Cəmiyyət

Elektromobillərin batareyalarının utilizasiyası beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq – RƏSMİ + FOTO

Sharing is caring!


Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması, dövriyyəsinin stimullaşdırılması, maliyyə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir. 

Bu məqsədlə ölkədə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə İşçi Qrupu fəaliyyət göstərir.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, İşçi Qrupunun hazırladığı təkliflər əsasında həyata keçirilən tədbirlər nəticəsində ölkədə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə genişlənib.

“Stimullaşdırıcı tədbirlərin sayəsində, xüsusilə elektrik mühərrikli avtomobillərin idxalında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. 2023-cü ildə ölkəyə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib. Bu müsbət tendensiyanın növbəti illərdə də davam etməsi üçün ardıcıl olaraq tədbirlər görülür”.

R.Səttarzadənin sözlərinə görə, ölkənin nəqliyyat parkında elektrik avtomobillərinin payının artırılması məqsədilə İşçi Qrupu tərəfindən aidiyyəti dövlət qurumları ilə yanaşı, özəl sektor nümayəndələri də fəaliyyətlərə cəlb edilib və bu əməkdaşlıq əhalinin maliyyə əlçatanlığının artırılmasında, istehlakçı hüquqlarının müdafiəsi və rəqabət mühitinin inkişafında, fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırılmasında, xüsusilə ictimaiyyət arasında  məlumatlılığın artırılmasında səmərəli nəticələr verəcək.

“Eyni zamanda, İşçi Qrupunun 2024-cü il üzrə hazırlanmış yol xəritəsində nəzərdə tutulub ki, aidiyyəti dövlət qurumları ilə birgə ekoloji təmiz nəqliyyat vasitələrinin üstünlükləri, köhnə nəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə mütəmadi təbliğat aparılsın. Həmçinin il ərzində köhnə nəqliyyat vasitələrinin məhdudlaşdırılması istiqamətində yeni təkliflərin hazırlanması, köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı zəruri işlərin görülməsi, elektromobillərin batareyalarının utilizasiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində fəaliyyətlərin qurulması planlaşdırılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir