Cəmiyyət

Nazirlik rəsmisi: “Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur, ancaq gizli dövrü çox yoluxdurucudur”

Sharing is caring!


Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov hepatit B və C-dən fərqli olaraq, hepatit A virusunun xroniki qaraciyər xəstəliyinə səbəb olmadığını deyib.

O xatırladıb ki, hepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyidir.

Həkimin sözlərinə görə, bu, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsarət yaratmayan xəstəlikdir:

“Hepatit B və C-dən fərqli olaraq, hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur. Uzun illərdir ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin var. Yoluxma bəzi gigiyena qaydalarının pozulması nəticəsində yaranır və yayılmasına səbəb olur. Hepatit A virusu, əsasən, fekal-oral yolu ilə ötürülür. Bu zaman şəxs öz nəcis ifrazatı və çirklənmiş əli ilə infeksiyanı ətrafa yayır. Beləliklə, xəstə şəxslə əl kontaktı və ya yoluxan şəxs ətrafda olan ağıza düşə biləcək nəyə toxunubsa (qida, su), digərlərini asanlıqla yoluxdura bilər”.

“Meyvə və tərəvəzlər yuyulmadığı təqdirdə virusa yoluxma ehtimalı xüsusilə yüksəkdir. Çünki virus soyuğa, istiyə, hətta mədənin qatı turş mühitinə davamlıdır. Lakin suyu qaynamaqla onu tamamilə məhv etmək olar. Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsilə daxil ola bilər. Digər – qan və ya cinsi -yoluxma da mümkündür. Lakin bu hallar daha az rast gəlinir və kütləvi yoluxmalara səbəb olmur”, – mütəxəssis vurğulayıb.

Virusa yoluxan insanda gizli dövrün olduğuna diqqət çəkən nazirlik rəsmisi əlavə edib ki, inkubasiya müddəti ortalama iki-dörd həftə davam edir:

“Xəstəlik insanda halsızlıq, tez yorulma, əzələlərdə ağrı, iştahasızlıq, qusma, mədə ağrısı, ishal əlamətləri ilə özünü göstərir. Bu dövr ən çox yoluxdurucu olduğu dönəmdir. Daha sonra sarılıq dəridə qaşınma əlamətləri ilə üzə çıxır və xəstənin daha öncəki əlamətlərində rahatlama müşahidə edilir. Sarılıq baş verdikdən sonra qaraciyərin əvvəlki səviyyəyə qayıtması beş aya qədər çəkə bilər. Xüsusilə 5-14 yaş qrupu uşaqlar hepatit A virusuna daha çox yoluxurlar. Xüsusi müalicə üsulu və spesifik bir antivirus preparatı yoxdur. Yalnız simptomatik dərmanlar və infuziyalar tövsiyə edilə bilər. Hepatit A xəstələrinə çox dərman istifadəsi məqsədəuyğun deyil. Vaksinasiya hepatit A virusunun spesifik profilaktika üsuludur. İki doza peyvənd alaraq, bu xəstəlikdən tam qorunmaq mümkündür”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir