Cəmiyyət

Burada yazılanları etsək, biz də “Oskar” alarıq!

Sharing is caring!




Qan Turalı yazır…

Rəqəmlərlə düşünmək həmişə faydalıdır. Ancaq gərək rəqəmlərdən də düzgün nəticə çıxartmağı bacarasan. Bizim bir problemimiz də odur, rəqəmsiz düşünmək. Hər hansı bir problem haqqında düşünərkən rəqəmləri bir kənara qoyur və spekulyativ müqayisələr aparırıq. Bu məqam istisnasız olaraq bütün sahələrdə eyni cürdür. Halbuki, düşüncələr rəqəmlərə əsaslanmalıdır. Bunu riyazi düşünmək də adlandırmaq olar.

İstər taksilərlə bağlı danışaq, istər təhsillə, istərsə də idmanla bağlı. Rəqəmlər bütün sahələrdə yolgöstəricidir. Rəqəmlərin bir üstünlüyü də ondadır ki, onları sözlər kimi harasa yozmaq olmur. Onlar bütün əzəməti ilə qarşımızda dayanır.

Misal üçün, kino ilə bağlı bəzi statistik rəqəmlərə nəzər salaq. Məlum olduğu kimi kinonun inkişafı ilə bağlı ictimaiyyətdə böyük bir narahatlıq müşahidə olunur. Bəs görək, rəqəmlər nə deyir: Azərbaycanda 2022-ci ildə cəmi 6 kinoteatr mövcud olub. Bu 6 kinoteatrın isə 82 zalı var. 82 zalda isə 11 928 yer var.

Həmişə kino sənayemiz Türkiyə ilə müqayisə olunur. Bəs Türkiyədə vəziyyət necədir? Bizdə 82 salon var, Türkiyədə 2366. Doğrudur, Türkiyənin əhalisi də bizdən 8 dəfə çoxdur. Ancaq zallar arasında 29 dəfə fərq var. Bu da o deməkdir ki, bizdə bir kino zalı varsa Türkiyədə bu rəqəm 29-dur.

Azərbaycan kinematoqrafiyasının vəziyyətinin nə qədər böhranlı olduğu burdan üzə çıxır. Daha çox zal daha çox tamaşaçı deməkdir. Daha çox tamaşaçı isə daha çox pul. Daha çox pul isə daha böyük büdcə… Daha böyük büdcə isə daha keyfiyyətli film…

Söhbət buradan düşmüşkən, Azərbaycanda kino tamaşaçılarının sayına da nəzər salaq. 2022-ci ildə 1,6 milyon şəxs bilet alaraq kinoseansda iştirak edib. Bu rəqəm 2020-ci ildə 342 min, 2021-ci ildə isə 439 min olub. Pandemiya bütün dünyada olduğu kimi kino sənayesinə də böyük zərbə endirib. Pandemiyadan əvvəlki ildə, yəni 2019-cu ildə isə 1 milyon 640 min nəfər kinoya gedib. Göründüyü kimi, 2022-ci ilin nəticələri pandemiya illərinə görə yaxşı olsa da pandemiyadan əvvəlki rəqəmi təmin etmək mümkün olmayıb.

Yenə Türkiyənin rəqəmlərinə nəzər salaq: 2022-ci ildə Türkiyədə kino izləyiciləri 35.6 milyon bilet alıblar. Bizdə isə 1.6 milyon. Yəni, 21 dəfə çox. Yuxarıda qeyd edildiyi kimi, Türkiyənin əhalisi bizdən 8 dəfə çoxdur. Kinoteatrların azlığı, üstəlik ölkə ərazisinə bərabər paylanmaması bu vəziyyəti yaradır.

İndi isə bir başqa statistikaya nəzər salaq. 2022-ci ildə Azərbaycanda 623 film nümayiş olunub. Bu filmlərin cəmi 60-ı Azərbaycan istehsalıdır. 563 xarici filmin yarıdan çoxu ABŞ-nin payına düşür – təxminən 303 film. Bu rəqəm ABŞ kinosunun mütləq gücünü göstərir. Analoji rəqəmlərə bütün Avropa ölkələrində rast gəlinir. Hətta kinonun vətəni Fransada belə…

Bir məqama da diqqət etmək gərəkdir: Azərbaycanda kinoteatrlarında yerlərin sayı 11 928-dir. Yəni, təxminən 12 min. Bu da ölkə əhalisinin sayını nəzərə aldıqda cüzidir. Türkiyədə isə bu rəqəm 284 mindir. Bu rəqəm nəyi ifadə edir? Belə ki, Türkiyədə gündə 4 seans göstərildiyi təqdirdə tamaşaçı sayı 1 milyonu ötüb-keçəcəkdir. Bizdə isə 3 seansla heç 50 min tamaşaçı toplamaq da mümkün deyil. Yuxarıda da qeyd edildiyi kimi, yaranan böyük fərqi əhalinin nisbəti ilə izah etmək mümkünsüzdür.

Bütün bu rəqəmlərdən isə bir nəticə çıxır. Kinonun inkişafı üçün kinoteatrların sayını artırmaq lazımdır. Kinoya diqqət ayrılarsa, bu, ölkə əhalisinin maariflənməsi üçün də mühüm addım olacaq. Bundan əlavə, kino sahəsinin inkişafı yeni iş yerləri, yeni məşğulluq sahələri eləcə də yeni vergilər deməkdir. Bu mənada Azərbaycan kinosunun inkişafı yolunda maneələrdən danışarkən kinoteatr probleminin nə qədər mühüm olduğu da ortaya çıxır.

P.S. Məqalədə istifadə edilən statistik göstəricilər Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin və Türkiye İstatistik Kurumunun müvafiq hesabatlarından götürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir