Cəmiyyət

“Azərbaycanın Qərbin planlarını puç etməsi Jozep Borreli qıcıqlandırır” – RƏY + FOTO

Sharing is caring!


“Azərbaycanın Qərbin planlarını puç etməsi Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borreli qıcıqlandırır”.

Bu fikirləri “Report”a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

O qeyd edib ki, C.Borrel ispaniyalı siyasətçidir, vaxtilə Kataloniya separatizmi gündəmə gələndə Borrel də separatçı rejimə qarşı çıxış edib:

“Maraqlıdır, nə baş verdi ki, Jozep Borrel birdən-birə öz mövqeyini dəyişdi, Azərbaycana qarşı iddialara başladı, bizim erməni separatizmi ilə mübarizəmizə əsassız reaksiya verdi? Borrelin səsləndirdiyi fikirlərdən onun separatizmi dəstəklədiyi ortaya çıxır. O, Aİ Komissiyasının vitse-prezidentidir. Belə bir siyasətçinin fikirləri artıq ikili standart yox, sadəcə, siyasi ikiüzlülükdür. Borrel, təbii ki, bütün məsələləri həll edən şəxs deyil. Amma reallıq odur ki, Avropa İttifaqı, Avropa Şurası ilə münasibətlərə Borrel kimi şəxslərin belə addımları təsir edir, bu isə əlaqələrin gərgin fazaya keçməsinə gətirib çıxarır”.

Politoloq vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, məhz Avropa Şurasının üzvüdür:

“Qurumun Parlament Assambleyasında bizə qarşı sanksiyaların tətbiqi haqqında çağırışlar səslənir, nümayəndə heyətimizin səlahiyyətləri məhdudlaşdırılır və s. Deməli, Qərb ölkələrinin bizim qələbəmizdən sonra fəallaşması ona işarə edir ki, gözlənilməz durumla üz-üzə qalıblar. Avropalı siyasətçilər düşünürdülər ki, Azərbaycan hələ bir neçə onillik ərzində Ermənistanla danışıqlar aparmalıdır, buna davam etməlidir. Hətta, bəlkə də, gözləyirdilər ki, Ermənistana və Qarabağa hansısa status veriləcək. Azərbaycanın bütün bu gözləntiləri puç etməsi Qərbi, şəxsən Jozep Borreli qıcıqlandırır”.

F.Sadıxovun sözlərinə görə, Qərb həmişə erməniləri dəstəkləyirdi, sadəcə olaraq, bunu gizli etməyə çalışırdı.

“İndi isə bütün bunları açıq şəkildə edirlər. Çünki torpaqlarımızı azad edəndə, suverenliyimizi bərpa edəndə biz onlar üçün böyük bir qorxu yaratdıq. Azərbaycan-Türkiyə tandemi, Cənubi Qafqazda belə bir qüvvənin mövcudluğu, görünür, Qərbin planlarına daxil deyildi. Amma biz artıq öz məqsədlərimizə nail olmuşuq. Avropalı siyasətçilər istədikləri qədər öz qətnamələrini qəbul etsinlər, bunların bizə heç bir təsiri olmayacaq”, – politoloq əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir