Cəmiyyət

Bakının təhlükə saçan liftləri: Kimdir günahkar? – FOTO/VİDEO

Sharing is caring!


Ötən gün Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında binanın lifti qırılıb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan iki nəfər böyük (biri kişi cinsli, biri qadın cinsli olmaqla) və biri uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, bir uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Təhlükəli vəziyyətdə olan liftlər paytaxtın müxtəlif rayonlarında var. Bu cür liftlər daha çox Xətai  rayonu ərazisində yerləşən binalardadır. Xüsusilə General Şıxlinski küçəsi, 1B ünvanında. 

Qeyd edək ki, ölkə üzrə qeydiyyata salınmış 20 minə yaxın lift var. Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyinin tabeliyində isə 5 400 lift var. Hazırda şəhərdə 2 400-dən çox liftin dəyişdirilməsinə ehtiyac var.

Bəs bu cür hadisə zamanı günahkar kimdir? Binalardakı liftlərin təhlükəsizliyi necə olmalıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, liftlərin istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunmalıdır:

“Liftlərin texniki göstəriciləri daim saz vəziyyətdə olmalıdır. Onlar harada quraşdırılıbsa, həmin ərazidə təhlükəsiz şəraitdə istismara cavabdeh şəxslər olmalı və daim liftlərin detallarını yoxlamalıdırlar.

Liftin detalı xarab olubsa, bazardan ona oxşarını almaq olmaz. Yalnız standartlara cavab verən sertifikasiyası olan detallardan istifadə edilməlidir.

Liftlər normadan artıq yükləndikdə, quraşdırma zamanı işlər düzgün görülmədikdə, istismar müddəti bitən avadanlıqlar dəyişdirilmədikdə, eləcə də elektrik sistemində nasazlıq yarandıqda qəzalar qaçılmaz olur. Bu problemlər vaxtında həll edilməli, daim texniki xidmət göstərilməlidir. İnsanların həyatını təhlükəyə atmaq olmaz”.

Ekspert bildirib ki, insanlar da liftlərdən istifadə edən zaman qaydalara əməl etməlidirlər:

“Liftin eyni anda bir neçə düyməsini basmaq, hərəkətdə olan zaman tavanına, qapıya toxunmaq olmaz. Liftlər təhlükə potensiallı obyektlər siyahısına aiddir. Liftlərdə də bədbəxt hadisə ilə üzləşməmək üçün təhlükəsizlik qaydalarına mütləq riayət olunmalıdır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir