Cəmiyyət

“ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq – FOTO

Sharing is caring!


“ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq.

“Report”  xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq və Koreya Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin direktoru Mun Yonq Hyun ilə görüşüb.

Qonaqlara “ASAN xidmət”, eləcə də agentliyin digər fəaliyyət istiqamətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 70 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.

Görüş zamanı xidmətlərin göstərilməsində ən son innovasiya və texnologiyaların tətbiqi, dövlət xidmətlərinin gələcəyi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Sonra “Koreya Respublikasının 2023-cü il üzrə Kiçikhəcmli İnkişafa Rəsmi Yardım” proqramı çərçivəsində həyata keçirilən “Mərkəzləşdirilmiş Dövlət Xidmətləri Çağrı Mərkəzinin optimallaşdırılmasında Süni İntellektin Tətbiqi” layihəsi çərçivəsində avadanlıqların verilməsi haqqında qəbul və təhvil-təslim protokolunun imzalanma mərasimi baş tutub.

Layihə müvafiq avadanlıqlar vasitəsilə “ASAN xidmət”in “108” Çağrı Mərkəzində azərbaycanlı mütəxəssislərin hazırladığı süni intellektin tətbiqi əsasında xidmətlərin daha da təkmilləşdirilməsini, qlobal standartlara uyğunlaşdırılmasını hədəfləyir. Sözügedən avadanlıqlar tapşırıqların avtomatlaşdırılmasına, çoxsaylı zənglərin eyni anda qəbuluna və gözləmə müddətinin azaldılmasına imkan verəcək. Çağrı Mərkəzinin fəaliyyəti 24 saat ərzində təmin ediləcək, insan resurslarına və digər xərclərə qənaət ediləcək. Eyni zamanda toplanmış məlumat analitikası vasitəsilə xidmətlərin fərdiləşdirilməsi və optimallaşdırılması mümkün olacaq.

Qonaqlar “ASAN xidmət”in, “Bilim Bakı”nın, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın və səyyar “ASAN xidmət”in fəaliyyəti ilə də tanış olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir