Cəmiyyət

Şəhid anası: “Biz bu evdə Mustafanın sayəsində yaşayırıq” – REPORTAJ – FOTO

Sharing is caring!

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün açılışı olan yeni yaşayış kompleksinə bu gün mediatur təşkil olunub. 

Oxu.Az-ın əməkdaşları kompleksdə mənzillə təmin edilən şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov saytımıza açıqlamasında bildirib ki, yeni yaşayış kompleksindən artıq 200 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib:

“Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək proqramı icra olunur”.

Kompleksdə ev alanlar sırasında şəhid Mustafa Kərimovun ailəsi də var. 

Şəhidin atası Mais Kərimov deyir ki, oğlu hərbi xidməti başa vurmağa 20 gün qalmış müharibəyə könüllü olaraq yollanıb:

“Oğlum Türkiyədə təhsil alıb. Azərbaycana qayıdan kimi hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabrın 27-də müharibəyə yollanıb və ilk olaraq Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl rayonlarında döyüşüb. Tərtər rayonuna gələn zaman yolda düşmən tərəfindən açılan atəşlə maşınları partlayıb və oğlum şəhid olub”.

Şəhidin anası Əminə Qədirova deyir ki, oğlu ilə ən son oktyabrın 6-da telefonla danışıb:
“Bir saat mənimlə danışdı. “Ana, sən bacıma və mənə görə çox əziyyət çəkmisən, ona deyərsən, xoşbəxt olsun”, – dedi.

Özümü pis hiss etdim və: “Mustafa, anan qurban, niyə belə danışırsan? – dedim. – Özün gələrsən, bacına sözünü də deyərsən”. O da cavabında həyatda hər şeyin ola biləcəyini dedi və atasını mənə tapşırdı”.

“Biz bu evdə Mustafanın sayəsində yaşayırıq. Şəhid ailələrinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edirik”, – deyə Ə.Qədirova əlavə edib.

Binada ev verilən qazilərdən biri də Quluzadə Xosrovdur. 

O, müharibə dövründə bir çox ərazilərdə döyüşüb:

“Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut istiqamətində döyüşmüşəm. Xocavənd yolunda yaralandım”.

Qazi ikiotaqlı evlə təmin olunub:

“Bizə göstərilən qayğıya görə dövlət başçısına təşəkkür edirəm”.

Yeni yaşayış kompleksi doqquzmərtəbəli 12 binadan, 576 mənzildən ibarətdir. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil var.
Kompleksin ərazisində 100 yerlik uşaq bağçası, bir inzibati bina inşa olunub, sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin olunub.

16 ildir hərbçi olan Ceyhun Ağayev də evlə təmin olunan qazilər sırasındadır. 

O, Talış istiqamətində gedən döyüşlərdə iştirak edib:

“44 günlük müharibə dövründə Suqovuşanda gedən döyüşlərdə iştirak etdim və yaralandım. Müalicə aldıqdan sonra yenidən döyüşlərə qatıldım və ikinci dəfə yarandım. İkiotaqlı mənzillə təmin olunmuşam. Hazırda kirayə qalıram və qısa zamanda buraya köçəcəyik”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70% çox, yəni 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə bu proqram üç il əvvələ nisbətən beş dəfə genişlənib və ötən il üç min mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub.

Qazi Asəf Sadıqov binada evlə təmin olunub:

“44 günlük Vətən müharibəsində iştirak etmişəm. Könüllü olaraq döyüşlərə qatılmışam. Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmışam. Mənə ikiotaqlı ev verilib. Bizə göstərilən diqqət və qayğıya görə Prezidentə təşəkkür edirik”.

Xatırladaq ki, postmüharibə dövründə artıq 3500, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

İlhamə Əbülfət

FOTO: Firudin Səlimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir