Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: “Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var” – VİDEO

Sharing is caring!


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Türkiyədə yaşayan azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhməd olub.

O, doğulduğu, lakin uşaq yaşlarında tərk etmək məcburiyyətində qaldığı Qərbi Azərbaycanın Zəngibasar mahalı, İrəvan şəhəri barədə danışıb. Bildirib ki, yuxularında görür. Qeyd edib ki, insanın doğulduğu yerə gedə, oranı görə, babalarının məzarlarını ziyarət edə bilməməsi böyük faciədir. Ailəsinin, qohumlarının bir neçə dəfə deportasiyaya məruz qaldığını xatırladan D.Əhməd söyləyib ki, öz el-obasından, ata-baba yurdundan didərgin salınan insanların bir çoxu Vətən həsrəti ilə dünyalarını dəyişiblər.

Türkiyə arxivlərində çoxsaylı araşdırmalar aparan tarixçi vurğulayıb ki, vaxtilə erməni zülmündən canlarını qurtaran soydaşlarımız qardaş ölkəyə də pənah aparıblar. Onun sözlərinə görə, Türkiyə arxivlərində irəvanlı mühacirlər haqqında zəngin məlumatlar var. Araşdırmaçı soydaşlarımızla həmsöhbət olduğunu, onlar haqqında maraqlı məlumatlar topladığını diqqətə çatdıraraq, sadəcə Türkiyədə deyil, ümumən xarici ölkələrdə məskunlaşan Qərbi azərbaycanlıların daim Vətən eşqi ilə yaşadıqlarını vurğulayıb. O, ötən əsrin 1918-1920-ci illərində mövcud olan Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında irəvanlı ziyalıların xidmətlərindən də danışıb. Bildirib ki, müsəlman Şərqinin ilk Demokratik Respublikasının yaradılmasında Qərbi Azərbaycan ziyalılarının mühüm rolu olub. Ötən əsrin əvvəlindəki ictimai-siyasi proseslərdən, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsindən söhbət açan tarixçi o dövrdə irəvanlı deputatların bu qərara etiraz etdiyini qeyd edib. 

“Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının başlıca vəzifəsi ölkəmiz barədə həqiqətlərin, ermənilər tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır”, – söyləyən D.Əhməd Türkiyədə bu istiqamətdə gördüyü və planlaşdırdığı işlərdən də söhbət açıb. Onu da əlavə edib ki, Qarabağ Zəfəri soydaşlarımızda tarixi torpaqlarımıza qayıtmaq ümidini daha da artırıb. Tarixçi sonda vurğulayıb ki, İrəvanda, Göyçədə, Zəngəzurda yaşamaq hər bir azərbaycanlının haqqıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir