Cəmiyyət

Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var – XƏBƏRDARLIQ + FOTO

Sharing is caring!

Bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Nəticədə Kür çayında suyun səviyyəsi artıb. 

Son məlumata görə, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 88 sm artıb və su sərfi 810 kubmetr/san olmaqla ongünlük normanın 200 faizini təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, iyun ayında ölkə ərazisində intensiv yağışlar nəticəsində respublikanın əksər çaylarında gursululuq müşahidə olunur:

“Böyük və Kiçik Qafqazın bəzi çaylarında isə daşqın və sel keçib. İyun ayı ərzində respublika çaylarında 16 daşqın hadisəsi qeydə alınıb. Bu da son 20 ildə ən yüksək göstəricidir. Ən təhlükəli sel hadisəsi iyunda Daşkəsən ərazisindən keçən Gəncəçayda və Goranboyda yerləşən Gorançayda qeydə alınıb.

Eyni zamanda, Türkiyə və Gürcüstan ərazisində düşən güclü yağıntı nəticəsində Kür-Tiflis məntəqəsində Kürün səviyyəsi iki metrə kimi artıb. Bu günə olan məlumata görə, yüksək sululuq səviyyəsi artmaqda davam edir”.

A.Verdiyev qeyd edib ki, Ağstafa, Tovuz rayonlarında bəzi yerləri su basa bilər:

“Kür çayının təhlükə yaradacağı o qədər də gözlənilmir. Sadəcə Kürə yaxın yerlərdə əkin, örüş yerlərini su yuya bilər”.

O qeyd edib ki, sabahdan etibarən ölkə ərazisində suyun səviyyəsinin azalacağı gözlənilir. 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov isə saytımıza açıqlamasında bildirib ki, Kürdə suyun çox olması hazırda qorxulu hal deyil:

“Qlobal istiləşmə ilə bağlı son dövrlər Kürdə suyun səviyyəsi azalmışdı. Buna baxmayaraq, ASC-nin yerli istismar idarələri Kürdə təhlükə törədəcək yerlərin bərpası ilə məşğul olub, bəndlər vurublar. Hazırkı vəziyyətdə Kür çayının dağıdacağı, təhlükə törədəcəyi yer yoxdur. Biz yerli icra hakimiyyətləri ilə bərabər çalışırıq və bununla bağlı xüsusi tapşırıqlar verilib.

Problem olacaq yerlərə texnikalar cəlb olunub. Su anbarlarında ehtiyat yerlər var. Kürün üzərində bizim nasos stansiyalarımız var ki, su axınının təsir göstərməməsi üçün tədbirlər görülüb. Bu günə qədər hər hansı bir yaşayış yerində, əkin sahəsində problem yaranmayıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan isə qeyd edilib ki, Kür çayının səviyyəsinin kəskin artması bu şəkildə davam edərsə, təhlükə yarada bilər:

“Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var. Ağstafa-Qazax zonasında çayın səviyyəsinin daha çox qalxması baş verir. Həmin hissədə Kür məcrasından çıxa bilər”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir