Cəmiyyət

Məmməd Arazın təhsil aldığı, üç əsrə şahidlik edən məktəbdən reportaj – FOTO

Sharing is caring!


Məşhur bir aforizmdə deyilir ki, tarixə düşmək özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib-çatmaq və gələcəyə getməkdir. Bu baxımdan bir əsrlik inkişaf salnaməsi yazan Naxçıvan Muxtar Respublikasında həm “yaşı”, həm də özünəməxsus təhsil ənənələri ilə seçilən Şahbuzkənd tam orta məktəbi də tarixin keşməkeşli yollarında əsən burulğanları yararaq günümüzədək gəlib çıxıb və gələcəyə doğru inamla addımlayır. Rayon mərkəzindən 7 kilometr cənub-şərqdə yerləşən bu təhsil ocağı yarandığı tarixin iki əsrini arxada qoyub, üçüncü əsrini yaşayır.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı təhsil ocağında 43 il pedaqoq kimi, 9 il isə direktor vəzifəsində çalışan, hazırda təqaüddə olan tarix müəllimi İsax Qurbanovla görüşüb, məktəbin keçmişinə nəzər salıb.

İsax müəllim deyir ki, bəşər sivilizasiyasının ən qədim mərkəzlərindən olan Naxçıvanda elmə, maarifçiliyə daim böyük diqqət göstərilib. Bu inkişaf XIX əsrin sonlarında daha da yüksəlib, maarifçilik ideyaları böyük bir hərəkata çevrilib, yeni tipli məktəblər açılıb: “XIX əsrdə Naxçıvan qəzasında yaradılan, xalqın maariflənməsində mühüm rolu olan təhsil ocaqlarından biri də Şahbuzkənd məktəbidir. 1896-cı ilin dekabrında açılan təhsil ocağı 1904-1905-ci tədris ilinədək ikisinifli rus-tatar, sonra dördsinifli məktəb kimi fəaliyyət göstərib. 1923-1924-cü tədris ilindən 1937-ci ilədək səkkizillik məktəb statusu daşıyıb, 1937-1938-ci tədris ilində zərurət yarandığı üçün orta məktəbə çevrilib. Orta məktəb kimi ilk buraxılışı növbəti dərs ilində olub və 17 məzuna attestat təqdim edilib. Arxiv və abunə-mətbuat sənədlərindən məlum olur ki, ilk olaraq məktəbə Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu Mirzə Məhəmməd Zamanbəyli direktor təyin olunub, şəriyyət dərslərini Möhsün Axundzadə tədris edib. Əvvəlcə dərslər Naxçıvan xanlarına məxsus yaşayış evlərində keçilib, sonralar onların vəsaiti hesabına məktəb binası tikilib. Bu təhsil ocağının fəaliyyəti ilə bağlı sənədlərin birində göstərilir ki, 1909-1910-cu tədris ilində Cəfərqulu xan Naxçıvanski Şahbuzkənd məktəbində təhsil alan şagirdlərə məktəbli ləvazimatları hədiyyə edib, hədiyyə alanların içərisində Zərifə və Zəhra adlı iki qız da olub. Bu da onu deməyə əsas verir ki, həmin tədris ilindən məktəbdə oğlanlarla yanaşı, qızlar da təhsil almağa başlayıb”.

Həmsöhbətimiz bildirir ki, 1918-1920-ci illərdə məlum hadisələrlə əlaqədar məktəb müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Naxçıvanda sovet hakimiyyəti qurulandan sonra təhsil ocaqları xalq maarif komissarlığının nəzarətinə verilib. Yenidən fəaliyyətə başlayan Şahbuzkənd məktəbinə 1923-1924-cü tədris ilində Qori Müəllimlər Seminariyasının məzunu Sadıq Xəlilov direktor təyin olunub. Həmin zaman məktəbdə 39 şagird təhsil alırmış. 1928-1929-cu tədris ilində şagirdlərin sayı iki dəfəyə yaxın artaraq 72 nəfər olub, onların da 6-sı qız idi. İkinci Dünya müharibəsinin acı nəticələri bütün təhsil müəssisələri kimi Şahbuzkənd məktəbinin fəaliyyətinə də mənfi təsir göstərib, şagirdlərinin sayı azalıb. Buna səbəb isə valideynləri müharibəyə yollanan yeniyetmə və gənclərin ailələrini dolandırmaq üçün kolxoz və sovxozlarda işləmək məcburiyyətində qalması olub.

Bu məktəb rayonun yeganə təhsil ocağı idi

İsax müəllimin sözlərinə görə, rayonda yeganə təhsil ocağı olan Şahbuzkənd məktəbinə bütün kəndlərdən şagirdlər gəlirdilər: “Təbii ki, o zaman üçün bu, heç də asan iş deyildi. Görün, bu kəndlə rayonun digər yaşayış məntəqələri – Nursu, Kükü, Keçili arasında neçə kilometr məsafə var. Lakin bütün zamanlarda insanların təhsil almaq istəyi uzaq məsafələri yaxın edib. Naxçıvan şəhərindən, muxtar respublikanın digər rayonlarından gəlib kənddə hansısa qohum, tanış evində qalaraq bu məktəbdə oxuyanlar da az olmayıb. Bütün bu illər ərzində məktəbin məzunlarının sorağı təkcə yurdumuzun bölgələrindən deyil, hətta kənarlardan da gəlib. Xalq şairi Məmməd Araz, görkəmli alim Firudin Hüseynov, tibb elmləri doktoru Şəmsi Əsədov, Azərbaycan Respublikasının Əməkdar artisti Yaşar Səfərov, Əməkdar həkim Arif Rzayev, biologiya üzrə fəlsəfə doktoru Musa Piriyev, riyaziyyat elmləri namizədi İbrahim Rüstəmov, şahbuzlu ilk polkovnik-leytenant qadın Xanımzər Nabatəliyeva, həkimlər Məmmədəli Quliyev, Şəmsi Əsgərov, Elsevər Ağəliyev, Vəli Qəhrəmanov bu məktəbin yetirmələridir”.

Hazırda təhsil müəssisəsinin adını daşıdığı Mirzə Sadıx nəslinin davamçıları uzun illər məktəbdə pedaqoji fəaliyyətlə məşğul olublar. Onun oğlu, İkinci Dünya müharibəsi veteranı Əli Xəlilov məktəbdə 70 il Azərbaycan dili və ədəbiyyatı dərsini, hətta lap əvvəllər ixtisaslı müəllimlərin olmadığı illərdə rus dilini yaxşı bildiyi üçün bu fənni də tədris edib. Mirzə Sadıxın nəvəsi Əfrasiyab Xəlilov məktəbdə 50 il müəllim, 18 il direktor kimi çalışıb, 2006-cı ildə məktəbin 110 illik yubileyində “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb.

Müasir tədris avadanlıqları, nümunəvi fəaliyyət

Məktəbin hazırkı direktoru Xəqani Həzrətquliyev təhsil ocağının müasir dövrü barədə söhbət açır. Deyir ki, Şahbuzkənd məktəbi muxtar respublikamızın qədim kökə, zəngin təhsil ənənələrinə malik elm ziyası yayan ocaqlarındandır. Hamımıza məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə böyük quruculuq siyasəti həyata keçirildi. Reallaşdırılan kompleks inşaat işləri kəndimizə, eləcə də məktəbimizə yeni həyat bəxş etdi. 2008-ci ildə kənddə 216 şagird yerlik ikimərtəbəli yeni məktəb binası istifadəyə verildi. Məktəbdə iki elektron lövhəli, bir kompüter sinfinin, STEAM otağının yaradılması şagirdlərin müasir texnologiyaların sirlərinə dərindən yiyələnmələrinə, intellektual səviyyələrinin məntiqi cəhətdən inkişafına xidmət edir. Burada gənc nəslin düzgün, sağlam fiziki keyfiyyətlərə malik olması üçün lazımi avadanlıqlarla təchiz edilən geniş idman zalı da var. Məktəbdə bir laboratoriya, fondunda 3498 kitab (972 dərslik, 2526 bədii ədəbiyyat) olan kitabxana da fəaliyyət göstərir.

“Hazırda Şahbuzkənd tam orta məktəbində 72 şagird təhsil alır. Hər il ali məktəblərə qəbulun səviyyəsinə görə təhsil ocağı öz nümunəviliyini qoruyub saxlayır. Son 3 tədris ilinin göstəriciləri də bu baxımdan ürəkaçandır. Belə ki, 2020-2021-ci tədris ilində məzun olmuş 9 şagirddən 4-ü, 2021-2022-ci tədris ilində məzunların hamısı, 2022-2023-cü tədris ilində isə 6 şagirddən 3-ü ali təhsil müəssisələrinə qəbul olub. 2023-2024-cü tədris ilinin də bu baxımdan uğurlu olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Şahbuzkənd tam orta məktəbi səmərəli fəaliyyətinə görə fəxri fərmanla da təltif olunub. Sözsüz ki, onilliklər boyu özünəməxsus təhsil ənənələrinin davam etdirilməsinin, tədrisin keyfiyyətinin nəticəsidir ki, burada çalışan 23 müəllimdən 14-ü məktəbin məzunudur. Onların hər biri bu məktəbin qədim ənənələrini qoruyub yaşadan, yeni nəsillərə öyrədəndirlər. Şahbuzkənd həm də qəhrəman şəhidləri Emin Sadiqov və Cavid Bayramlı ilə öyünür, fəxr edir. Sözsüz ki, həm bu igidlərin xidməti fəaliyyətinin, döyüş yolunun, həm də vaxtilə məktəbin məzunu olmuş ziyalıların irsinin aşılanması şagirdlərdə yüksək əxlaqi-keyfiyyətlərin formalaşmasında, onların vətənpərvər ruhda tərbiyəsində əhəmiyyətli rol oynayır”, – deyə o əlavə edir.

Deyirlər, keçmişini unudanın gələcəyi olmaz. Bu gün Şahbuzkənddə fəaliyyət göstərən çinar ömürlü bu təhsil ocağının müəllimləri şagirdlərin gələcəyinin sağlam təməllər üzərində qurulmasına çalışmaqla yanaşı, məktəbin dünəni barədə bildiklərini gənc nəslə aşılayır, həm də bir məktəbin timsalında tarixi keçmişimizə çıraq tutmağı ümdə vəzifələrdən hesab edirlər. İnanırıq ki, tarixi köklər, sağlam prinsiplər üzərində elm ziyası yayan üç əsrin məktəbinin hələ qarşıdakı illərdə qazanacağı uğurlar daha da çox olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir