Cəmiyyət

Bakıda ekzotik meyvə bazarı: Qiyməti qaldıran miflər – REPORTAJ + FOTO

Sharing is caring!


Fevral ayının son günlərini yaşayırıq. Təbii ki, yerləşdiyimiz iqlim qurşağında hələ ki təzə meyvənin yetişdiyi vaxt deyil. Amma qışın oğlan çağında da Bakı əhalisini təzə meyvə ilə təəccübləndirmək mümkün deyil – dükan-bazarlarda sanki bir saat öncə ağacdan yığılmış kimi görünən meyvələr az deyil. Maraqlı olanı – piştaxtaları bəzəyən bu meyvələr arasında özünü də, adını da tanımadığımız nümunələrin günü-gündən çoxalmasıdır.

Ekzotik meyvələr haradan gətirilir, niyə gətirilir, nəyə yarayır, neçəyə satılır – bu suallara cavab tapmaq üçün Oxu.Az-ın əməkdaşları əhali arasında sərfəli alış-veriş məkanlarından biri kimi tanınan “Yaşıl bazar”a baş çəkiblər.

Diqqətimizi çəkən ilk məqam bazarda olan seyrəklikdir. Birbaşa ekzotik meyvələr satılan hissəyə keçirik.

Ekzotik meyvələrin əksəriyyəti soyuducularda, qablaşdırılmış şəkildə saxlanılır.

Meyvələrin heç birinin üzərində qiyməti qeyd olunmayıb.

Satıcılar daimi müştərilərinin olduqlarını bildirirlər:

“Ekzotik meyvələr həm çəki, həm də dənə ilə satılır. Bəziləri bunların bahalı olduğunu düşünürlər. Amma bahalıq alıcıları qorxutmamalıdır. Hamısının dadı çox möhtəşəmdir. Həm də faydalıdır. Bunların tərkibindəki vitamin kompleksi yerli meyvələrdən fərqlənir. Bir dəfə alan yenə almaq istəyir. Alıcılıq qabiliyyəti də normaldır. Hətta əvvəlki illərə nisbətən qaydasındadır. Müştərilər məmnundurlar”.

Ekzotik meyvələrin saxlanma şəraiti ilə maraqlanırıq. Öyrənirik ki, bunlar, əsasən, Afrika, Amerika, Asiya ölkələrindən gətirilir. Bu səbəbdən də soyuducuda, yaxud soyuq quru yerdə bir ay saxlamaq mümkündür. Satıcılar deyirlər ki, Braziliyadan gətirilən meyvələrə maraq daha çoxdur.

Adları bizə tanış olmayan ekzotik meyvələrlə yanaşı, öyrəşdiyimiz qarpız, yemiş, gilas, alça da piştaxtaları bəzəyir. Satıcılar qarpız və yemişə daha çox tələbat olduğunu vurğulayırlar.

Meyvələrin qiymətləri ilə maraqlanırıq.

Deyirlər ki, pitaya (“dragon fruit” – red.) şirin meyvədir. Fərqli rəng çalarları olsa da, hamısının dadı eynidir. Bir ədədi 15 manatadır. Manqonun kiloqramı 30 manatadır. Karanbula ulduz formasındadır, şirin alça dadını xatırladır. Biri səkkiz manatadır. Lunğanın (“əjdaha gözü” – red.) kiloqramı 30 manatadır”.

Satıcılar meyvələrin xüsusiyyətlərindən də danışırlar. Bunların çoxu mifə bənzəyir. Məsələn, bildirirlər ki, marakuyyanı yeyən insanlarda ehtiras hissi artır:

“Kiloqramı 35 manatdır. Gavalıya daha çox oxşayır. İnsanı ehtiraslandırır. Bunun xüsusi alıcıları var”.

Satıcı Ramin Seyidov deyir ki, yeddi ildir, ekzotik meyvələrin satışı ilə məşğuldur:

“Meyvələri Tailanddan, İndoneziyadan, Türkiyədən, Dubaydan gətiririk. Xeyirli meyvələrdir. Dadı tamam fərqlidir. Yerli meyvələrin mövsümü olmadığına görə hazırda müştərilərimiz ekzotik meyvə alırlar ki, ağız dadları dəyişsin. Alıcılıq qabiliyyəti son üç ildə çoxalıb.

Manqonun kiloqramı bizdə 60 manata, rambutan və liçinin kiloqramı 50 manatadır. Liçinin bir dənəsi bir manatadır. Pitayanın isə içi qırmızı olanının ədədi 10 manata, içi ağ olanın – 12 manatadır”.

Ramin Seyidov quanabananın xərçəng xəstələrində immunitet yaratdığını qeyd edir:

“Quanabananın kiloqramı 70 manatdır. Faydaları çoxdur: iştahanı artırır, onkoloji xəstəliyin birbaşa dərmanıdır, immuniteti gücləndirir, xəstəliklərin qarşısını alır. Amma bunun üçün daim ondan yemək lazımdır. Tailanddan gətirilir. Meyvəni kəsəndən sonra üzərini bağlamalısan ki, daxilinə hava keçib xarab etməsin, həmçinin, soyuducuda saxlamaq lazımdır. Bunun şirəsi də ayrı gəlir, litri 50 manatadır”.

R.Seyidov mövsümü olmayan meyvələrdən də danışır:

“Qış ayları olsa da, yay meyvələrini tapmaq mümkündür. Gilasın kiloqramı 50 manatadır, yayda yediyimiz gilasdan fərqlənmir. Argentinadan gətirilir. Alça Cənubi Amerikadan gəlir. Kiloqramı 200 manatadır. Böyürtkənin 150 qramı 12 manatadır. Kokos Dubaydan gəlir, bir ədədi 10 manatadır”.

Ümid edək ki, insanlarımız ekzotik meyvələri xəstəliklərini sağaltmaq ümidi ilə yox, sadəcə, hərdən ağız dadını dəyişmək üçün axtarsınlar.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir