behbudovların, Müslüm Moqamayevlərin, Şövkət Ələkbərovaların, Oqtay Ağayevlərin şirin səsinin, möhtəşəm əsərlərinin yaratdığı o titrəyişi bu bədəvi “mahnıları” yarada bilmir axı. Bu gün təbliğ edilməli olan, lakin edilməyən, sanki işğala məruz qalan mədəniyyətimin mənim kökümlə əlaqəsi olmayan musiqilərlə əvəzlənməsi insanı incidir və küçələrdə gəzərkən mənəvi cəhətdən nəfəs alan ruhumuzu qəfəsə salır, yadlaşdırır və özündən uzaqlaşdırır. 

Hansısa əcnəbini elə onun mədəniyyəti, musiqisi ilə ölkəyə cəlb etməyə çalışmaq məqsədə nə qədər məntiqlidir?! Ümumiyyətlə məqsədimiz nədir?! Bilmirikmi bizim təbliğ etməyi unutduğumuz, ögeyləşdiyimiz mədəniyyətimizi oğurlayıb öz malı kimi dünyaya sırımağa çalışanlar o qədər də uzaqda deyil?! Bir zaman öncə zorla manqurtlaşdırılırdıq, indi isə görünür bu proses könüllü hal alıb. Mədəniyyətin, milli-mənəvi dəyərlərin qiyməti olmur, olmamalıdır. Bakını öz simasından çıxarmağa çalışanlar, nə etməyə çalışırsınız?! Tarixin sizlərlə hesab çəkəcəyi gündən heçmi qorxmursunuz?! 

Qədim Bakı, əsrlər boyunca üzərində nə çirkin planlar quruldu, işğala, təhdidlərə məruz qaldın, fəryadın ərşə çəkildi. Lakin bu xalq qübbənin altına sığınıb səni qorudu, bizim idin və aid olduğun yerdə qaldın. Düşünmürəm ki, bu səssiz mədəni işğalına, simanın sakit və ustalıqla, aram-aram dəyişdirilməsinə göz yumacağıq. Bilirəm ki, bir gün yenidən sənin küçələrində gəzəndə əsl türk yurdu olduğunu və Qafqazda mədəniyyətin beşiyi olduğunu qürurla xatırlayacağıq.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir