Cəmiyyət

“Azərbaycanın istedadları” – AZƏRTAC-ın rubrikası

Sharing is caring!


Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) bu yaxınlarda “Azərbaycanın istedadları” adlı yeni rubrika açıb. Bu rubrikanın qəhrəmanları ölkəmizi öz bənzərsiz uğur və nailiyyətləri ilə zənginləşdirən istedadlı gənclərdir. Onlar “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçıları, dünyanın aparıcı ali məktəblərini müvəffəqiyyətlə bitirmiş, əldə etdikləri bilik və bacarıqları öz doğma vətənlərinə xidmətə həsr etmiş, beynəlxalq elmi olimpiadaların, idman yarışlarının qalibləri və mükafatçıları, gənc iş adamları, ABAD-ın ənənəvi ailə biznesinə dəstək proqramı sayəsində öz bacarıqlarını reallaşdıra bilmiş sahibkarlar, alimlər, tədqiqatçılar, musiqiçilər, rəssamlar, ədəbiyyatçılar – bir sözlə, adları Azərbaycanın gələcək inkişafı və tərəqqisi ilə bağlı olan insanlardır.

İndiyədək bu rubrikanın qonağı olan gənclərimizlə tanış olaq: Rauf Məmmədzadə – vokalçı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbəsi, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı, Səidə Əhmədova – Bülbül adına orta ixtisas musiqi məktəbinin 11-ci sinif şagirdi, skripka ifaçısı, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı, Аmalya Əliyeva – Bülbül adına orta ixtisas musiqi məktəbinin 8-ci sinif şagirdi, skripka ifaçısı, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı, Xəzər Coşqun – Bülbül adına orta ixtisas musiqi məktəbinin 8-ci sinif şagirdi, skripka ifaçısı, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı, Aylin Mahmudova – Bülbül adına orta ixtisas musiqi məktəbinin 10-cu sinif şagirdi, pianoçu, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı, Şükran Cəfərova – gənc pianoçu, Bülbül adına orta ixtisas musiqi məktəbinin 9-cu sinif şagirdi, bir neçə beynəlxalq müsabiqənin iştirakçısı və laureatı, Dilşad Fərhadzadə – skripkaçı, Bülbül adına orta ixtisas musiqi məktəbinin 3-cü sinif şagirdi, bir neçə beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı, Əli Vəliyev – Bülbül adına orta ixtisas musiqi məktəbinin 10-cu sinif şagirdi, pianoçu, bir çox beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı, Rəvanə Ağamirova – dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Prezident mükafatına layiq görülmüş, anadangəlmə görmə məhdudiyyətli, I dərəcə gözdən əlilliyi olan, “Ay Laçın” xalq mahnısının ifaçısı, Sona Quliyeva – Beynəlxalq Astronavtika Federasiyasının “IAC Gənc Pioner” mükafatının sahibi, “Azərkosmos”un coğrafi informasiya sistemləri üzrə aparıcı təlimçisi, Mirhəşim Seyidov – Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və İsrailin Texnion Universiteti ilə birlikdə təşkil etdiyi Sertifikat proqramını müvəffəqiyyətlə başa vurmuş, Florida Beynəlxalq Universitetindən “Master of Science in Networking- Application security” dərəcəsi üzrə 75 faiz təqaüd qazanmış, ABŞ-də magistratura təhsilini davam etdirən gənc mütəxəssis, Nicat Muradzadə – “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetinin doktorantı, UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbər müavini, tədqiqatçı, 2 kitab, 5 elmi məqalə, 2 konfrans materialının və çoxsaylı elmi-publisistik məqalələrin müəllifi, Əminə Məmmədova – uşaq yaşlarından rəsm çəkməyi sevən, Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin (ABAD) dəstək göstərdiyi vitraj ustası, əsasən şüşə məhsulları üzərində xüsusi boyalarla çəkilmiş əl işləri, həmçinin müxtəlif dekorativ suvenirlər, taxta mücrülər hazırlayan ABAD-çı, Tural Süleymanov – Azərbaycanın texnologiya sahəsində ən gənc və yüksək potensiallı komandalarından biri olan “SUMbuilders”in təmsilçisi, mühəndis, “Teknofest Azərbaycan” finalında 1-ci yeri qazanmış, Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər tərəfindən mükafatlandırılan “Ağıllı kaska” (Smart Helmet) layihəsinin yaradıcılarından biri, beynəlxalq və yerli layihələrə mentor, ekspert və mühəndis kimi dəvət alan mütəxəssis.

Uğur hekayələrini bizimlə bölüşmək istəyənlər bu elektron ünvana müraciət edə bilərlər: [email protected] .

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir