Cəmiyyət

Doğub atırlar məktəbin üstünə

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Çox əcəb işə düşmüşük. Özləri bir işə yaramırlar, doğub atırlar ya polisin, ya da məktəbin üstünə. Bəli, oxuduğunuz kimi. Hələ bir adamı borclu da çıxarırlar. Bu uşaqları polis, ya da məktəb tərbiyə etməlidir? Niyə görəsən? Məktəbdən, ya da polisdən icazə alıb doğmusunuz ki, məsuliyyəti də bu qurumların üstünə atırsınız? 

Ya bunu doğ, ya da doğma. Doğursansa, tərbiyəsini ver, adam elə. Yox, tərbiyə verə bilmirsənsə, məktəb, ya da polis sənin üçün dayə deyil. Bizim üçün, cəmiyyət üçün problem doğma. Onsuz da, problemimiz az deyil. Hələ bir kimsənin də nəzarətsiz, küçə söyüşləri ilə danışan, uşağına da yiyə durmalıyıq? 

Şəxsən mənim elə bir fikrim yoxdur! Anası var, atası var, yiyə dursun! O, ana-ata ki, 15-16 il tərbiyə verdiyi uşaq budur. Yeri gəlmişkən, əgər ana-ata desə ki, bəs biz bu uşaqla bacarmırıq, lap yaxşı. Ailədən alınıb verilsin çətin tərbiyə olunan şagirdlər üçün xüsusi məktəblərə, internatlara. Niyə mənim uşağım belə vəhşi ilə bir məktəbdə oxusun ki?  Ya da bir başqasının uşağını niyə alçaltsın ki? 

Aha, indi ortaya malakeşlər düşəcək ki, “bəs, bəlkə zorakılıq göstərən uşağın psixoloji problemləri var?” Hə, ikinci Əhməd nümunəsi? Cibində dəlilik kağızı ilə bir gün gəlsin kiminsə evinə basqın eləsin, adamları baltalasın. 

Əslində Dilarə elə potensial Əhməddir. Kimdir Dilarə? Onu tanımayan varmı? İnanmıram.

Dünən gecə saatlarından sosial şəbəkələrdə paylaşılan Dilarə adlı birinin, əxlaqsız, tərbiyəsiz, biabırçı görüntüləri insanların Əhmədin törətdiyi qanlı faciədən sonra, onsuz da tarıma çəkilmiş əsəblərini daha da gərdi. Sadəcə Dilarənin əlində balta deyil, qayçı var. Özündən yaşda balaca, zəif bir məktəbli qızı təhqir edir, saçını qayçı ilə kəsir, başına yumurta vurur, qızın alnına təhqiramiz söz yazır, hələ bir həyasızcasına hırıldayır. Soruşmaq lazımdır, ay Dilarə, hansı gününə hırıldayırsan? Bəlkə əlaçısan, bəlkə hansısa elmi olimpiadada yer tutmusan? Bəlkə istedadın başından aşır? Kimsən axı sən?

Adım kimi əminəm ki, heç adını belə düzgün yaza bilmirsən. İndi de görüm, hansı gününə “qoçuluq” edirsən? Kim sənə bu imkanı verib? Kim sənə başa salıb ki, nə edirsən elə, sənə cəza düşməyəcək?!

Yaşın da az deyil. Bu gün, sabah yetkinlik yaşına girəcəksən. Belə görürəm, bir az da o yan, bu yan olsa Dilarə elə qayçı ilə adamlara zərər vuracaq. Kəsəcək, deşəcək. Bu cür adamlar ciddi və güzəştsiz cəzalanmalıdırlar! Və mənim heç vecimə də deyil necə…

Onun kimiləri cəzalandırmadıqca, digərlərinin də ayağı yer alır. Hərə bir dəlilik kağızını alıb qoyacaq cibinə ki, “mənə toxunmayın, dəliyəm”. Dəlisən get başını vur divara. Niyə başqasının uşağına zərər vurursan?

Təəssüflər olsun ki, bizim cəmiyyətdə danışmaqla, başa salmaqla, iş getmir. Gərək başının üstündə çomaqlı nəzarətçi kimi duran olsun ki, özləri bir tərəfə, başqasının uşağına zərər yetirməsin. İndi anası gələcək üstümüzə ki, hay-haray! Dilarənin anası ölməyib. Yadınıza oğlu tərəfindən baltalanan Pikə ananı salın. O da elə deyirdi “Əhmədin anası ölməyib”. Amma Əhməd öz anasını öldürdü. Hər şey elə balaca zorakılıqdan başlayır. Valideynin başlı-başına buraxdığı uşaqların sonu ya küçə olur, ya da həbsxana. Tarix boyu belə olub və olacaq. Əgər Dilarə digər qızın alnına yazdığı sözü anasından öyrənibsə, gedib o sözü evlərinin divarına yazıb tez-tez də oxusun. Bu məsələdə nə məktəbin, nə də müəllimin günahı var. O ədəbsiz sözü Dilarəyə ədəbiyyat müəllimi imla yazdırarkən öyrətməyib.

Uşaqlar evdə ana-atasının tökdüyünü yığırlar. Yaxşı olar ki, yığdıqlarını da öz evlərinə töksünlər, nəinki cəmiyyətə, ətrafa…

Elə bu arada xəbər gəldi ki, “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”. 

Bu məsələyə cəmiyyət qəti mövqe bildirməli, həm Dilarə, həm də onun valideynləri məsuliyyətə cəlb olunmalıdırlar. Əksi mümkün deyil!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir