Cəmiyyət

Peşəkar təlimçi: “Proqrama baxdığın andakı boşluq ömrünün sonunadək dolmaya bilər” – MÜSAHİBƏ + FOTO/VİDEO

Sharing is caring!


“Avtobus sürücüləri qayda pozurlarsa, onlar haqqında verilən qərar qəti şəkildə iki cavabdan biri olmalıdır: ya “hə”, ya “yox”. Üçüncü variant yoxdur, olmamalıdır”.

Bunu Oxu.Az-a müsahibəsində ekstremal şəraitdə sürücülük təlimləri keçən Rəşad Əliyev deyib.

Təcrübəli və peşəkar təlim ustası sürücülər üçün faydalı olacaq bir çox maraqlı məqamlara toxunub. Müsahibəni təqdim edirik:

– Öncə qısaca sizi tanıyaq – ixtisasınız nədir, təlimçi olmazdan əvvəl hansı işlə məşğul olmusunuz?

– Əsas ixtisasım müəllimdir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Həm idman müəllimiyəm, həm də voleybol üzrə hakim.

– Neçənci ildən sükan arxasındasınız?

– 2003-cü ildən.

– Sürücülük təlimçisi olmaq fikri necə yarandı?

– Açığı, 2014-cü ilin noyabrında Avstriyanın Lebrinq şəhərinə müsahibəyə dəvət alanda nə mən, nə həmkarlarım necə işləyəcəyimiz barədə heç nə bilmirdik. Biz oraya həm yük, həm avtobus, həm minik avtomobilləri üzrə təlimçi kimi oxumağa getmişdik. O vaxta kimi isə altı aylıq bir seçim turundan keçməli olmuşduq. Bizə deyilmişdi ki, “göndərəcəyik oxumağa və qayıtdıqdan sonra burada “BakuBus”da işləyəcəksiniz”. Onda heç “BakuBus”ın nə olduğunu da tam bilmirdik, müəyyən təsəvvürümüz vardı ki, nəsə avtobus şirkətidir. Amma orada nə iş görəcəyimizi bilmirdik. Qeyd edim ki, seçim turlarına 100 nəfərdən çox adam seçilmişdi və ələnə-ələnə sona cəmi səkkiz nəfər qaldıq.  

– Başqa hansı xarici ölkədə təlim keçmisiniz?

– Çində təlimlərdə olmuşam.

– Təlimçi işlədiyiniz müddətdə hansı qurumların əməkdaşlarına ekstremal şəraitdə avtomobil idarə etməyi öyrətmisiniz?
 

– Biri dövlət qurumu olduğu üçün onun adını çəkə bilməyəcəyəm, digərləri, əsasən, “BakuBus”, “Xaliq Faiqoğlu” və digər avtobus daşıyıcılarının sürücülərinə, bir çox şirkətlər var ki, onların sürücülərinə və müraciət edən fiziki şəxslərə təlim keçmişəm.

– Bu günlərdə sərnişindaşıma şirkətinə məxsus avtobusun qarlı havada qarajda drift etməsi gündəm oldu. Sosial şəbəkələrdə bəziləri sürücünün peşəkarlığını alqışladılar, bəziləri də təhlükəsizlik qaydalarının pozulduğunu əsas gətirərək ciddi tənqid etdilər. Peşəkar təlimçi olaraq siz nə deyirsiniz – bu, bacarıqdır, yoxsa?…

– Əslində, daxili qarajın içində, digər nəqliyyat vasitələrinin arasında avtobusla bu cür manevr etmək qətiyyən yolverilməzdir. Orada ətrafda sıra ilə düzülmüş avtobuslardan başqa, insanlar da var və onlar heç bilmirlər ki, belə vəziyyətdə onları nə gözləyə bilər. Həmin hərəkəti edən sürücü də necə ağır hadisəyə səbəb ola biləcəyini düşünmür. Adamlara dəyə bilər, avtobuslara çırpıla bilər və s. Bu, drift yox, təhlükəli manevrdir. Drift özlüyündə bir idman növüdür, onunla məşğul olmaq üçün insanlar illərlə təcrübə yığırlar, məşq edirlər. Üstəlik, drift harada gəldi edilmir. Bunun üçün təhlükəsiz ərazi mütləqdir.

– Səlahiyyət sahibi olsaydınız, bu sürücü barədə qərarınız nə olardı – işdən azad etmək, yoxsa bacarığını mükafatlandırmaq?

– Əlbəttə ki, birinci variant. Ola bilər, bu qərar kiməsə bir az qəddar görünsün, amma təhlükəsizlik hər zaman, hər yerdə, hər şeydən öndə olmalıdır. Həm özünün, həm ətrafın təhlükəsizliyi ilə zarafat etmək bağışlanmaz nəticələrə səbəb ola bilər. Avstriyada oxuduğum akademiyada da bizi belə öyrədiblər – belə məsələlərdə qəti şəkildə iki cavabdan biri olmalıdır: ya “hə”, ya “yox”. Üçüncü – “ola bilər” və ya hər hansı başqa bir variant söhbəti yoxdur, olmamalıdır.

– Bəzən olur ki, hər hansı bir xətdə sərnişin avtobusunun sürücüsü qayda pozması səbəbindən işdən uzaqlaşdırılır, amma az sonra başqa xətdə həmin sürücüyə rast gəlinir. Bu məsələyə baxışınız maraqlı olar.

– Avstriyada belə bir qayda var: minik avtomobilinin sürücüsü hər hansı bir qayda pozuntusu – istər kobud, istər yüngül – edərsə, müvəqqəti olaraq onun sürücülük vəsiqəsinə xitam verilir. Əgər o, icazəsiz sükan arxasına otursa və yol polisi saxlasa, avtomobili cərimə meydançasına gedir və sürücülük vəsiqəsi ləğv olunur. Sonra həmin sürücünü öz hesabına göndərirlər sürücülük kursuna. Yenidən təhlükəsiz sürüş qaydalarını öyrənir və təlimlərə gedir. Təlimləri keçəndən sonra onun sürücülük vəsiqəsi etibarlı olur. Əgər eyni sürücü növbəti dəfə hər hansı qayda pozuntusu edərsə, onda sürücülük vəsiqəsinə tamamilə xitam verilir. 

Avtobus sürücülərinə gəldikdə isə onlara cəmi bir dəfə işə girmək üçün şans verilir. İşlədiyi müddətdə qayda pozarsa, ikinci şansı yoxdur. Elə bizim özümüzdə də bəzi şirkətlər var, məsələn, neft şirkətləri ki, onlarda da qayda belədir – sürücünün səhv etmək şansı yoxdur. Mən “BakuBus”da işlədiyim zaman da belə idi. Sürücü işdən çıxarıldıqda onun əmək kitabçasına hansı səbəbdən çıxarıldığı – qayda pozub, sükan arxasında siqaret çəkib, içkili vəziyyətdə sükan arxasında oturub və s. – mütləq qeyd olunurdu. Bu halda digər şirkət həmin sürücünü işə qəbul edərkən, eyni zamanda, hansı məsuliyyəti üzərinə götürdüyünü, yəqin ki, ölçüb-biçir. “BakuBus”da isə birmənalı qayda belə idi – sürücü işdən çıxırsa, bir daha geri qayıda bilməyəcək.

– Bizdə xanımlardan avtobus sürücüsü olmaq üçün təlimlərə qatılan olubmu?

– Bəli, olub. Bir dəfə bir xanım gəlmişdi, avtobus sürücüsü olmaq istəyirdi. Yaxşı da qavrayırdı. Hətta rəhbərlik də bu məsələni çox isti qarşıladı. Xanım dörd dərs gəldi, sonra “D” kateqoriyası almaq üçün imtahana getdi, keçə bilmədi. Əsəbiləşdi və daha gəlmədi.

– Xanımlarımızın avtobus sürücüsü olmamasının səbəbi mental yanaşma ola bilərmi?

– Məncə, əsas – motivasiya məsələsidir. Mental yanaşma da müəyyən faiz ola bilər, sadəcə, dərk etməliyik ki, əgər insanda bu istək, bu arzu varsa, onu öldürmək olmaz. Niyə də yox? Başlayaq bundan. Mən sizə bir söz deyim, şirkətdə sürücülər eşidəndə ki təlimlərə xanım sürücü də qatılır və sonda onlar kimi xətdə işləyəcək, sevinirdilər, o mənada ki, bu da bizim bir bacımız, xəttə çıxandan sonra hansısa köməklik lazım olsa, dəstək olmağa hazır idilər. Avropada, məsələn, bu fərqlilik yoxdur. Orada kişi də, qadın da bərabərdir. Bizdə çox yaxşı haldır ki, qadın sürücü yolda qalarsa, onu orada qoyub getməzlər, mütləq kömək etməyə çalışarlar. Avropada isə belə şey yoxdur.

– Marşrut avtobusu sürücülərinə təlim keçdiyiniz müddətdə gəldiyiniz qənaət maraqlıdır: hansı yaş qrupu ilə işləmək daha asandır?

–  Hesab edirəm, yaşın heç bir fərqi yoxdur. Əsas – qavrama, bacarıq, arzu və həvəsdir. Səkkiz illik təcrübəmdə elə cavan sürücü olub ki, bir çox yaşlı və təcrübəli sürücülərdən daha yaxşı öyrənib və yaxud da əksinə.

– Ümumiləşdirəsi olsaq, bu gün sürücülərimizdə nə çatmır?

– Birinci növbədə – savad. Sürücülərimizin bir çoxunun oxumaqla arası yoxdur. Sürət həddini düzgün nizamlamırlar, təhlükəsizlik kəmərini bir çoxları nəinki bağlamır, düzgün istifadə qaydalarını belə bilmirlər. Məsələn, bizdə sürücülər nə öndə, nə arxada oturan sərnişinlərdən kəmər bağlamalarını tələb etmirlər. Təhlükəsizlik kəməri bəzək üçün deyil, avtomobilə oturanda hər bir sərnişinin bağlaması üçündür. Əgər avtomobildə beş təhlükəsizlik kəməri qoyulubsa, demək ki, əyləşənlərin beşi də onu bağlamalıdır. Yalnız sürücünün kəmər taxması ilə məsələ bitməməlidir. Bundan əlavə, əgər arxa oturacaqda üç nəfər otura bilərsə, oraya dörd, yaxud beş nəfər mindirib yol gedirlər. Ön oturacaqda, sürücünün yanındakı dirsəkaltının üstündə uşaq oturdurlar və ya sükan arxasında qucaqlarında uşaqla şəhərin içində maşın sürürlər, hansı ki, bütün bunlar bəzən həyati təhlükə yarada bilər, amma sürücülərimiz bunu edirlər. Oxuyan, bilən, təhlükəsizliyi düşünən sürücü bunları heç vaxt etməz axı. Bir şeyi deyim – bizə təlim keçəndə bildirirdilər ki, sükan arxasında hətta radioya qulaq asmaq və ya musiqi dinləmək belə, sürücünün fikrini yayındıra bilər. Yanında kimsə oturub sürücü ilə söhbət edirsə, bu da fikri yoldan yayındıra bilər. Bizdə isə əksinədir – sürücülərimiz deyirlər ki, mən uzaq yol gedəndə gərək yanımda kimsə olsun, danışsın, danışan olmayanda və ya tək gedəndə məni yuxu tutur və s. Əgər belədirsə, demək, sürücü yola hazır deyil. Sürücünün diqqəti hərəkət zamanı yalnız yolda olmalıdır.

–  Səkkiz illik təlimçi karyeranızı niyə bitirmək istədiniz?

– Düzü, heç özüm də tam bilmirəm, necə oldu. Belə deyim, təklif gəlmişdi, dəyərləndirdim.

– Sükan arxasında özünüzə qoyduğunuz hər hansı qadağalar varmı, yoxsa hesab edirsiniz ki, istənilən vəziyyətdən çıxmaq sizə problem deyil?

– Var, əlbəttə. Tanıyanlar artıq bilirlər ki, mənim avtomobilimə əyləşirlərsə, təhlükəsizlik kəmərləri mütləq şəkildə bağlanmalıdır, fikrimi yayındıracaq heç nə etmirlər. Sükan arxasında söhbət etmirəm, musiqi dinləmirəm, blutuzla olsa belə, telefonla danışmıram. Yolda olduğum müddətdə kimsə zəng edirsə, avtomobildən düşəcəyim vaxta kimi gözləməlidir, çünki təhlükəsizlik hər şeydən öndə və önəmli olmalıdır. Blutuz vasitəsi ilə danışsan belə, anlamalısan ki, sənin beynin ikinci bir kənar işlə məşğul olacaq – suala cavab verməlisən, nəyisə təsdiqləməli, ya inkar etməlisən və s. Bircə saniyə diqqətin yayınması kiməsə az görünə bilər, amma həmin an hər hansı nişanı görməyə bilərsən, özünü yola atan piyadanı və ya hər hansı maneəni görməyə bilərsən və o saniyədəki boşluq ömrünün axırına kimi dolmaya bilər.

– Bəs naviqasiya proqramları necə, sürücü üçün təhlükə yarada bilirmi?

– Diqqət məsələsində, bəli, yarada bilər. Sürücü bir anlıq, özü üçün nəyisə dəqiqləşdirmək üçün bəzən bütün diqqətini proqrama yönəldir, ya yönəltməli olur, bu da yenə bayaq dediyim məsələ – diqqətin yoldan ayrılması deməkdir. Ümumiyyətlə, sürücü nə olur-olsun, diqqətini yoldan ayırmamağı özünə təlqin etməlidir.

– Sükan arxasında kişilər daha təhlükəsiz və diqqətlidirlər, yoxsa xanımlar?

– Tərəf saxlamadan deyirəm, xanımlar.

– Səbəb?

– Səbəblər çoxdur. Xanım sürücülər həmişə çalışırlar ki, ehtiyatlı olsunlar, yolda aqressiv sürüş nümayiş etdirmirlər, heç kimə özlərini göstərməyə çalışmırlar, yolda hansısa kişi sürücünün parklama edə bilməməsini və ya parklanmada çətinlik çəkdiyini görəndə ona baxıb gülmürlər və s. Kişi sürücülərin əksəriyyətində isə demək olar ki, bütün bu sadaladıqlarımın əksini görürük. Misal kimi, həmin o qarajda təhlükəli manevr edən avtobus sürücüsünü götürək. Sizcə, hansısa qadın avtobus sürücüsü belə bir hərəkət edər? Qətiyyən. Bir faktı da deyim: Avropada tramvay, trolleybus sürücülərinin 70%-i qadınlardır. Bu özü bir siqnaldır. Niyə? Çünki ən ağır və məsuliyyətli nəqliyyat vasitəsi ictimai nəqliyyatdır. Əgər onu xanımlara etibar ediblərsə, bu artıq böyük bir səbəb və nəticədir.

– Avropada harada yaşamısınız?

– Polşada yaşamışam, Almaniyada və Avstriyada işləmişəm. Sonra qayıtmışam Bakıya.

– Bu gün bir çoxları Avropaya üz tutmaqda maraqlıdırlar, siz nə yaxşı geri dönmüsünüz?

– Mən Avropaya işləmək üçün getmişdim. Dəvət etmişdilər yəni. Orada yaşamaq mənlik deyil. Bütün yaxınlarım, doğmalarım burada, mən tək orada? Bəlkə, kiminsə arzusudur, amma bu mənə görə deyil.

– Piyada vurulması məsələsi. Necə edək ki, piyadanı vurmaqdan özümüzü sığortalaya bilək? Məsələn, yolda piyada zolağı, yaxud keçid yoxdur və qəfildən qarşına piyada çıxır. Həmin an qəzadan qaçmağın bir yolu və ya üsulu varmı?

– Piyadadan söhbət gedirsə, ilk məsləhətim odur ki, maksimum rəngli geyinmək lazımdır. Hətta məktəblərdə uşaqlarla təlim keçəndə da deyirəm ki, valideynlərinizə deyin, sizə qara paltar almasınlar. Gödəkçələriniz qırmızı, yaşıl, sarı və ya digər parlaq rənglərdə olsun ki, sürücü sizi görə bilsin. Bizdə insanlar qara üst geyimlərini çox sevirlər. Bu da problem yaradır. Çünki qaranlıq vaxtı qara geyimdə piyadanı görmək mümkün deyil.

Sürücülərimizin maneədən yayınması, piyada vurmaması üçün isə birinci şərt yenə də bütün diqqətinin yolda olmasıdır. Diqqətin yolda olması isə eyni nöqtəyə zillənib qalmaq demək deyil. Bütün ətrafı 120 dərəcə bucaq altında diqqətdə saxlamaq lazımdır ki, hər hansı təhlükə anını önləyə biləsən. Sürücülər avtomobillərinin saz və yola hazır olduğuna əmin olmalıdırlar. Yuxusuz, yorğun və fikirli halda sükan arxasına keçməməlidirlər.

– Son sualım: Niyə Bakı şəhərində bir az qar və yaxud yağış yağan kimi keçilməz tıxaclar yaranır? Sürücülərimiz nəyi düz etmirlər?

– Burada problem yenə də sürücülərin özündədir. Yağıntılı havalarda tıxaca səbəb olan sürücülərin əksəriyyəti ara məsafəsini, görüntünün məhdudlaşdığını nəzərə almırlar, sürəti düzgün seçmirlər. Nəticədə həmin günlər zəncirvari qəzalar daha çox baş verir. Eyni zamanda, yağıntılı havalarda piyadaları xüsusilə nəzərə almaq lazımdır. Çünki yağış-qar yağırsa, piyada dayanıb sənin keçməyini gözləməyə bilər.

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir