Cəmiyyət

“Ermənilər Sumqayıt hadisələri ilə Qafandakı kütləvi köçü kölgədə qoymağa çalışırdılar” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Qafan hadisələri təsadüfi yaşanmadı. Bu, ermənilərin tarix boyu “böyük Ermənistan” yaratmaq xülyasından irəli gələn məsələlərdir. Bu hadisələr barədə danışmazdan öncə bilmək lazımdır ki, ermənilər niyə Zəngibasar, Vedibasar, Göyçə, Amasiya mahalını yox, məhz Qafan seçdilər? Bunun üzərində xüsusi dayanmaq lazımdır, çünki Qafan təsadüfi seçim olmayıb. Zəngəzur bölgəsində dörd rayon – Qarakilsə, Gorus, Mehri, Qafan olub. Bu rayonların hər birində 1906, 1915, 1918-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı qırğınlar törədilib”.

Bunu Oxu.Az-a müsahibəsində Qərbi Azərbaycan İcması sədrinin birinci müavini Mirfaiq Mirheydərli deyib. Onunla müsahibəni təqdim edirik:

– Ermənilər bizə qonşu olandan azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törədiblər. Qərbi Azərbaycanda ermənilər qətliamlar üçün zəmini necə hazırlayırdılar?

– Ermənilər Zəngəzur mahalında da insanların evlərini yandıraraq, iş yerlərində müəyyən problemlər yaradaraq kəndləri boşaltmağa çalışırdılar. Bu proses çoxdan başlamışdı. Onlar ilk mərhələlərdə qırğın törətməsələr də, azərbaycanlı əhalinin hüquqi, mənəvi baxımdan əzilməsinə çalışırdılar. Ermənilər kollektivləşmə adı ilə ziyalı azərbaycanlıları həbs edirdilər. Soydaşlarımızın bir çoxu mübarizəsini davam etdirsə də, digər bir qrup müəyyən səbəblərdən əraziləri tərk etməli olurdu. Daha sonra, 1948-53-cü illər deportasiya dövrü oldu. 100 minə qədər azərbaycanlı əhali deportasiya edildi. Əhali ilə bərabər, orada olan təhsil müəssisələri də deportasiya olunurdu. Əsasən, İrəvan şəhərində təhsil müəssisələri, tələbələr, professorlar çox idi. Bu formada İrəvanı azərbaycanlılardan təmizləyirdilər. Hətta küçədə iki azərbaycanlı Azərbaycan dilində danışanda ermənilər özlərindən çıxırdılar.

1953-cü ildən sonra nisbətən sakitlik mərhələsi oldu. Amma bu, sadəcə, kənardan elə görünürdü. Deportasiya isə başqa formada davam edirdi. Gənc nəsil ölkəni tərk etməyə başlamışdı. Orta ixtisas təhsili müəssisələri yox idi. Gənclik məcbur qalırdı təhsil almaq üçün ölkədən çıxsın. Ölkəni tərk edən azərbaycanlıların isə Ermənistana yenidən qayıtmaları mümkün deyildi. “Sakit”, “mədəni” yol ilə azərbaycanlıları ölkədən çıxarırdılar. Düşünün ki, azərbaycanlılar doğulduqları yerə qayıda bilmirdilər. Ziyalı azərbaycanlıların geri dönüşünü əngəlləməklə əhalini arxasınca apara biləcək liderlərin qarşısını aldılar. Yerdə qalan əhali isə təsərrüfat sahəsində çalışan zəhmətkeşlər idi. 1948-88-ci illərdə, yəni 40 il ərzində süni maneələr yaratmaqla deportasiya həyata keçiriblər. Gedəndən sonra qayıtmaq o qədər çətin idi ki, çox az adam buna müqavimət göstərə bilirdi. Nazirliklər arasında yazışmalar olmalı idi. İcazə ya verilərdi, ya verilməzdi. Ona görə də gənc nəslin çoxu geri qayıtmırdı.

– Qayıda bilənlərlə necə davranırdılar?

– Təsəvvür edin ki, xaricə oxumağa gedən azərbaycanlılardan ata yurduna qayıdan bir qrup insanı mənəvi cəhətdən alçaldırdılar. Ziyalı, ağıllı kadrlar olsalar da, onları bisavad işçilərin əlinin altında çalışdırırdılar. Onları sıxıntı içərisində yaşadırdılar. Amma Qərbi azərbaycanlılar çox iradəli və mübarizəni sevən adamlardır. Biz mübariz olmasaydıq, təhsilini başa vurduqdan sonra Ermənistana geri qayıdan üç minə qədər azərbaycanlı orada yaşaya bilməzdi.

– Dediniz ki, Qafan təsadüfi seçilməmişdi. Bəs niyə məhz Qafan?

– 1918-ci ildə erməni faşizminin nümayəndəsi olan Qaregin Njdenin dəstəsi Zəngəzur bölməsində vəhşiliklər törədib. Ona qədər həmin ərazilərdə 118 azərbaycanlı kəndi, cəmi 22 erməni kəndi olub. Onlar da o vaxt Osmanlı imperiyasının və İranın bir sıra ərazilərindən buraya köçürülən ermənilər idi. Qərbi Azərbaycan sırf azərbaycanlıların yaşadığı yerlər olub. 1918-ci ildən 1988-cı ilə qədər vəziyyəti necə dəyişdirdilərsə, 36 azərbaycanlı kəndi qaldı. Digər kəndlərimizin camaatı ya aşkar deportasiyaya məruz qaldı, ya da ayrı-ayrı vaxtlarda “mədəni” təzyiq nəticəsində köçürüldü. Qohum-əqrəbası çox olanları, vəzifədə yaxını olanları hansısa yolla cinayət məsuliyyətinə cəlb edirdilər. Cinayət işi açılırdı və o, ən yaxşı halda qaçırdı. Qohumları da məcbur olurdular ki, onun arxasınca kəndi tərk etsinlər.

Məsələn, 1937-ci il hadisələrinə baxsaq, kəndlərdə azərbaycanlılar daha çox repressiyaya məruz qalırdılar, nəinki ermənilər. Ermənilər bu gün o siyahıları gizlədirlər, ortaya çıxarmırlar. Çünki azərbaycanlıların adlarını saxtalaşdırıb özlərinə statistika düzəldiblər. Ermənilərin ortaya qoyacaqları istənilən statistikada onların məkrli planları özünü göstərir.

Qafan Zəngəzur mahalının dörd rayonundan biri olub. Qafanın bir tərəfdən Naxçıvanla, bir tərəfdən Azərbaycanın digər rayonları ilə, aşağıda Mehri rayonunun İranla sərhəd hissəsinə yaxın olması ermənilərin diqqətini çəkirdi. Bu mənada Qafan çox strateji nöqtədə yerləşirdi. Görünür ki, 1921-ci ildə Zəngəzur mahalının ermənilərə verilməsi o məkrli siyasəti həyata keçirən dairələrin – Rusiya, Fransa, Ermənistanın planı olub. Bu gün baş verən hadisələri analiz edəndə görürük ki, 100 il əvvəl belə, türk dünyasının nümayəndələrini bir-birindən ayırmaq onların əsas ideologiyası olub. Xəritəyə baxsaq, bu məkrli məqsəd üçün ən əlverişli nöqtənin Zəngəzur bölgəsi olduğunu görərik. İkinci addım – bu əlaqəni qırdıqdan sonra Ermənistanın birbaşa İrana çıxışının olması idi. O yolun üstündə azərbaycanlıların olmaması onların işini daha da asanlaşdırırdı.

Mən düşünürəm ki, o vaxtdan əsası qoyulan və az-çox həyata keçirilməsi cəhdlər edilən bu plan hazırda da bizə maneçilik törədir. Ona görə də bu köç, təzyiqlər Qafan üzərində daha çox dərinləşib.

– Nəhayət, o məkrli planın bir hissəsi olaraq, 1988-ci il 25 yanvar tarixində Qafandan azərbaycanlıların kütləvi çıxarılması prosesi baş tutdu…

– Bu, on nəfər erməni gəldi, beş nəfər azərbaycanlını döydü, təzyiq göstərdi və kəndlərdən çıxardı məsələsi deyil. Niyə? Çünki Qafan hadisələri özü də ermənilərin azərbaycanlılara qarşı kütləvi deportasiyasının hazırlıq mərhələsi idi. Bu, sıradan döyüş olmadı. Bir neçə ay sonra azərbaycanlılar Ermənistandan tamamilə deportasiya edildilər. Özü də 220 azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi ilə baş tutan deportasiyada müasir erməni vəhşiliyin izləri var idi. Köhnə, ata-babalarından qalmış erməni vəhşiliyinin bir qədər müasir variantlarına əl ataraq azərbaycanlıları öz yurd-yuvalarından çıxartdılar. Qafan hadisələri buna hazırlıq idi.

1983-cü ildə baş verən Zəngibasar hadisəsi isə Qafandakı zorakılıqlara hazırlıq idi. 1983-cü ilin 24 aprel  tarixində Zəngibasar bölgəsində toy məclisi olub. Bu məclisdə bir erməni qonşusu olan azərbaycanlının toyunda oynayıb. Bu isə digər erməniləri qıcıqlandırıb, onlar bu səbəbdən çox böyük dava salıblar. Zəngibasar camaatı o vaxt ciddi etiraz etdi. Bu hadisə bütün ittifaqa yayıldı. Bəziləri onu adi dava kimi sayır və keçirlər. Amma diqqətlə analiz etdikdə bunun da öz səbəbi olduğunu görmək olar.

Baxın, 1984-cü ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində qərar qəbul olundu. Qərara əsasən, azsaylı xalqlara qarşı olan təzyiqlərin olduğu nəzərə alınaraq, onlar üçün yerlər ayırdılar. Bu, Ermənistanda monoetnik şərait yaradılması üçün fürsət idi. Amma azərbaycanlılara da vəzifə verilməli idi, bunun üçün kvotalar ayrılmışdı. Azərbaycanlıların isə artım məsələsi bütün bu çətinliklərə baxmayaraq, ermənilərdən on dəfə çox idi. Bu qədər deportasiyanın, təzyiqlərin, mənəvi işgəncələrin qarşılığında azərbaycanlıların artımı çox idi və bunu qeydiyyata alanlar isə ermənilər idi.

Təsəvvür edin, Qərbi Azərbaycan İcması olaraq biz deportasiya olunanların siyahısını tuturduq. Zəngibasar camaatının siyahısını mən hazırlayırdım və gördüm ki, oradan çıxan azərbaycanlı ailələrin, adamların sayı daha çoxdur. Məsələn, aydınlaşdırdıq ki, o vaxt bir azərbaycanlı ailəsində səkkiz, on iki nəfər üzv olurdusa, o kəndlərə yerləşən erməni ailələrinin üzvlərinin sayı iki-üç nəfər olurdu. Bu, danılmaz faktdır. O dövrdə deyirdilər ki, orada 2 milyon 700 min nəfər erməni var, amma bu, tam yalandır. Bu, təsdiqini tapmayan bir iddiadır. Siyahıyaalmanı aparan ermənilər də vəziyyəti bildiklərindən azərbaycanlıların çoxunu ermənilərin siyahısına yazırdılar. Ermənistan tərəfi gəlsin, bu gün həmin illərin statistikasını ictimailəşdirsin. Azərbaycanlılar özləri bilirlər ki, onların kəndində neçə azərbaycanlı, neçə erməni yaşayıb.

Zəngibasar hadisələri zamanında SSRİ rəhbərliyi başa düşürdü ki, milli münasibətlərin gərginləşməsi ölkəni dağıdacaq. 1988-90-cı illərdə bu yolu gedən ermənilər və onları buna təhrik edən havadarları SSRİ-nin dağılmasına nail ola bildilər. Düzdür, bir tərəfdən, sevinirik ki, müstəqil respublika olmuşuq, amma itkilərimizə baxın. Biri var, müstəqillik uğrunda döyüşüb, itki verib, suverenlik əldə edirsən, biri də var, səni günahsız olduğun halda öldürürlər və ölkə müstəqil olur. Qərbi Azərbaycanda ərazinin 25 faizində, yəni dörddəbir hissəsində azərbaycanlılar yaşayırdılar. Onların statistikasına görə isə, əhalinin 10 faizə yaxını azərbaycanlılar idi.

– Bəs bütün bunların fonunda 1984-cü ildə SovİKP MK-nın çıxardığı azsaylı xalqlarla bağlı qərarın icrası necə oldu?

– Qərarla azərbaycanlılara vəzifə verilməli, onlar müvafiq ərazilərə köçürülməli idilər. Harada? Məsələn, polis idarəsində çalışan bir nəfər belə azərbaycanlı yox idi. Bircə Amasiya rayonunda əhalinin 90 faizindən çoxu azərbaycanlılar idi deyə polis idarəsində, təhsil şöbəsində çalışan soydaşlarımız var idi. Ancaq Zəngibasar rayonunda statistikaya edilən müdaxilə ilə azərbaycanlıların sayı az göstərildiyi üçün qərarın icrası pozuldu. Biz bunu apardığımız araşdırma nəticəsində müəyyən etmişik. Qərarın icrası pozulubsa, deməli, bunun da bir məqsədi olub.

Həmin qərar Ermənistanı ciddi narahat edirdi. Çünki Ermənistanın yaradılmasından tutmuş bu günə qədər orada başqa xalqların yaşamaması üçün məkrli siyasət həyata keçirilib. Belə bir yaramaz siyasətlə məşğul olan dövlət başqa bir xalqın nümayəndələrinə yer verərmi? Onlar üçün azərbaycanlıların kökünün bu torpaqlardan birdəfəlik kəsilməsi prioritet məsələ olmuşdu.

1987-ci ilin noyabrından başlayaraq Qafan camaatına verilən zülmlər, əziyyətlər barədə mətbuatda dəfələrlə materiallar gedib. Gecə ilə yola çıxıblar, evlərini tərk ediblər. Soyuqda, boranda evlərindən qaçanlar arasında yolda dünyaya gələn uşaqlar var. Biz bu gün o uşaqları tanıyırıq.

– Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın rahat həyat yaşadığı dövrlər hansı illərə təsadüf edib?

– 1970-ci illər və 1980-ci ilin ortaları Qərbi azərbaycanlıların nisbətən rahat yaşadıqları illər olub. Həmin vaxt azərbaycanlıların bütün istiqamətlər üzrə inkişaf dövrü olub. Ədalətli olan insanların hamısı bilir ki, bu rahatlıq məhz ulu öndər Heydər Əliyevin hesabına başa gəlib. Heydər Əliyevə qədər olan dövrdə Qərbi azərbaycanlıların başlarına açılan oyunları sizə danışdım.

Ulu öndərin dövründə Azərbaycan barədə yeni məlumatlar ictimailəşdirilirdi – yeni zavodların açılması, kənd təsərrüfatı sahəsində irəliləyişlər. Bu proseslər ermənilərin canında bir qorxu yaratmışdı. Onlar başa düşürdülər ki, Heydər Əliyev elə-belə adam deyil. Bu proseslərdən sonra azərbaycanlılara qarşı olan münasibət yaxşıya doğru dəyişmişdi. Təsəvvür edin, İrəvanda biz Azərbaycan dilində danışırdıq, ermənilər əvvəl özlərindən çıxırdılarsa, həmin ərəfələrdə eşitməzliyə vururdular. Çünki bilirdilər ki, əllərindən heç nə gəlməyəcək. Bu, hərbi xidmətdə də hiss olunurdu. Heydər Əliyev digər ölkələrin rəhbərləri ilə elə dil tapmışdı ki, onlar istəsələr belə, o yaramazlıqları edə bilmirdilər.

1985-ci ildə Hadrut rayonunda daşnak tör-töküntüləri bir gizli təşkilat yaratdılar. O vaxt müsahibələrinin birində H.Əliyev özü də deyirdi ki, Qarabağda muxtar vilayətin yaradılması bu ölkənin altına qoyulmuş bomba idi. Hətta sizə bir fakt da deyim, bunu mənə rəhmətlik atam danışırdı. O deyirdi ki, Lalayan soyadlı bir erməni ilə birlikdə təhsil şöbəsində çalışırdı. Lalayan özü açıq etiraf edirdi ki, ovaxtkı komsomol komitəsində vəzifəli şəxs olub. Bir gecənin içərisində (1969-cu ilin sonu-1970-ci ilin əvvəlində) Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırmaq istəyirdilər. Lakin elə həmin söhbət olan gecə Heydər Əliyev məsələni diplomatik yolla həll etdi. Bu gün bu xırda məqamları başa düşməyənlər var. Amma hər kəs bilməlidir ki, Heydər Əliyev hələ o dövrdə ciddi məsələlərin qarşısını almaqla bu gün bizi necə dərin problemlərdən qoruyub. Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə bu söhbət açılmayıb.

– Növbəti dəfə, yəqin ki, Qorbaçovun hakimiyyətə gəlməsindən sonra bu mövzu gündəmə gəlib, eləmi?

– Bəli, 1985-ci ildə artıq Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra bu məsələ yenidən başladı. Hadrutda yenidən gizli təşkilat yaradıldı və 250-yə yaxın imza toplandı. Qorbaçovun müşaviri və yaxınlığındakı vəzifələrdə də ermənilər idilər. 1985-ci ildə Heydər Əliyev onların qarşısını ikinci dəfə almağa müvəffəq ola bildi. Onlar yenə istəklərinə çata bilmədilər.

1987-ci ilin oktyabr ayında Abel Aqambekyan (Qorbaçovun iqtisadiyyat üzrə müşaviri – red.) Fransanın “Humanity” qəzetinə müsahibə verdi. O müsahibədə belə bir cümlə işlətdi: “Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi baxımından, iqtisadiyyat baxımından Ermənistana daha çox bağlıdır”. Bu müsahibədən bir ay sonra, yəni həmin ilin noyabrında Heydər Əliyev Qorbaçov tərəfindən istefaya göndərildi. Bundan sonra ermənilərin qarşısı açıldı. Onlar hiss edirdilər ki, Qorbaçov Heydər Əliyevin paxıllığını çəkir. Qorbaçovun köməkçiləri Georgi Şahnazarov, A.Aqanbekyan, onlardan başqa, SSRİ Nazirlər Kabinetində işləyən Stepan Sitaryan öz cəbhələrində ulu öndərə qarşı ayrı-ayrı şikayətlər yazır, nüfuzunu qaralamağa çalışırdılar. Dünya ermənilərinin həyata keçirmək istədikləri bir çox vəhşiliklərin qarşısını o vaxt Heydər Əliyev alıb və bu, danılmaz faktdır.

– Danışdıqlarınızdan bu qənaətə gəlmək olarmı ki, Qafan hadisələri dövlət səviyyəsində hazırlanan plan idi?

– Bu, 200 il bundan öncə hazırlanmış, müxtəlif dövlətlər tərəfindən redaktə olunub, öz xeyirlərinə dəyişdirilərək həyata keçirilən siyasətin bir parçası idi. Hətta sonradan ermənilər tərəfindən qəsdən hazırlandığı sübuta yetirilən Sumqayıt hadisələri ermənilərin Qafanda başladığı mərhələni ört-basdır etməyə hesablanmışdı. Onlar Sumqayıt hadisələrini qabartmaqla Qafanda kütləvi köçü kölgədə qoymağa çalışırdılar.

– Qərbi azərbaycanlılar arasında yurdunu ən son tərk edən Nüvədi camaatı olub. Hətta bu barədə tarix kitablarında da qeydlər var. Nüvədi də kifayət qədər önəmli coğrafi mövqedə yerləşirdi, elə deyilmi?

– Gerçəkdən, Nüvədi camaatı 1991-ci ilə qədər çox mərd, möhkəm mübarizə sərgilədi və təzyiqlərə davam gətirərək kənddən çıxmadı. Bunun iki səbəbi var: birincisi, onların döyüşkən, mübariz insanlar olması, ikincisi isə coğrafi məsələ. Əlbəttə, Qərbi azərbaycanlıların hamısı mərd, döyüşkən olub, amma nüvədililər bir qədər seçiliblər, bunu etiraf etmək lazımdır. Nüvədi Zəngilan rayonuna, Naxçıvana yaxın olub. SSRİ-nin vaxtında Ermənistanın ən ucqar rayonunda yerləşib. Hər iki tərəfdən Azərbaycana yaxın olmaları nüvədililərin yurd-yuvaları uğrunda mübarizələrinə bir qədər dəstək idi.

Bəzən bu məsələni fərqli təqdim edirlər və elə görünür ki, sanki Nüvədi camaatı 1991-ci ilə qədər mübarizə aparıb, amma başqa rayonların camaatı yox. Bu, ədalətli deyil. Amma onu da deyim ki, qərbində Eçmiədzin, şimalında İrəvan şəhəri, şərqində Qəmərli, cənubunda da Araz çayı, Türkiyə ilə sərhəddə yerləşən Zəngibasar camaatı səkkiz-doqquz ay ərzində ermənilərin təzyiqlərinə qarşı mübarizə aparıb. Bu da asan deyil axı. Amma heç bu camaata qəhrəman deyən yoxdur. Niyə? Onların dörd tərəfdən çıxışı bağlı idi, kənd təsərrüfatı mallarını sata bilmir, ailəni dolandıra bilmirdilər, yenə də mübarizə aparırdılar. Bizim beş kəndimizə silahlı basqın olub. SSRİ dövründə silah saxlamaq qadağan idi, amma camaatımız erməni silahlılarının hücumuna məruz qalırdı. Daha sonra SSRİ-nin yerli nümayəndələri evlərdə gizli silah saxlanıldığını əsas gətirərək kəndləri gəzib azərbaycanlıların evlərində axtarış apardılar. Yəni özümüzü müdafiə etmək haqqımızı da əlimizdən almışdılar. Amma ucqar nöqtədə yerləşən bir kəndin camaatını qəhrəman adlandırıb, digərlərini kölgədə qoymaq olmaz. Bütün Qərbi azərbaycanlılar bilirlər ki, o bölgənin ən strateji və təhlükəli ərazisi Zəngibasar olub.

Amasiya da təhlükəli yerdə idi. Onların da çıxacaq yeri yox idi. Bir tərəfi kürdlər idi, daşnak yuvası, Aşağı Talin zonası – hamısı ermənilər idi. Amasiyalıların canını zəlzələ xilas elədi. Allahın rəhmi gəldi, yeraltı təkan oldu, yoxsa Amasiyadan bir nəfər belə, sağ çıxa bilməzdi. Bütün bu təzyiqlərə rəğmən, Qərbi azərbaycanlılar birlik, bərabərlik nümayiş etdirdilər və bu gün də həmin birliyi qoruyub-saxlayırıq.

– Türkmənçay müqaviləsi hər kəsə bəllidir. Necə düşünürsünüz, müqavilədə, sizə görə, cavabsız qalan suallar varmı?

Türkmənçay müqaviləsi ilə bağlı bir çox tarixçilərə sual ünvanlasam da, dolğun cavab verən olmayıb. Rusiya imperiyası İrəvan xanlığını 1827-ci ildə özünə birləşdirib. Bir il sonra, 1828-ci ildə İran və Rusiya arasında Türkmənçay sülh müqaviləsi imzalanıb. Mən o müqaviləni başdan-sona oxumuşam, orada sülhdən söhbət getmir. Xəcalətverici bir neçə məqam var, onlardan biri də İran tərəfinə aid maddədir. Orada İran tərəfi xahiş edir ki, hazırkı hökmdardan sonra hakimiyyətə gələcək şəxs – oğlu tanınsın. Çünki son dövrlər istisna olmaqla İran ərazisini tarix boyu türklər idarə ediblər. Rusiya 1829-cu ildən İrəvan, Gəncə, Qarabağ xanlıqlarının ərazisinə erməniləri köçürməyə başladı. İlk köçürülmə zamanı Rusiya oranı 1829-cu ildə Erməni vilayəti adlandırdı. Amma ruslar özləri də ermənilərin əsl üzünü gördükdən sonra 1841-ci ildə həmin Erməni vilayəti adını ləğv edib İrəvan vilayəti adlandırdılar. Yəni onların nə qədər etibarsız olduqlarını anlayıb, vilayəti millətin adı ilə yox, ərazinin adı ilə eyniləşdirdilər. Bu özü də çox maraqlı məqamdır, elə-belə hadisə deyil. Həmçinin, 1829-cu ildən 1905-ci ilə qədər Qərbi Azərbaycan bölgəsində azərbaycanlıların ciddi surətdə köçürülməsi olmayıb.

1921-ci ilin ortalarında Zəngəzurun Ermənistana birləşdirilməsi başa çatdı. Məqsəd isə sırf bizim türk dünyası ilə əlaqələrimizin kəsilməsi idi. Niyə məhz Zəngəzur ermənilərə verildi? Niyə bu hadisə 1829-cu ildən 1921-ci ilə qədər baş vermədi? Elə ki 1918-ci ildə Osmanlı imperiyası bizi müdafiə etməyə başladı, o zaman Zəngəzur məsələsi aktuallaşdı. Zəngəzuru ermənilərə verdilər ki, əlaqələr qopsun.

– Siz özünüz sonuncu dəfə Qərbi Azərbaycanda nə vaxt olmusunuz?

– Mən özüm son illərdə, münaqişənin ən qızğın vaxtlarında iki dəfə orada olmuşam. Sumqayıt hadisələrindən bir həftə sonra idi. Qatarla gedirdik, vaqonda cəmi dörd-beş nəfər azərbaycanlı var idisə, biri də mən idim. İkinci dəfə isə azərbaycanlıların kütləvi köçürülməsi ərəfəsində getmişəm. Onda da ölümü canımda hiss elədim. Zəngibasardan İcevan rayonuna qədər ərazidə ermənilər sıx məskunlaşdırılmışdılar. İrəvandan keçmək isə dəhşət idi.

– Ölkə başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüşdü. Prezident vurğulamışdı ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları azərbaycanmənşəlidir. İstərdim, bir qədər bu görüş barədə danışaq.

– Ölkə başçısı bütün danışıqlarda Qərbi Azərbaycan məsələsini qaldırır. Bəzən bu məsələni “köhnəlmiş” adlandırsalar da, Prezident İlham Əliyevin bu məsələdə çox gözəl arqumentləri var. Artıq BMT-yə üzv olan ölkələrin hər birinin məlumatı var ki, Qərbi Azərbaycandan 300 minə yaxın azərbaycanlı deportasiya olunub. Onlara dəyən ziyan hesablanır. Məcburi köçkün olaraq onlara dəyən mənəvi zərər də nəzərə alınmalıdır. Biz bu məsələlərə dair Qərbi Azərbaycan İcması olaraq bəyanatlarımızı veririk. Biz çalışırıq ki, güclü olaq. Vətənimiz güclüdür, daha da güclü olması üçün əlimizdən gələni etməliyik.

O torpaqlarda yaşamaq bizim haqqımızdır. İlham Əliyevin çox gözəl sözü var: “Vacib deyil ki, biz harasa tankla gedək, ona da gücümüz var. Amma biz beynəlxalq hüququ tanıyan və ona hörmət edən xalqıq”. Bu gün Qərbi Azərbaycan İcması ölkə başçısının tapşırıqlarına uyğun fəaliyyət göstərir, zəruri olan bəyanatları yayır. Biz öz səsimizi dünyaya çatdırmaq üçün əlimizdən gələni edirik.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir