Cəmiyyət

Xoşbəxt donuz olmaq yaxşıdır, yoxsa bədbəxt Sokrat?

Sharing is caring!


Qan Turalı yazır…

Bu günlərdə balaca bir uşaq videosu gördüm. Uşaq maşına minməyə çalışırdı, ətrafında da heyranları. Bu videoya heç bir məna verə bilmədim. Bu uşaq kim idi və insanlar nəyə görə ona belə pərəstiş edirdilər? Bu işlərdən yaxşı baş çıxaran bir dostuma videonu göndərdim. O da dedi ki, bəs bu uşaq möhkəm söyüş söyəndir, ona görə belə hörmət qazanıb. Getdikcə, təəccüb hissimizi itirməyə başlayırıq. 

Stalinə aid edilən bir söz var, bir nəfərin ölümü faciədir, milyonların ölümü isə statistika. Bu sözü belə dəyişdirmək də olar, bir nəfərin dəli olmağı statistikadır, milyonların dəli olmağı isə faciə. 

Sitat gətirmişkən, birini də Şopenhauerdən gətirək. Böyük filosof deyirdi ki, cəmiyyəti axmaqların boşboğazlıqları, cəfəng danışıqları daha çox inandırır, nəinki böyük zəkaların fikirləri. Əslində burada qeyri-təbii heç bir şey yoxdur. Tarixin dövranı belədir, belə gəlib, yəqin elə belə də gedəcək. 

Ancaq məni ən çox maraqlandıran bu nadanlara pərəstiş edənlərdir. Onlar oxumuş adamlardır, ürəklərində dərd, beyinlərində problemlər var. Ölkənin gələcəyi üçün narahatlıq duyurlar, cəmiyyətin sabahını düşünürlər, buna görə də daim qayğılı və fikirlidirlər. Bütün bu fikri və hissi əziyyətdən xilas olmaq üçün nadan olmaq istəyirlər. Əlbəttə ki, bu, mümkünsüzdür, bunu özləri də çox gözəl bilirlər.

Oxumuş, ziyalı adamlar düşünürlər ki, olmaz ki, biz də o Nianın söhbəti ilə başımızı qataydıq, üç uşağını qoyub qaynı ilə qaçan gəlini qınayaydıq? Dünyamız onda daha gözəl olardı. Bu, heç bir halda mümkün deyil.

Əvvəlcə, oradan başlayaq ki, insan zəkası müəyyən bir mərhələyə qədər  inkişaf etdikdən sonra onun geriyə yolu qalmır. Gözəl təhsil almış bir bəstəkar hər nə qədər özünü məcbur etsə də meyxanaya qulaq asıb ondan zövq ala bilməz. Bu, mümkünsüz bir şeydir. 

İngilis filosof Bentam insanları xoşbəxt edən hər cür əməli yaxşı əməl hesab edirdi. Başqa cür desək, nadanlığı da xoşbəxtlik sayırdı. Bunun belə olmadığı isə sonralar və sadə bir sualla ortaya çıxdı. Sual belə qoyulmuşdu: Palçıqda ağnayan xoşbəxt bir donuz olmaq istəyərdiniz, yoxsa kədərli Sokrat? Misal niyə görə heyvanla verilmişdi? Çünki Bentam heyvanların da xoşbəxt ola biləcəyinə inanırdı. İndi kim suala donuz cavabı verirsə özü bilər, donuz bilər. Ancaq hər bir zəka sahibi olan insanın Sokratı seçəcəyi də dəqiqdir. 

Yüksək zəka avtomatik olaraq yüksək zövqləri də təyin edir. Bəli, kimlərsə nadan olmaq istəyər, ancaq bir nadan bir operadan heç bir zövq ala bilməz. Bir nadan Nuri Bilgə Ceylan filminə zövq almaq bir yana dursun, heç yarısına qədər baxa da bilməz. Nadan üçün Tarkovski daim əlçatmaz qalacaqdır. Selincer oxuyub zen buddizm haqqında düşünmək ona heç bir zaman müyəssər olmayacaq. Nadanın əhatə dairəsi də özü kimi bəsit və cılızdır. 

Söz bu yerə gəlmişkən, sevimli yazıçımız Haqverdiyevin “Mirzə Səfər hekayəsindən də bir sitat gətirək. 

“Bir neçə nəfər də kənddən gəlmiş adamlar küçənin оrtasında оturub öz aralarında danışırdılar. Mirzə bunların birisinə əl elədi:

– A kişi, bura gəl, bura gəl.
Kişi durub gəldi.
– Nə buyurursan, Mirzə?
– Bir dil ki qəm düçarı оla, ağlar, ağlamaz?
– Mən nə bilim, ay Mirzə.
– Ənduhi-qüssə yarı оla, ağlar, ağlamaz?
– Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz, avam adamam.
– Dоğrudur, avamsan, bunlar gözəl sözlərdir, get оğlunu оxut. Belə-belə şeirlərdən ləzzət aparsın”.

Bəli, Haqverdiyevin də dediyi kimi, belə şeylərdən “ləzzət aparmaq” üçün isə oxumaq lazımdır. Hər nə qədər də nadanların dünyasında yaşasaq belə, bu cür həzz mənbələrimiz mövcuddur. Buna görə nadanlığın həsrətini çəkməkdənsə ancaq  ağıllı, oxumuş adamlara nəsib olan şeylərin həzzini dadmaq lazımdır. Bir də əlbəttə ki, nadanların sayının azaldılması istiqamətində çalışmaq… 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir