Cəmiyyət

Yeniyetmələri zorakılığa sövq edən, şiddətə meyilləndirən nədir? – AÇIQLAMA + FOTO/VİDEO

Sharing is caring!


Yanvarın 17-si günorta saat 3-dən sonra 156 saylı məktəbin 11-ci sinif şagirdi öz qonşusu, eləcə də sözügedən məktəbdən 2023-cü ildə 9-cu sinifdən məzun olan digər yeniyetməni tərkibində cinayət əməlləri olan bullinqə məruz qoyub.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb və cəmiyyətdə geniş rezonans doğurub. Məktəbli bir qızın bu cür əməl törətməsi birmənalı şəkildə qınanılıb.

Digər məlumatlarda hazırda zərərçəkmiş qızın hadisədən bir müddət öncə 156 saylı məktəbin 11-ci sinif şagirdinə qarşı bənzər əməli törətdiyi iddia edilir. Belə ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova açıqlamasında qeyd edib ki, bullinqə məruz qalan qız ona virtual zorakılıq göstərib (sosial şəbəkələrdə şəklini paylaşaraq pul qarşılığında əxlaqsız xidmətlər göstərdiyini qeyd edib – red.):

“Bu səbəbdən də yeniyetmə videodakı davranışa əl atıb. Təbii ki, bu, yolverilməzdir”.

İlkin ehtimalla bu hərəkətin qızlar arasında bir-birindən heyif almaq məqsədilə edildiyi deyilsə də, şagirdlərin arasında nə baş verdiyi barədə dəqiq məlumat yoxdur. Hadisənin tam təfərrüatı hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən araşdırılır.

156 nömrəli məktəbin yaxınlığında həmcinsi tərəfindən təhqir olunan yeniyetmə qızın nənəsi Cəmilə Hacıyeva da nəvəsinin onu təhqir edən qıza pis söz dediyini etiraf edib.

C.Hacıyeva deyib ki, üç qız onun nəvəsini danışmaq üçün məktəbin yanına çağırıb:

“Nəvəm atasından qorxduğu üçün gedib. “Atama deməyin, məni döyər”, – deyib. Orada oğlan da olub, başqa adamlar da olub, heç kim ayırmayıb. Uşaqlar onu aşağılayıb, başına yumurta çırpıblar, saçını kəsiblər. O ailə ilə problemimiz olmayıb, həm qohum, həm də qonşuyuq. Ailələr arasında heç bir problem olmayıb. Nəvəm 9-cu sinifdən çıxıb, dərziliyi öyrənir. O qız isə 11-ci sinifdə oxuyur. Atası da, əmisi də qızın valideynləri ilə danışıblar. Problemli ailə deyillər, bibisi Qala məktəbində direktor işləyib. Yaxşı adamlardır, yaxşı qonşu olmuşuq. Sadəcə, yəqin ki, qızları ilə bacara bilmirlər”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.

Cinayət tərkibli əməl varsa, qanunvericiliyə əsasən, şəxs 16 yaşdan sonra cinayət məsuliyyəti daşıyır. Bu məktəblilər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinə yerləşdirilə bilərlərmi?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq Şöbəsinin müdiri Taliyə İbrahimova sualımıza cavab olaraq bildirib ki, cinayət tərkibli əməldən asılı olaraq zəruri tədbirlər görüləcək:

“Cinayət törədən yeniyetmələrin yetkinlik yaşına çatmayanların islah müəssisəsinə yerləşdirilməsi bir qədər fərqlidir. Bütün hallarda araşdırmaların, toplanan materialların yekun nəticələri əsasında müvafiq tədbirlər görüləcək”.

Yeniyetmələrin hər ikisi günahkardır

Psixoloq Təranə Kazımlı Oxu.Az-a açıqlamasında bildirib ki, sözgedən görüntüləri lentə alan şəxs ən azı bu zorakılıq hərəkətlərini edən yeniyetmə ilə eyni dərəcədə günahkardır:

“Düşünürəm ki, şiddətə məruz qalan yeniyetmə xüsusi qayğıya ehtiyacı olan uşaqdır. Bu zorakılığı edən şəxslər isə ondan böyükdürlər. Bullinq halları günümüzdə rast gəlinən haldır və daha çox 5-6-cı sinifdən başlayır, 11-ci sinfə qədər davam edir. 18 yaşına qədər şəxslər uşaq sayılır və valideyn nəzarətində olurlar. Lakin valideynlərin məsuliyyətə cəlb edilməsi bu problemin həlli üçün çıxış yolu deyil. Bu dövrdə məsuliyyətsiz ailədə böyüyən uşaqlar cəmiyyətdə belə səhvlərə yol verirlər. Araşdırsaq, həmin uyğunsuz hərəkətləri göstərən şəxslərin ailələrində də şiddət olduğunu görərik. Burada ictimai qınaq önəmlidir.

Məktəb psixoloqlarını günahlandırmaq istəmirəm, amma bu sahədə ciddi tədbirlər görülməlidir. Psixoloqlar məktəb daxilində şagirdləri müşahidə etməli, onlarla mütəmadi ünsiyyətdə olmalıdırlar. Sadəcə, “insanların psixologiyası pozulub” deyib keçmək olmaz. “Niyə pozulub?” – Bu suala cavab tapmaq lazımdır”.

Təəssüf ki, zorakılığı əks etdirən videolara daha çox baxılır

Psixoloq onu da əlavə edib ki, təəssüf ki, bu kimi neqativ hallar, şiddət, zorakılıq dolu videolar sosial şəbəkə istifadəçiləri tərəfindən daha çox izlənilir:

“İnsanlar daha çox şiddətə meyillidirlər. Şiddət videoları milyonlarla baxış toplayır. Hər kəsin müsbət və mənfi xüsusiyyətləri var. Amma insanlar başqasına qarşı edilən zorakılığa daha çox baxırlar. Sanki öz içlərindəki neqativi həmin bullinq, zorakılıq, şiddət tərənnüm edən görüntülərə baxaraq boğurlar.

Diqqət çəkmək istədiyim məqam budur ki, hər iki yeniyetmə – şiddətə məruz qalan da, şiddətə məruz qoyan da – cəmiyyətə yenidən qazandırılmalıdır. Bunun valideyni var, məktəbi var, aidiyyəti qurumları var. Heç kim valideyndən icazəsiz onun uşağını hansısa reabilitasiyaya cəlb edə bilməz. Odur ki, ailələri övladlarına diqqət və qayğı ilə yanaşmağa çağırıram. Şiddət hər zaman fiziki olmur. Gün ərzində, bəlkə də, yüzlərlə uşaq psixoloji, mənəvi şiddətə məruz qalır. Jarqonlardan istifadə olunaraq psixoloji təzyiqə məruz qalan uşaqlar var ki, bunu dilə gətirmirlər. Yeniyetmələrin bir-birini təcrid etməsi, qruplaşma yaratması və s. – bunlar hamısı şiddəti yaradan amillərdir. Buna görə psixoloji xidmətlərin də gələcəkdə icbari sığorta vasitəsilə tətbiqinin təmininə baxılmasını istəyirəm. Belə olarsa, maddi durumu aşağı olan ailələrin psixoloji xidmətlərdən vaxtında yararlanması bu kimi və daha ağır fəsadların qarşısını ala bilər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir