Cəmiyyət

Haqq-ədalət naminə “Xocalıya Ədalət” kampaniyası

Sharing is caring!

Bu gün Xocalı şəhidlərinin ruhu sevinir. Topraqlarımız azaddır, Xocalı şəhəri abadlaşır, yenidən qurulur, tikilir. Onun sakinlərinin məhvinə bais olanlar isə həbsxanalarda inləyirlər, torpaq altında belə rahatlıq tapa bilmirlər, ruhları səksəkə içərisindədir. İndi Xocalıda Azərbaycan bayrağı dalğalanır, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında xocalıların erməni təcavüzünə məruz qalanların qisasının alındığını bildirir.

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 31 il ötür. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra yaxın məkana çatmaq məqsədilə şəhəri tərk edən 2500-ə yaxın əhali əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.

Xocalı soyqırımı beynəlxalq cinayətdir, bu hadisə bir sıra ölkələr tərəfindən tanınmış və ona beynəlxalq siyasi qiymət verilmişdir. Bu kütləvi insan qırğını erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin yeni bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik kimi dəyərləndirilməlidir. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.

İnsan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına beynəlxalq miqyasda qeyd-şərtsiz, tam hüquqi qiymət verilməsi, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməsi həyata keçirilməsi ilə bağlı səylər davam etdirilməlidir.

Maşalla Əliyev,

Qarabağ Qaziləri İctimai Birliyinin

Cəlilabad rayon filialının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir