Cəmiyyət

BEYNƏLXALQ ƏDALƏTSİZLİYƏ VƏ “İKİLİ STANDARTLAR” SİYASƏTİNƏ YOX DEYƏK

Sharing is caring!


Artıq bütün mütərəqqi beynəlxalq ictimaiyyət bilir ki, 30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, Azərbaycan heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 9 ay keçməsinə baxmayaraq Ermənistanın bu razılaşmanın müddəalarının icrasına hələ də laqeyd münasibət sərgiləməsi regionda sülhün və təhlükəısizliyin bərpa olunmasına ciddi təhdidlər yaradır. Hələ də keçmişin nostalgiyası ilə yaşayan, Dağlıq Qarabağ münaqişəsinin başa çatmadığı barədə özündə utopik fikirlər formalaşdıran, himayədarlarının dəstəyi hesabına belə sərsəm düşüncələri ilə gündəmdə qalmağı yeganə çıxış yolu hesab edən işğalçı Ermənistan düşdüyü ağır vəziyyətin səbəblərini düzgün dəyərləndirməyi, daha dəqiq desək, ədalət meyarını nəzərə almağı bacarsa, 30 ildən artıq davam edən işğalçılıq siyasətinin onu hansı çətinliklərlə üz-üzə qoyduğunun fərqində olar. Ermənistan Azərbaycanla dövlət sərhədində atəşkəs rejimini mütəmadi pozaraq təxribatlar törətməklə, bayağı, yoxsul düşüncənin məhsulu olan bəyanatları səsləndirməklə nəyəsə nail olmağın mümkünsüzlüyünün fərqindədir. Ən azı o səbəbdən ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yenilməz o məşhur dəmir yumruğun nəyə qadir olduğunu işğalçıya və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Ermənistanın hazırda yeganə çıxış yolu Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlarla barışıb regional əməkdaşlıq formatına qoşulmaqdır. Bunun üçün sülh müqaviləsinin imzalanması, 10 noyabr Bəyanatının şərtlərinə uyğun olaraq minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi, kommunikasiyaların bərpası ən vacib şərtlərdir. Amma son 9 ayın reallıqları təsdiqləyir ki, işğalçı dövlətin rəhbərliyi nə ölkəsinin, nə də xalqının gələcəyi barədə düşünmək iqtidarında deyil. Belə bir vəziyyətdə müstəqilliyi formal xarakter daşıyan, bu və ya digər beynəlxalq güclərin əlində alətə çevrilən bir dövlətin gələcəyi ilə bağlı nikbin proqnozlar vermək çətindir.
Beləliklə, Prezidentin CNN telekanalına müsahibəsində bəyan etdiyi kimi, ikili standartlar beynəlxalq ədalətsizlikdir. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar, bu böyük ədalətsizlikdir. Biz bunu daim diqqət mərkəzində saxlamalı, möhtərəm Prezidentimizin, qalib Ali Baş Komandanımızın bu sahədə qaldırdığı təşəbbüsıləri hər zaman dəstəkləməliyik.
Varid Əsgərov, tarixçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir